Today Çərşənbə axşamı, 17th İyun 2025
Birinci 24

Birinci 24

İsraillə İran arasındakı gərginlik Azərbaycan üçün nə vəd edir?

İsraillə İran arasındakı gərginlik Azərbaycan üçün nə vəd edir?

İyunun 13-də İsrailin İrana qarşı həyata keçirdiyi hava zərbələri Yaxın Şərqdə illərdir “buzdağının görünməyən hissəsi” kimi qalan gərginliyi açıq hərbi münaqişəyə çevirdi. Bu addım təkcə Tehran və Təl-Əviv arasında deyil, eyni zamanda bütün region üçün yeni və təhlükəli bir mərhələnin başlanğıcı sayıla bilər.

Bu kontekstdə sual yaranır: bu gərginliyin Azərbaycan üçün mümkün nəticələri nə ola bilər?

Azərbaycan birbaşa münaqişənin tərəfi olmasa da, coğrafi və geosiyasi baxımdan onun təhlükəsizlik, enerji ixracı, diplomatik balans və regional sabitlik kontekstində ciddi təsirlərlə üzləşmək ehtimalı var.

Müharibə Yaxın Şərqdə enerji infrastrukturlarına zərər yetirərsə, Azərbaycanın Avropaya enerji ixracı əhəmiyyətli dərəcədə artacaq. Ancaq bu, həm də logistik risklər, nəqliyyat dəhlizlərinə təhdidlər və kiberhücumlar potensialı deməkdir.

İsrail və İran arasında açıq müharibə başlasa və ya İran region ölkələrini “İsrailin müttəfiqləri” kimi hədəfə almağa başlasa, Azərbaycan təzyiq zonasında qala bilər.

Politoloq Elxan Şahinoğlu bildirir ki, İranla bağlı müxtəlif ssenarilərə qarşı Azərbaycan hazır olmalıdır.

“İrandakı soydaşlarımız müharibədən qorunmaq üçün Azərbaycana üz tuta bilərlər və bu halda biz onlara sığınacaq verməyə hazır olmalıyıq”.

İsrailin strateji məqsədlərindən biri də İranda mərkəzdənqaçma meyllərini gücləndirmək ola bilər. İranın çoxmillətli və çoxetnik strukturu nəzərə alınarsa, bu parçalanma prosesi Azərbaycandakı milli kimlik diskurslarına da təsir edə bilər. İranda yaşayan azərbaycanlıların durumuna dair humanitar və siyasi narahatlıqlar artacaq.

“1979-cu ildə İslam inqilabından sonra İraqla müharibə rejimin möhkəmlənməsinə səbəb oldu. Amma bu dəfə əks effekt – daxili parçalanma və etnik-siyasi təlatüm ehtimalı daha yüksəkdir. Bu da Azərbaycanın diqqət mərkəzində olmalıdır”, – Elxan Şahinoğlu belə söyləyir.

Azərbaycan həm İsrail, həm də İranla strateji münasibətlərə malikdir. İsraillə müdafiə və texnologiya sahəsində sıx əməkdaşlıq mövcuddur, İranla isə 765 kilometrlik sərhəd, şiə dini kimliyi və regional balans səbəbilə həssas münasibət saxlanılır. Bu vəziyyət Bakı üçün diplomatik manevr imkanlarını daraldır.

Regional oyunçuların hərəkətliliyi: Ermənistan-Türkiyə-Azərbaycan üçbucağı

Politoloq bildirir ki, Ermənistan baş naziri Nikol Paşinyanın yaxın günlərdə Türkiyəyə səfəri də bu böhranla əlaqəli ola bilər. Paşinyan İrəvan-Tehran münasibətlərinin çətin sınaq qarşısında qalacağını anlayır və regionda yeni təhlükəsizlik memarlığına uyğunlaşmağa çalışır. Bu isə Azərbaycan-Ermənistan sülh prosesinə təsirsiz ötüşməyəcək.

“İran Ermənistanın əsas müttəfiqidir. Amma əgər İrəvan Tehranla əvvəlki səviyyədə münasibət saxlasa, Qərblə münasibətlər zədələnə bilər. Paşinyan, bu səbəbdən, Türkiyə ilə münasibətləri normallaşdırmaqla balans axtarışındadır”, – Elxan Şahinoğlu belə düşünür.

“Sülh bu bölgənin lüksü deyil, ehtiyacıdır“

ResPlatforma-nın qurucu üzvü, siyasi şərhçi Elman Fəttahın fikrincə, bu qarşıdurma liderlərin məsuliyyətsiz qərarlarının nəticəsidir:

“Baş nazir Netanyahu dialoqu arxa plana atıb, İran isə sülh təkliflərini mübarizə ritorikası ilə əvəzləyib. Sülh bu coğrafiyanın lüksü deyil – yaşamaq haqqıdır. Liderlər savaş təbliğatı ilə öz siyasi ömrünü uzatmağı düşünərkən, xalqların ödədiyi bədəl getdikcə artır

Eyni şəkildə, Ayətullah Xameneyinin sərt ideoloji mövqeyi və regional təsir dairəsini genişləndirməyə yönəlik siyasəti, İran xalqını iqtisadi və siyasi təcridə sürükləyib. Onun rəhbərliyi altında rəsmi Tehran sülh dialoqlarına açıq olmaqdan çox, mübarizə ritorikasına üstünlük verib”.

Fəttah həmçinin qeyd edir ki, hər iki tərəf daxili legitimlik böhranını müharibə ritorikası ilə kompensasiya etməyə çalışır:

“İsrailin bu gün İrana qarşı həyata keçirdiyi hücum, regionda gərginliyin kritik həddə çatdığını göstərir. Təəssüf ki, bu vəziyyət, hər iki tərəfdə qərarverici mövqedə olan liderlərin kompromisə deyil, konfrontasiyaya üstünlük verməsinin nəticəsidir”.

Hazırda ABŞ və Oman vasitəçiliyi ilə keçiriləcək İranla növbəti nüvə danışıqları vəziyyətin stabilləşməsində həlledici rol oynaya bilər. Ancaq əgər bu diplomatik fürsət də boşa çıxarsa, Azərbaycan da daxil olmaqla region ölkələri uzunmüddətli hərbi və siyasi qeyri-müəyyənliyə sürüklənə bilər.

Editor

Related Posts