Türkiyənin Əskişəhər vilayətində meşə yanğınlarının söndürülməsi zamanı alovlar içində qalan 10 nəfər həyatını itirib.
Birinci24 informasiya agentliyi Türkiyə KİV-ə istinadla xəbər verir ki, yanğın 22 iyul 2025-ci il tarixində səhər saatlarında Seyitqazi rayonundakı Büyükyayla və Fethiye məhəllələri arasındakı meşəlik ərazidə başlayıb.
Külək nəticəsində sürətlə yayılan alov həm meşəlik əraziləri, həm də yaşayış sahələrini təhlükə altında qoyub. Yanğın səhər saatlarında Afyonkarahisarın İhsaniye mahalının Sarıcaova kəndinə çatdığından bölgədə risk artıb və ehtiyat tədbiri olaraq Sarıcaova kəndi boşaldılıb.
Əskişəhərin Seyitqazi rayonunda yanğına müdaxilə edərkən 5 meşə işçisi və 5 könüllü həlak olub.
Bildirilir ki, daha 7 nəfər xəsarət alıb, onlardan 6-nın vəziyyəti stabildir. Bir nəfərin reanimasiyada olduğu bildirilir.