Türkiyənin Bursa, Karabük və Kahramanmaraş vilayətlərində meşə yanğınlarına müdaxilə davam edir.
Birinci24 informasiya agentliyi TRT-yə istinadla xəbər verir ki, bu barədə Türkiyənin Kənd Təsərrüfatı və Meşə naziri İbrahim Yumaklı məlumat verib.
Məlumata görə, Bursa Kestel və Harmancık rayonlarında meşə yanğını dünən gecədən başlayıb. Təhlükə altında olan yaşayış məntəqələrindən 1765 nəfər təxliyə edilib. Yanğınsöndürənlər alovun nəzarət altına alınması üçün çalışsalar da, güclü külək əvvəllər söndürülmüş ərazilərdə yanğının yenidən alovlanmasına səbəb olub.
Gecə boyu fasiləsiz davam edən yanğının söndürülməsinə 1777 yanğınsöndürən və 688 nəqliyyat vasitəsi cəlb edilib. Yanğının nəzarətə götürülməsi üçün təyyarələr də dəstək verib.
Karabükün Safranbolu rayonunda 5 gündür meşə yanğını davam edir. Yaşayış məntəqələrini də təhlükə altında qoyan alov 19 kəndi boşalmağa məcbur edib.
Alovla mübarizənin 5-ci günündə 14 helikopter, 1 təyyarə, 122 su maşını, 39 ilk müdaxilə maşını, 20 su təchizatı maşını, 17 buldozer, 7 qreyder, 30 ekskavator, 13 yanğınsöndürmə maşını, 20 tanker, 3 ekskavator, 7 təcili tibbi yardım maşını, 27 axtarış-xilasetmə maşını, 20 kütləvi ixtişaşlara müdaxilə maşını və 2 iaşə maşını və 1225 nəfər canlı qüvvə cəlb edilib.
Yanğınsöndürənlər alovu söndürmək üçün işlərini davam etdirirlər.
Kahramanmaraşın Onikişubat rayonunda da meşəlik ərazidə baş verən yanğının söndürülməsi üçün işlər fasiləsiz davam edir.
Yanğına 6 helikopter, 17 yanğınsöndürmə maşını, 38 su maşını, 7 ilk müdaxilə maşını, 10 su tankerii, 15 buldozer və 600-dən çox canlı qüvvə ilə müdaxilə edir.
Digər tərəfdən, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial mediada 22-27 iyul 2025-ci il tarixləri arasında baş verən meşə yanğınları ilə əlaqədar 7 şübhəlinin saxlanıldığını açıqlayıb. Saxlanılanlardan 3-ü həbs edilib, 4-ü isə məhkəmə nəzarətinə verilib.