Zəngəzur dəhlizinin açılması artıq Cənubi Qafqazın iki qonşu dövləti- Ermənistan və Azərbaycan arasında ikitərəfli məsələ olmaqdan çıxaraq, regionun digər güclü aktorlarının da maraq dairəsinə daxil olub. ABŞ, Rusiya, Türkiyə və İran kimi ölkələrin bu dəhlizlə bağlı mövqeləri və maraq toqquşmaları beynəlxalq gündəmdə xüsusi yer tutur. Zəngəzur dəhlizi ətrafında formalaşan geosiyasi dinamikanı və maraqların toqquşma səbəblərini təhlil edirik.
Zəngəzur dəhlizinin tarixi rolu
1920-ci ildə Sovet hakimiyyəti qurulur və Zəngəzur bölgəsinin böyük hissəsi Ermənistanın nəzarətinə keçir, Azərbaycanla Naxçıvan arasında əlaqə kəsilir. Qarabağ, Zəngəzur və Naxçıvan mübahisəli ərazilər kimi tanınır, Zəngəzurun bir hissəsi Ermənistana verilir. Bu isə Azərbaycanın daxili quru yolunun parçalanmasına səbəb olur.
2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra imzalanan üçtərəfli bəyanatın 9-cu maddəsində, Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin bərpa olunması və bu dəhlizin Ermənistan ərazisindən keçməsi nəzərdə tutulur. Bəyanata əsasən, bu dəhlizə Rusiya sərhədçiləri nəzarət etməli, keçid maneəsiz və məhdudiyyətsiz olmalı idi. Zəngəzur dəhlizi həmin bağlantını bərpa etməyi hədəfləyən strateji nəqliyyat xətti kimi önə çıxır.
Zəngəzur Masası
2020-ci il bəyanatına əsasən, dəhlizə Rusiya nəzarət etməli idi. Lakin sonradan vasitəçi rolu ilə bağlı dəyişiklik gündəmə gəldi və ABŞ bu məsələ üzrə mediator olmaq təşəbbüsü göstərdi.
ABŞ-nin Zəngəzur dəhlizinin icarəsi təklifi, ABŞ-nin Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrack tərəfindən iyul ayında, Nyu-Yorkda keçirilən brifinqdə irəli sürülüb. Təklifə əsasən, Ermənistan ərazisindən keçən dəhlizin fəaliyyəti ABŞ-yə 100 illik müddətə icarəyə veriləcək və bu idarəetmə özəl şirkət tərəfindən həyata keçiriləcək. Bu təşəbbüs Türkiyə və Azərbaycan arasında strateji əlaqələrə, həmçinin ABŞ-nin regiondakı təsirinin artırılmasına xidmət edir, lakin Rusiya və İran tərəfindən ciddi etiraz və narahatlıqla qarşılanır. Bu proses, həmçinin Ermənistanın KTMT-dən çıxması və Rusiya hərbi qüvvələrinin ərazidən geri çəkilməsi ilə üst-üstə düşür və regiondakı geosiyasi balansı dəyişməkdədir.
2023-cü ildə Azərbaycan və Türkiyə Prezidentlərinin mətbuat konfransında İlham Əliyev Zəngəzur dəhlizinin tezliklə açılmasının qaçılmaz olduğunu, bunun regiondakı əməkdaşlığı gücləndirəcəyini və yeni imkanlar yaradacağını vurğulamışdı. Rəcəb Tayyib Ərdoğan isə bildirib ki, dəhliz Türkiyənin Naxçıvanla həm avtomobil, həm də dəmir yolu vasitəsilə birbaşa əlaqəsini təmin edəcək, bu isə iki ölkə arasında mədəni və iqtisadi inteqrasiyanı dərinləşdirəcək. O, Azərbaycanın müharibələrdən sonra infrastrukturda, xüsusilə yollarda böyük inkişaf əldə etdiyini qeyd edib və İlham Əliyevin qətiyyətli addımlarını yüksək qiymətləndirib.
MiddleEastEye yazır ki, İran Zəngəzur dəhlizini strateji təhdid və sərhədlərinin pozulması kimi qiymətləndirir. Xəbərdə qeyd olunur ki, bu səbəbdən Tehranda hakimiyyətə gələn yeni islahatçı hökumət Rusiyanın səfiri Aleksey Dedovu vəziyyəti müzakirə etmək üçün dəvət edib. Məlumata görə, Zəngəzur dəhlizi Ermənistanın Sünik vilayətindən keçməlidir, lakin Bakı bu marşrut üzərində tam suverenlik tələb edir. İran isə bu ideyaya qarşı çıxır və bunu öz sərhədlərinin dəyişdirilməsi cəhdi kimi qiymətləndirir ki, bu da Tehran tərəfindən qəbulolunmaz hesab olunur. MEE xəbərinə əsasən, İran Xarici İşlər Nazirliyində yüksək səviyyəli bir mənbənin anonimlik şərti ilə verdiyi açıqlama da yer alıb:
“Biz bu görüşü rəsmi olaraq səfirin çağırılması kimi təqdim etmədik, amma belə bir birbaşa görüş təşkil etməklə Moskvaya açıq mesaj verdik ki, narazıyıq və onların mövqeyi bizim mövqeyimizə ziddir.”
Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyəyə rəsmi səfəri zamanı sülh sazişi ilə bağlı da müzakirələr edib. Ermənistan və Türkiyə münasibətləri normallaşdırmağa çalışsa da, sərhədlər hələ də bağlıdır. Əsas maneə, Türkiyənin əvvəlcə Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasını şərt qoymasıdır. Bakı Konstitusiyadan Qarabağa dair iddiaların silinməsini tələb edir, Ermənistan isə bunun üçün referendumun lazım olduğunu və bunun illərlə çəkə biləcəyini bildirir.
Xəbərdə qeyd olunub ki, Rusiya və İranın təsirinin azalması fonunda Türkiyə regionda əsas aktora çevrilib. Ermənistan artıq Ankaranı təhlükə yox, təhlükəsizlik zəmanətçisi kimi görməyə başlayır. Sərhədlərin açılması Ermənistan üçün təcriddən çıxış və tranzit imkanlarının bərpası deməkdir.
Azərbaycan “Zəngəzur dəhlizi”ni önə çıxarır, amma Ermənistan bu yol üzərində tam suverenlik istəyir. Bakı isə üçüncü tərəf zəmanətçisi tələb edir. Bu barədə Avropa İttifaqının neytral nəzarət təklifi olsa da, 2023-cü il Qarabağ böhranı danışıqları dayandırdı.
Hazırda prosesi irəlilədə biləcək yeganə güc ABŞ-dir. Vaşinqton iqtisadi sabitlik modeli ilə prosesə təkan verməyə çalışır. Bu, həm də “Orta Dəhliz” layihəsinin bir hissəsi kimi Ermənistan üçün regional inteqrasiyada həyati şans ola bilər.
Ermənistanın Armenpress mediası Ermənistan Baş Naziri Nikol Paşinyanın sözçüsü Nazeli Bağdasaryana İ.Əliyevin Şuşa Qlobal Media Formunda Zəngəzur dəhlizi ilə bağlı verdiyi bəyanata münasibətini öyrənib. Armenpress Əliyevin bu yolun Azərbaycan torpaqları arasında maneəsiz keçid olacağını və Azərbaycan vətəndaşlarının Ermənistan sərhəd xidmanı ilə qarşılaşmayacağını; həmçinin, bu məsələnin Abu-Dabi görüşündə Ermənistan Baş Naziri ilə müzakirə olunduğunu bildirdiyini xatırladıb. Bağdasaryan isə bu yanaşmanın müzakirələrin məntiqinə uyğun olmadığını, Ermənistanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində nəqliyyat əlaqələrinin açılmasını müzakirə etdiyini vurğulayıb. O bildirib ki, Ermənistanın Baş Naziri Paşinyan nə Abu Dabidə, nə də başqa yerdə belə bir bəyanat verməyib. Bağdasaryan əlavə edib ki, Əliyevin açıqlaması Ermənistan Respublikasına qarşı gizli ərazi iddiasıdır və qəbul edilə bilməz:
“Ermənistan Respublikası Azərbaycan Prezidentinin səsləndirdiyi terminologiya və məntiqi heç vaxt müzakirə etməyib, müzakirə etmir və etməyəcək. Ermənistan Respublikası Azərbaycan və digər beynəlxalq tərəfdaşlarla birlikdə “Sülh Dəhlizi” layihəsini müzakirə edir. Ermənistan həmçinin Azərbaycan və Ermənistanın Sünik bölgəsi ərazisindən, eləcə də üçüncü ölkələrə doğru və onlardan gələn nəqliyyat əlaqələrinin blokdan çıxarılmasını gözləyir”,- deyə Bağdasaryan vurğulayıb.
Azərbaycan Prezidentinin köməkçisi və Xarici Siyasət şöbəsinin rəhbəri Hikmət Hacıyev Ermənistan və Azərbaycan arasında hələ də hərtərəfli sülh müqaviləsinin imzalanmaması və mümkün davamlı həll yolları mövzusunda Berliner-Zeitung qəzetinə müsahibə verib.
Azərbaycan və Ermənistan mediası yazır ki, həmin müsahibədə H.Hacıyev Zəngəzur dəhlizinin idarəetməsinin ABŞ şirkətlərinə verilməsi məsələsi ilə bağlı da fikir bildirərək qeyd edib ki, bu məsələ Ermənistan tərəfinin işidir. Onun sözlərinə görə, ABŞ şirkətləri ilə əməkdaşlıq Ermənistanın öz məsuliyyətidir, Azərbaycan isə öz işinə-nəqliyyat əlaqələrinin genişləndirilməsinə və qonşu ölkələrlə, o cümlədən Gürcüstan, İran və Rusiyayla əlaqələrin qurulmasına fokuslanıb. Hacıyev əlavə edib ki, belə münasibətlər region üçün ümumilikdə faydalı ola bilər. O vurğulayıb ki, əgər Ermənistan buna hazırdırsa, Azərbaycan Transqafqaz nəqliyyat dəhlizini birgə inkişaf etdirmək istəyir.
Zəngəzur dəhlizinin əhəmiyyəti
III Respublika Platformasının qurucu heyət üzvü, beynəlxalq məsələlər üzrə ekspe Elman Fəttah deyir ki, Zəngəzur dəhlizi Azərbaycan üçün sadəcə Naxçıvanla quru sərhəddin bərpasından ibarət deyil, həmçinin türk dünyasının kontinental bağlanması və lojistik geosiyasətdə qovşaq dövlətə çevrilmək layihəsinin bir parçasıdır:
“Məsələ sadəcə torpaq zolağı deyil, bu Azərbaycanın özünün Qafqazdan Orta Asiyaya, oradan da Çinə qədər uzanan geoiqtisadi artileriyanın aparıcı oyunçusu olmaq iddiasıdır. Rəsmi Bakı bu dəhlizlə son dövrlər Rusiya gərginliyi ilə balans siyasətini gücləndirmək, Türkiyə ilə strateji inteqrasiyasını daha fiziki formada simvolizə etmək istəyir”.
Siyasi şərhçi Ərəstun Oruclu isə bildirir ki, Zəngəzur dəhlizinin region üçün əhəmiyyətindən danışdıqda iki məqamı gözdən keçirməliyik: Zəngəzur dəlizinin praktik və nəzəri əhəmiyyəti nədir? Hələlik bu məsələ ətrafındakı söhbətlərdə praktik hansısa addım olmadığı deyən Oruclu qeyd edir ki, nəzəri olaraq isə bir geosiyasi element böyük və kiçik güclər arasında mübahisə predmentinə çevrilib:
“Əgər təqdim olunan layihələrin reallaşacağını fərz etsək, bu dəhliz məhz ona görə əhəmiyyətlidir ki, o mühüm iki qlobal dəhlizin, nəqliyyat-kommunikasiya layihəsinin kəsişdiyi nöqtədir, yəni universaldır: həm Rusiya, qismən Hindistan və İranın dəstəklədiyi və ehtiyac duyduğu Şimal-Cənub dəhlizinin,( hansı ki, Çin-Avropa ticari əlaqələrini təmin edən bir neçə dəhlizdən biridir); həm də Şərq-Qərb dəhlizinin Rusiyadan kənar keçməklə Çin-Avropa nəqliyyat-kommunikasiyası təminatının kəsişdiyi nöqtədir. Məhz Zəngəzur dəhlizi ətrafında geniş müzakirələrin olması ilk növbədə bundan qaynaqlanır”.
Elman Fəttah qeyd edir ki, dəhlizin açılması regionda nəqliyyat və enerji siyasətinin xəritəsini ciddi şəkildə dəyişəcək. Əgər Bakı bunu öz istədiyi statusda əldə edərsə, bu onun regional güc statusunu daha da möhkəmləndirəcək və Ermənistanı müəyyən qədər də təsir altına ala biləcək. Eyni zamanda İranın tranzit üstünlüyü azalacaq, Azərbaycanın İrandan keçən tranzit ehtiyacları aradan qalxmış olacaq. Əgər dəhliz Rusiyanın nəzarətində olsa, o, regiondakı lojistik nəzarət imkanlarını genişləndirməyə çalışacaq, əgər Rusiyanın nəzarət imkanı olmasa, böyük bir ticarət şəbəkəsi onun nəzarətindən çıxmış olacaq:
“Dəhlizin açılması həm də Türkiyənin Orta Asiyaya çıxışını rahatlaşdıracaq, həmçinin türk dövlətlər təşkilatının daha inteqrativ bir bloka çevirə bilər və bu bloka xeyli siyasi güc elementləri qata bilər. Amma burada İran-Azərbaycan-Ermənistan üçbucağında dərinləşən gərginlik ehtimalı da arta bilər. Bu səbəbdən də çox ciddi geopolitik səbəblər doğura bilər”,-deyə Fəttah bildirir.
Oruclu isə qeyd edir ki, hələlik müzakirələr məsələnin yalnız nəzəri tərəfidir. Çünki Zəngəzur dəhlizi, onun bir hissəsi olduğu Orta Dəhliz, eləcə də nəzərdə tutulmuş Şimal-Cənub dəhlizi bir-birindən fərqli statuslara malikdir. Şərq-Qərb dəhlizinin isə bir neçə alternativ marşrutu var. Bu, Çinin Avropa ilə əlaqələrini təmin etməyə yönəlmiş qlobal təşəbbüs-“Bir kəmər, bir yol” layihəsi çərçivəsində formalaşır və burada yolların diverifikasiyası nəzərdə tutulur (diverifikasiya – iqtisadiyyat, investisiya və digər sahələrdə riskləri azaltmaq məqsədilə fəaliyyət və sərmayələrin şaxələndirilməsi):
“Yəni bu marşrutlar arasında Pakistan, İran, Pakistan–Ərəbistan dəhlizi üzərindən keçən yollar da mövcuddur. Çin, həmçinin Şimal Buzlu Okeanı vasitəsilə Avropa ilə əlaqələrini gücləndirməyə çalışır. Göründüyü kimi, Çin diverifikasiya siyasətini dəstəkləyir.
Rusiya isə əksinə, Çinin layihələrinə əngəllər yaratmaqla onu öz ərazisindən keçməyə və yüklərini məhz bu marşrutla daşımağa məcbur etmək istəyir. Yəni alternativlərə mane olmaq niyyətindədir. Bu ziddiyyətli maraqlar Zəngəzur dəhlizində toqquşur. Çünki dəhliz hər iki kommunikasiya və nəqliyyat layihəsi üçün əlverişli hesab olunur. Bu səbəbdən də onun əhəmiyyəti və ətrafında gedən mübarizə bu qədər diqqətçəkicidir”, – deyə Oruclu əlavə edib.

Elman Fəttah hesab edir ki, Rusiya 10 noyabr 2020- ci il üçtərəfli bəyənnamədə yer alan dəhliz ifadəsinin hamisi kimi çıxış edir. Onun sözlərinə görə, Rusiya hesab edir ki, bu Kremlin nəzarətində olan dəhliz olmalı idi. Bu səbəbdən də Rusiya dəhlizin açılmasında maraqlı tərəf idi, çünki o dövrdə bunun başqasının nəzarətində ola biləcək hansısa alternativi yox idi. Rəsmi sənəddə Rusiyanın nəzarətində olmağı və Azərbaycanın da bu məsələni tam formada dəstəklədiyi görünürdü. Onun üçün bu dəhliz həm də Şimal-Cənub dəhlizinin alternativ bir hissəsidir:
“Moskva istəyir ki, bütün ticarət onun əlindən keçsin, yəni Avropaya tranzit üçün əlverişli sayılan Şimal-Cənub dəhlizlə yanaşı, Çindən, Orta Asiyadan uzanan dəhliz də onun nəzarəti altında cəmləşsin. Bütövlükdə Rusiya belə düşünür ki, bu coğrafiyadan keçən dəhlizlər onun nəzarəti altında olmalıdır. Bunun da əsasını qoymaq üçün II Qarabağ müharibəsindəki noyabr-atəşkəs sənədində ora dəhliz ifadəsini və Rusiyanın nəzarəti ifadəsini yazdıra bilmişdi.”
Elman Fəttah həmçinin qeyd edir ki, İran bu dəhliz məsələsinə müsbət yanaşmır. Onun sözlərinə görə, Tehran bu layihəni regionda pantürkizmə yol açan bir xətt kimi görür və bu səbəbdən də Ermənistan vasitəsilə balans yaratmağa çalışır. O, əlavə edir ki, İran üçün bu yol geoiqtisadi baxımdan da sərfəli deyil; Tehran hesab edir ki, Zəngəzur dəhlizi onun geoiqtisadi üstünlüyünü zədələyir.
Onun fikrincə, Türkiyə üçün bu məsələ yalnız qardaşlıq çərçivəsində deyil, eyni zamanda böyük strateji əhəmiyyətə sahibdir. Ankara bu dəhlizi Orta Asiyaya çıxış üçün quru alternativ kimi görür və eyni zamanda ritorik olaraq “Turan yolunun başlanğıcı” kimi dəyərləndirir.
O vurğulayır ki, rəsmi Vaşinqton neytral mövqe nümayiş etdirsə də, uzunmüddətli baxışda Çin və Rusiya arasında alternativ bağlantı yollarına hansı gücün nəzarət edəcəyi ABŞ üçün strateji əhəmiyyət kəsb edir. Məhz bu səbəbdən Vaşinqton həm Ermənistanın, həm də Azərbaycanın maraqlarını nəzərə alaraq, nəzarət balansı məqsədilə vasitəçi rolunda müxtəlif təkliflərlə çıxış etməyə başlayıb. Elman Fəttah bildirir ki, ABŞ üçün Zəngəzur dəhlizi həm Çin İpək Yoluna, həm də Rusiyanın Avrasiya İttifaqına alternativ marşrut kimi qiymətləndirilir.
Ona görə də Ermənistan bu məsələni blokadadan çıxmaq fürsəti ilə suverenliyin zəiflədilməsi riski arasında sıxışıb qaldığı bir dilemma kimi yaşayır. Fəttah izah edir ki, Paşinyan hökuməti bu yolu sadəcə “nəqliyyat xətti” kimi təqdim etmək istəyir və “dəhliz” anlayışına qarşı çıxır. Azərbaycan isə maneəsiz-Ermənistanın suverenliyindən kənar gediş-gəliş mövzusunda israrlıdır, ona görə də Ermənistan tərəfi üçün məngənə vəziyyəti yaranıb.
Hələlik qlobal müzakirənin bu aspektlərini nəzəri olduğunu qeyd edən Oruclu hesab edir ki, dünənə qədər Zəngəzur dəhlizi yox idi, amma ticari dövriyə, əlaqələr mövcud idi. Təbii ki, Zəngəzur dəhlizi bu layihələrdəki nəqliyyat, daşınma və bir sıra xərclərin azalması, zamanı minimallaşdırır deməkdir. Amma prosesə müxtəlif güclər müdaxilə edir, çünki bu prosesə cəlb edilən ölkələr burada öz maraqlarını ifadə edir: ABŞ, Avropa, Çin kimi qlobal güclər və qonşu dövlətlər məhz bu səbəbdən mövzuda maraqlıdır.
“İlham Əliyev artıq icraçı deyil”
Oruclu bildirir ki, 2020-2023-cü illərdə İlham Əliyev Zəngəzur dəhlizinin açılmasında xüsusi icraçı idisə də, artıq belə deyil. O da vurğulayır ki, Zəngəzur dəhlizi II Qarabağ müharibəsi ilə gündəmə gəldi. Bu da Qarabağın işğal olunmuş ərazilərinin Azərbaycan tərəfindən geriyə qaytarılmasına Rusiyanın məhz bu səbəbdən icazə verdiyi ehtimallarını doğurdu: Azərbaycan Qarabağı geri alandan sonra Zəngəzur dəhlizini açmağa kömək etsin və Şimal-Cənub dəhlizinin layihəsində iştirak etsin. Oruclu bildirir ki, həmin dövrə diqqət etdikdə görmək olar ki, Əliyev məhz Şimal-Cənub dəhlizi haqqında danışırdı, Şərq-Qərb dəhlizi, onun hissəsi olan Orta dəhliz haqqında isə çox az danışırdı; 10 Noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatının 9-cu bəndi ilə Rusiyanın nəzarətində Zəngəzur dəhlizinin açılmasında icraçı olacaq:

“Lakin bu gün Əliyev artıq icraçı deyil. Əliyevin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevin bəyanatından da görünür ki, Azərbaycan deyir ki, dəhlizin öz ərazisində olan hissəsini özü istismar edəcək, Ermənistan kimə icarəyə verəcək, bizə maraqlı deyil. Bununla da Azərbaycan bu bəyanatda deyir ki, Zəngəzur dəhlizinə cəlb olunmaq istəmir, bunda maraqlı deyil. Bunun da səbəbi odur ki, artıq bu dəhlizin taleyinin həll oolunmasında böyük güclər iştirak edir-Rusiya, Çin, ABŞ, Türkiyə və İran. Artıq burada Azərbaycan və Ermənistanın iştirakı artıq nəzəriləşir”, -deyə Oruclu əlavə edib.
Zəngəzur Dəhlizinin Status Problemi
Elman Fəttah hesab edir ki, bu məsələ Azərbaycan üçün sadəcə yolun açılması məsələsi deyil, həmçinin dəhlizin statusunun hansı hüquqi və siyasi çərçivəyə oturmasıdır. Rəsmi Bakı bu dəhlizin Ermənistanın sərhəd və gömrük nəzarətində olan nəqliyyat xətti kimi açılmasını istəmir. Azərbaycan bu yolun ekstrateritorial (bir ölkənin ərazisindən kənarda, başqa bir ölkənin ərazisində həmin ölkənin qanunlarının və ya səlahiyyətlərinin tətbiq olunması-red) xarakteri daşımasını, yəni Ermənistanın daxili hüquqi rejiminə tabe olmayan tranzit zonası istəyir:
“Yəni sözün həqiqi mənasında dəhliz istəyir. Bu status məsələsi geopolitik güc münasibətlərinin dilində də bu formada ifadə olunur: Ermənistan suverenlik, Azərbaycan isə hüquq bərabərliyi və dəhliz deyir. Burada artıq yalnız infrastuktur yox, hüquqi və diplomatik dominantlıq məsələsi də müzakirə mövzusuna çevirilir”.
Nəticə
Zəngəzur dəhlizi Cənubi Qafqazda Azərbaycan və Ermənistan arasında strateji nəqliyyat bağlantısıdır və artıq ikitərəfli məsələ olmaqdan çıxaraq ABŞ, Rusiya, Türkiyə və İran kimi regional və qlobal güclərin maraq və toqquşma nöqtəsinə çevrilib. 2020-ci il 10 noyabr bəyanatına əsasən, bu dəhlizin Ermənistan ərazisindən keçməsi və Rusiya sərhədçilərinin nəzarət etməsi planlaşdırılsa da, sonradan ABŞ bu dəhlizdə vasitəçi olmaq istəyini irəli sürüb. Bu təşəbbüs Türkiyə və Azərbaycan üçün strateji əhəmiyyət daşısa da, Rusiya və İran tərəfindən isti qarşılanmır. Ermənistan dəhliz üzərində suverenlik tələb edir, Azərbaycan isə üçüncü tərəf zəmanəti və ekstrateritorial keçid istəyir. Türkiyə bölgədə əsas aktor kimi çıxış edir və Ermənistanla münasibətlərin normallaşması üçün sülh sazişi tələb olunur. Zəngəzur dəhlizi həmçinin Rusiya-Çin və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişdiyi strateji nöqtədir və regionun geoiqtisadi, siyasi balansına təsir edir. Prosesdə ABŞ-nin rolu isə həlledici hesab olunur.