İsrailin Qəzza zolağına hücumu nəticəsində “Al-Jazeera” telekanalının beş jurnalisti ölüb.
Avqustun 10-u axşam saatlarında Qəzza şəhərindəki Əl-Şifa xəstəxanası yaxınlığındakı çadıra edilən hücumda ümumilikdə 7 nəfər öldürülüb. Onların arasında tanınmış “Al-Jazeera” müxbiri Ənəs Əl-Şərif və başqa dörd jurnalist də var.
Əl-Şərif ölümündən az öncə “X” səhifəsində yazıb ki, İsrail Qəzza şəhərinin şərq və cənub hissələrinə qarşı “atəş kəmərləri” kimi tanınan intensiv bombardman həyata keçirib.
Onun son videosunda İsrailin intensiv raket zərbələrinin gurultulu səsləri eşidilir, qaranlıq səma isə narıncı işıq saçan partlayışla işıqlanır.
6 aprel tarixində yazılmış və onun ölümü halında dərc olunması üçün nəzərdə tutduğu son mesajında Əl-Şərif “ağrını bütün təfərrüatları ilə yaşadığını” və “dəfələrlə kədər və itki dadını hiss etdiyini” bildirib.
“Buna baxmayaraq, heç vaxt həqiqəti olduğu kimi, təhrif və saxtalaşdırma olmadan çatdırmaqdan çəkinmədim. Ümid edirdim ki, Allah susanlara, öldürülməyimizə razı olanlara və nəfəsimizi boğanlara şahid olacaq. Uşaqlarımızın və qadınlarımızın paramparça olmuş cəsədləri belə onların ürəyini yumşaltmadı və xalqımızın bir ildən artıq müddətdir məruz qaldığı qətliamı dayandırmadı”, – o qeyd edib.
“Al-Jazeera” Media Şəbəkəsi qətlləri “mətbuat azadlığına qarşı daha bir açıq və əvvəlcədən planlaşdırılmış hücum” kimi qınayıb.
“Bu hücum, mülki əhalinin amansızcasına qətlə yetirildiyi, məcburi aclığa məruz qoyulduğu və bütöv icmaların məhv edildiyi Qəzzaya davam edən hücumun fəlakətli nəticələri fonunda baş verir,” – şəbəkə bildirib.
“Qəzzanın ən cəsur jurnalistlərindən biri olan Ənəs əl-Şərifin və həmkarlarının qətlə yetirilməsi əmri, Qəzzanın ələ keçirilməsi və işğalının yaxınlaşdığını ifşa edən səsləri susdurmaq üçün atılmış ümidsiz bir addımdır”, – deyə əlavə edilib.
“Al-Jazeera”beynəlxalq ictimaiyyəti və bütün aidiyyatı qurumları “davam edən soyqırımı dayandırmaq və jurnalistlərin qəsdən hədəf alınmasına son qoymaq üçün qəti tədbirlər görməyə” çağırıb.
İsrail ordusu Əl-Şərifin qəsdən qətlə yetirildiyini təsdiqləyən bəyanatında jurnalisti Qəzzaya nəzarət edən HƏMAS qruplaşmasının hücrəsinə rəhbərlik etməkdə və “israilli mülki şəxslərə və əsgərlərə qarşı raket hücumlarını təşkil etməkdə” ittiham edib.
Ordunun iddiasına görə, onun Fələstin qruplaşması ilə əlaqəsini “birmənalı şəkildə sübut edən” sənədlər də mövcuddur.