Today Cümə axşamı, 14th Avqust 2025
Birinci 24

Birinci 24

Trampın Alyaskada Putinə iki sərfəli təklifi olacaq – “The Telegraph”

Trampın Alyaskada Putinə iki sərfəli təklifi olacaq – “The Telegraph”

ABŞ Prezidenti Donald Tramp avqustun 15-də Alyaska ştatının Ankoric şəhərində keçiriləcək sammitdə Rusiya Prezidenti Vladimir Putinə bir sıra iqtisadi imtiyazlar təklif etməyi planlaşdırır.

Birinci24 informasiya agentliyi “The Telegraph” nəşrinə istinadən xəbər verir ki, təkliflərə Moskvaya Alyaskanın təbii sərvətlərinə çıxış imkanı verilməsi və Rusiya aviasiya sənayesinə qarşı ABŞ sanksiyalarının ləğvi daxildir.

Məlumata əsasən, bu addımlar Kreml rəhbərini Ukraynada hərbi əməliyyatları dayandırmağa təşviq etmək üçün nəzərdə tutulub. Sammitdən öncə ABŞ maliyyə naziri Skott Bessentin Trampa təqdim edəcəyi siyahıda rus təyyarələrinə texniki xidmət, ehtiyat hissələri və avadanlıqların ixracına qoyulan qadağanın aradan qaldırılması da yer alır.

Ekspert hesablamalarına görə, Alyaskada dünya neft ehtiyatlarının təxminən 13%-i və böyük həcmdə qaz yataqları mövcuddur. ABŞ tərəfi, həmçinin, Putinə Ukraynadakı nadir torpaq minerallarına, xüsusilə litiuma çıxış imkanı verə bilər.

Ukrayna dünya litium ehtiyatlarının 10%-nə malikdir və əsas yataqlar hazırda Rusiya nəzarətində olan ərazilərdə yerləşir.

Böyük Britaniya hökumətindəki mənbələr bu təşviqlərin Avropa üçün məqbul ola biləcəyini, lakin Rusiyanın “mükafatlandırılması” kimi qəbul edilməməsinin vacibliyini bildiriblər. Ağ Evin sözçüsü isə Trampın Ukraynada sülhə nail olmaq üçün çalışdığını, amma ilkin müzakirələr barədə şərh vermədiyini deyib.

Avqustun 13-də keçirdiyi mətbuat konfransında Tramp, əgər Putin sammitdə atəşkəsə razılıq verməsə, “ciddi nəticələrlə” üzləşəcəyini bəyan edib. ABŞ prezidenti görüşün Ukrayna lideri Volodimir Zelenskinin də iştirak edəcəyi danışıqlar üçün zəmin hazırlayacağını vurğulayıb.

Daha əvvəl “Reuters” xəbər verib ki, Putin, Zelenski və Tramp arasında ikinci görüş Avropa və ya Yaxın Şərqdə baş tuta bilər. Alyaskadakı sammitin əsas mövzusu isə Ukraynada münaqişənin uzunmüddətli həlli olacaq.

Editor

Related Posts