Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanın tarixi ilə bağlı yeni kitablar işıq üzü görüb

AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun alimlərinin müəllifi olduqları “Naxçıvan tarixindən səhifələr” kitabı və “Naxçıvan arxeologiyası yeni tapıntılar işığında” monoqrafiyası nəşr olunub.

AMEA-nın müxbir üzvü, professor Hacıfəxrəddin Səfərlinin “Naxçıvan tarixindən səhifələr” kitabında Naxçıvan bölgəsinin orta əsrlər dövrü tarix və mədəniyyəti, bəzi memarlıq abidələri, orta əsrlər zamanı ərazidə fəaliyyət göstərən sosial, siyasi və ideoloji mərkəzlərin tədqiqinə, erməni vandallarının törətdikləri vəhşiliklərə həsr etdiyi məqalələri toplanıb.

Akademik İsmayıl Hacıyevin elmi redaktorluğu, dosentlər Elbrus İsayev və İlhami Əliyevin rəyləri əsasında çapdan çıxan kitabın ərsəyə gəlməsində 150-dən artıq elmi mənbədən istifadə olunub. Kitab ön söz, üç bölmə, ədəbiyyat və fotoşəkil albomundan ibarətdir.

Müəllif kitabın “Naxçıvanın orta əsrlər tarixinə dair” adlanan birinci bölməsinə 5 yarımbölmə daxil edib.

Kitabın sonuna əlavə edilmiş albomda məqalələrdə adı çəkilən bir sıra abidə və kitabənin, Azərbaycanın müxtəlif dövrlərə aid xəritələri, eləcə də erməni vandalları tərəfindən məhv edilmiş məzarüstü abidələrdən bəzilərinin fotoşəkilləri yer alıb.

Gələcəkdə çoxcildlik kimi nəzərdə tutulan “Naxçıvan tarixindən səhifələr” bu silsilədən olan ilk kitabdır.

AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyevin “Naxçıvan arxeologiyası yeni tapıntılar işığında” monoqrafiyası isə alimin illərdir apardığı araşdırmaların yeni fakt və məlumatlarla təkmilləşdirilmiş nəşridir.

Monoqrafiyada ilk insan məskənlərindən başlayaraq Naxçıvanın qədim abidələri, həmin abidələrdən aşkar olunmuş arxeoloji materiallar araşdırılıb, Naxçıvan arxeologiyasının müxtəlif dövrləri, ölkəmizin qədim sakinlərinin iqtisadi-mədəni əlaqələri, özünəməxsus mədəniyyəti öz əksini tapıb.

Bundan başqa müəllif monoqrafiyada Mezolit, Dalmatəpə, Ovçulartəpəsi, Kür-Araz, Boyalı qablar, Xocalı-Gədəbəy mədəniyyətlərinin Naxçıvandakı izlərini də nəzərdən keçirib.

Monoqrafiyada, ümumilikdə 300 elmi mənbəyə istinad olunub.

Giriş və 13 başlıqdan ibarət əsərin elmi redaktoru professor Qüdrət İsmayılzadə, rəyçiləri isə professor Abbas Seyidov və dosent Bəhlul İbrahimovdur.

Monoqrafiya mütəxəssislər, universitet tələbələri və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, hər iki əsər “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəfis tərtibatla çap olunub.

admin

Related Posts