Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin ixtisaslı kadrlara olan tələbatının ödənilməsi məqsədilə ilk dəfə keçirilən müsabiqəyə 26 vakant vəzifə çıxarılıb. Vakant vəzifələrin tutulması üçün 15 namizəd qeydiyyatdan keçib.
İki mərhələdən ibarət müsabiqənin test imtahanında hər bir namizədə ümumilikdə 100 olmaqla, qanunvericiliyə dair 40, Azərbaycan dilinə dair 15, məntiqə dair 30, informasiya və kommunikasiya texnologiyalarına dair 15 test tapşırığı təqdim edilib.
Test imtahanında ən azı 60 bal toplamış ali təhsilli və 45 bal toplamış orta ixtisas təhsilli namizədlər bu mərhələdən keçmiş sayılır və zəruri sənədləri təqdim etməklə müsahibə mərhələsinə buraxılırlar.
