Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ukraynanın şərqində döyüşlər: Nə baş verir?

Ukraynanın şərqində döyüşlər: Nə baş verir?

Şənbə günü Ukrayna ordusu Xarkov vilayətində hücumlarını davam etdirib. Bu, Rusiyanın İzüm şəhərindəki hərbi qruplaşmasına mühasirə düşmək təhlükəsini yaradır.

Ən son məlumat nədir?

Şənbə günü Kiyev İzümdan şimalda yerləşən Kupyansk şəhərinə daxil olduğunu bildirib.

Bundan əvvəl onun şərqindəki Balakleya şəhəri alınıb və hazırda döyüşlərin cənubda yerləşən Liman ətrafında getdiyi xəbər verilir.

Beləliklə, xəritəyə nəzər salınsa, İzüm şəhərinin üç tərəfində döyüşlərin getdiyini görmək olar.

İzümdakı qruplaşma Kupyansk üzərindən keçən dəmir yolu vasitəsilə təchiz olunub.

Səhər saatlarında rus qoşunlarının İzümu tərk etməyə başladığı barədə xəbərlər yayılıb. Bunu bir neçə rusiyalı bloqçu da bildirir.

Bununla yanaşı Ukrayna hərbçilərinin şəhərə daxil olduğu xəbər verilib. Hərçənd ki, yazı hazırlanarkən bunu təsdiqləyən heç bir foto və ya video daxil olmayıb.

Xarkov vilayətində hücum necə başladı?

Son həftələr ərzində Ukraynanın Xerson şəhəri üzərinə hücuma hazırlaşdığı barədə məlumatlar yayılırdı.

İctimai diqqətin cənubda gözlənilən həmləyə yönəldiyi bir vaxtda, Kiyev ölkənin şərqindəki bölgəyə əks-hücum əməliyyatına başlayıb.

Ukrayna Silahlı Qüvvələri artıq Xarkov vilayətində 30-dan çox kənd və qəsəbənin azad olunduğunu bildirir.

Sentyabrın 8-də Rusiya ordusu son 7 ayda ilk şəhəri – Xarkovdan 70 km məsafədə yerləşən Balakleyanı itirib.

Əldə olunan nailiyyətlər Ukrayna ordusunun əraziləri qaytarmağa qadir olduğunun təsdiqi kimi istifadə oluna bilər.

Prezident Zelenski öz müraciətində yaranan irəliləyişə baxmayaraq, cənub-şərqdəki Donbas bölgəsində “şiddətli döyüşlərin” davam etdiyini qeyd edib.

Rusiya necə cavab verib?

Rəsmi Moskva son hücuma münasibət bildirməyib, lakin televiziya ilə Xarkova doğru yeni qüvvələrin göndərildiyini əks etdirən videolar yayımlanıb.

“Kupyansk və İzüm şəhərləri yaxınlığına hava yolu ilə gücləndirici qüvvələr göndərilir”, – Rusiyanın VGTRK TV kanalının reportajında bildirilir.

Sosial şəbəkələrdə Rusiya qoşunlarının Ukraynanın aldığı Balakleya şəhərinə doğru istiqamət aldığını da görmək olar.

İzüm qruplaşması niyə mühümdür?

İzüm Ukraynanın şərqində Rusiya hücumunun əsas istiqamətlərindən biri olaraq, müharibənin ilk günlərindən dağıdıcı atəşə məruz qalıb.

Martın sonu – aprelin əvvəllərində ruslar onu ələ keçirə biliblər və burada Rusiya qoşunlarının iri qruplaşması yerləşdirilib. Onun əsas vəzifəsi cənubdakı Ukrayna qüvvələrini təcrid etməklə, Xarkov şəhərinin alınmasını təmin etmək idi.

Lakin belə planların real olmadığını dərk edəndən sonra, qruplaşma Donbasdakı əməliyyat üçün istifadə olunub.

Son döyüşlər zamanı Rusiya ordusu Ukraynanın müdafiə xəttini bir qədər cənuba doğru sıxışdırmağa müvəffəq olub. Lakin İzüm qruplaşması Ukrayna hərbçilərinin hərəkətlərini ciddi şəkildə çətinləşdirsə, o qədər də uğur qazana bilməyib.

Editor

Related Posts