Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Evlənəndən sonra Cavan müəllim Raisanın adını dəyişdirib Röya eləmişdi”- Cavan Zeynallı

“Cavan Zeynallı ilə Röya xanım 25 il idi evli idilər. Onlar Cavan müəllimin bir qohumunun vasitəsi ilə tanış olmuşdular. Çox mehriban idilər bir-biri ilə. Cavan müəllim Röyanın ölümündən çox təsirlənib. Röyanın yas mərasimlərində onun göz yaşları dayanmırdı”.

Bu sözləri xalq artisti Cavan Zeynallının ötən gün vəfat etmiş həyat yoldaşı Röya Zeynallının yaxın rəfiqəsi, sinif yoldaşı və qohumu, Qusar şəhər sakini Svetlana Kazımova deyib.

Onun sözlərinə görə, Cavan müəllimlə Röya çox istəkli olublar. Hətta onların evliliyi ərəfəsində Cavan müəllim bir sürpriz edib:

“Röya danışırdı ki, evimi təmir elətdirirdim, birdən Cavan zəng elədi ki, tez düş aşağı, şəxsiyyət vəsiqəni də götür. Mən də düşdüm. Cavan mənə dedi ki, otur maşına, gedirik zaqsa. Mən dedim, bu geyimdə? Cins şalvarda idim. Dedi, eybi yox. Bu geyimdə getdik və nikaha düşdük”.

“Təzə evlənəndə Röya xanım hamilə qalmışdı. Uşağın tələf olmaması üçün hətta Amerikaya qədər getmişdilər, amma, xeyri olmadı. Uşaq 6 aylığında tələf oldu” – deyə Svetlana xanım qeyd edib.

Yaxın rəfiqəsi Röyanın yüksək qan təzyiqindən əziyyət çəkdiyini, müalicə olunduğunu deyib:

“İrana da getmişdi, mütəmadi zəli ilə də müalicə edirdi. Boynuna qanın normal işləməsi üçün zəli qoyurdu. Sonuncu dəfə də qan təzyiqindən insult keçirdi, bir tərəfi iflic olmuşdu. Müalicələrin xeyri olmadı. Mən həmişə yanında olmuşam. Xəstəxanada yanında qalmışam”.

Svetlana Kazımova xanımı dünyasını dəyişəndə Cavan Zeynallının onu Yasamal qəbristanlığında dəfn etmək istədiyindən də danışdı:

“Amma Röyanın yaxınları onun Qusar şəhərində, valideynlərinin və iki qardaşının yanında basdırılmasını istədilər. Cavan müəllim razılaşdı. O Bakıda Röyanın yas məslisini də keçirdi.”

Yaxın qohumu Svetlana Kazımova onu da deyib ki, xalq artisti anasını, bacısını itirdikdən sonra Röyanın da vəfatı ona pis təsir edib.

İndi Cavan müəllim Röyanın baxıb saxladığı qardaşı oğlu ilə qalır. Qardaşı vəfat edəndən sonra Röya bu uşaqlara dəstək olmuşdu, böyüdüb özü saxlamışdı.
Svetlana xanım 69 yaşında vəfat edən Röya Zeynallının əvvəllər adının Raisa olduğunu deyib:

“Evlənəndən sonra Cavan müəllim Raisanın adını dəyişdirib Röya eləmişdi”.
Svetlana xanım Qusarı çox sevən Cavan Zeynallıya Röyanın yaxınlarının həmişə mənəvi dəstək olacağını deyib. Çünki o Röyanı son nəfəsinə qədər heç vaxt tək qoymayıb.

admin

Related Posts