Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Azərbaycan və Balkan ölkələri

Azərbaycan və Balkan ölkələri

Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri də Balkan ölkələri ilə münasibətləri inkişaf etdirməkdir. Bakının bu regiona marağı obyektiv və praqmatik faktorlara söykənir.

Coğrafi faktor
Balkan yarımadası Mərkəzi-Şərqi Avropa regionunu əhatə edir. Azərbaycan fiziki-coğrafi cəhətdən həm Avropa, həm də Asiya ölkəsi sayılsa da, siyasi-coğrafi nöqteyi-nəzərindən Şərqi Avropa ölkəsidir. BMT TŞ-nın rotasiya prinsipi ilə seçilən 10 qeyri-daimi üzv fərqli regionlardan (5 dövlət Afrika-Asiyadan, 1 dövlət Şərqi Avropadan, 2 dövlət Latın Amerikasından, 2 dövlət Qərbi Avropa və digər regionlardan) 2 il müddətinə seçilirlər. 2011-ci ildə Azərbaycan Şərqi Avropa regionundan 2 illik müddətinə qeyri-daimi üzv seçilmişdir.

Dəyərlər
Qərbi Avropa ölkələrindən fərqli olaraq Balkan ölkələri xarici siyasətə ideoloji prizmadan yanaşmırlar. Oxşar tarix (hər iki region uzun müddət SSRİ-nin təsiri altında olmuşdur) + ümumi çağırışlar (ərazi-suverenlik problemləri, kənar qüvvələrin ölkənin daxili işlərinə müdaxiləsi cəhdləri) qarşılıqlı inteqrasiyanın əsasını təşkil edir.

Energetika
Hazırda enerji beynəlxalq güclərin nüfuz və hakimiyyət uğrunda mübarizəsində əsas təsir alətlərindən birinə çevrilib; perspektivli iqtisadi layihələr siyasi ambisiyalar naminə qurban verilir. Belə şəraitdə iqtisadi maraqları siyasi maraqlardan ayırmağı bacaran Azərbaycan, Balkan yarımadası ölkələrinə qarşılıqlı faydalılıq prinsiplərinə əsaslanan əməkdaşlıq təklif edir. Yeni perspektiv istiqamətlər Yunanıstan-Bolqarıstan interkonnektorunun istifadəyə verilməsindən sonra daha da aktuallaşıb. Bolqarıstana nəql olunan Azərbaycan qazı 2023-cü ildən Rumıniya bazarına da daxil olur. Hazırda Serbiyanı da ümumi sistemə birləşdirəcək interkonnektor üzərində iş gedir. İonika-Adriatik dənizi layihəsinin yaxın gələcəkdə reallaşması isə hazırda Azərbaycan qazını almayan daha üç Balkan ölkəsinə Azərbaycanın enerji resurslarının nəql edilməsinə imkan verəcəkdir.
Energetika sahəsində əməkdaşlıq neft-qaz ilə məhdudlaşmır. Mövcud çağırışlar + qlobal tendensiyalar + Azərbaycanın alternativ enerji potensialı elektrik enerjisinin tədarükünə dair danışıqları aktuallaşdırır. Cari həftədə Qara dənizin dibi ilə 1195 km-lik elektrik kabelinin salınması məqsədilə Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan işçi qrupu yaradılmışdır. Hazırda Azərbaycanın ixrac imkanları orta hesabla 1000 meqavat ətrafındadır. Lakin, Azərbaycan külək və günəş stansiyaları layihələrindən savayı daha bir, üçüncü layihəni reallaşdırmaq üzrədir. Bu üç layihə yaxın aylarda Azərbaycanın yaşıl enerji ixracı imkanlarını daha 700 meqavat artıracaqdır.

Logistika
Azərbaycan üçün Balkan yarımadası Qara dəniz, Egey dənizi və Adriatik dənizə çıxışı olan bir regiondur. Açıq dənizlərə çıxışa malik olmayan Azərbaycana logistika imkanlarının artırılması baxımından Balkan ölkələri ilə tərəfdaşlıq çox vacibdir. Perspektivdə Azərbaycan Gürcüstan və Türkiyə limanları sayəsində ixrac və tranzit yüklərini Balkan ölkələri limanlarına və daha da uzağa daşımağı düşünür.

Təhlükəsizlik
Ümumi çağırışlar (Azərbaycan↔️Qarabağ, Serbiya↔️Kosovo və s.) tərəflər arasında təhlükəsizlik sahəsində əməkdaşlığı da aktual edir. Bu istiqamətdə Azərbaycan və Serbiya müdafiə sənayesi nazirliklərinin imzaladıqları sazişləri nümunə göstərmək olar.

Daha bir vektor − Azərbaycan-Yunanıstan əlaqələridir. Beynəlxalq əhəmiyyətli layihələrlə Yunanıstanı özünə bağlaya bilən Bakı, Afinanı İrəvanla münasibətlərdə məcburi balanslı siyasət aparmağa vadar edir.

Eyni zamanda, BMT TŞ-da 10 qeyri-daimi üzvündən birinin Şərqi Avropa regionundan seçilməsi Azərbaycanın Balkan ölkələri ilə yaxınlığına obyektiv çalar qatır. Xatırladaq ki, Fransanın BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qəbul etdirmək istədiyi son qərəzli qətnaməyə Şərqi Avropa regionundan seçilən Albaniya qarşı çıxmışdır.

Editor

Related Posts