Today Şənbə, 19th Aprel 2025
Birinci 24

Birinci 24

Münxendə Azərbaycan üçün iki vacib məqam: Bu baş versə…

Münxendə Azərbaycan üçün iki vacib məqam: Bu baş versə…

Münxen Təhlükəsizlik Konfransında iki mühüm məsələ aydınlaşmış oldu. Bunlardan biri Azərbaycan və Ermənistanın Zəngəzur və Laçın-Xankəndi yolunda nəzarət buraxılış məntəqəsinin açılmasına müsbət münasibət bildirməsi ilə bağlıdır. Digər bir məsələ ABŞ-ın artıq bu danışıqlarda daha fəal rol oynayacağını bəyan etməsidir. Çünki Amerika da artıq bu prosesdə vasitəçilik xidmətlərini təklif edir. Görünən isə odur ki, hər iki tərəf ABŞ-ın bu vasitəçilik təklifi qəbul edib.

Bunu politoloq Zərdüşt Əlizadə deyib.

O qeyd edib ki, konfransda hər bir tərəf öz mövqeyini açıq ifadə etməyə çalışıb: “Tbilisidə keçirilməsi nəzərdə tutulan görüşlərlə bağlı da məsələyə aydınlıq gətirilib. Sadəcə olaraq yenə də Nikol Paşinyan burada pozucu mövqedə dayanır. Çünki o istəyir ki, Azərbaycanla Ermənistan təkbətək qalmasın. Azərbaycan güclü, Ermənistan zəif olduğuna görə Paşinyan belə bir xətt götürüb. Erməni baş nazir çalışır ki, hansısa bir Qərb dövləti onun yanında dursun. Dünənə qədər Fransa Prezidenti Emannuel Makronun onların yanında idi. İndi isə düşünürlər ki, ABŞ Ermənistanın əsassız iddialarına dəstək verə bilər”.

Politoloq hesab edir ki, Ermənistanın Rusiyadan əli üzüldükdən sonra məhz bu xətt seçilib: “Rusiya da onlara yalnız bir məsələdən başqa digər proseslərdə dəstək vermir. Bu da Qarabağın hansısa “status” və onun subyekt kimi qalması ilə bağlıdır. Sözsüz ki, Azərbaycan bu hallarla qəti şəkildə razı olmayacaq. Azərbaycan tərəfi Qarabağda yaşayan erməni icması ilə kommunikasiyalar yaratmaqda maraqlıdır. Əslində Ruben Vardanyan qanunsuz olaraq bu əraziyə gələnə qədər kommunikasiyaların yaradılması istiqamətində müəyyən addımlar atılmışdı”.

Zərdüşt Əlizadə Azərbaycanla Ermənistan arasında mümkün sülh məsələsinə də aydınlıq gətirib: “Ermənistan tərəfi Azərbaycanın təklif etdiyi 5 baza prinsipinə yeni əlavələr edib. Bu da Qarabağ erməniləri ilə danışıqların hansısa beynəlxalq mexanizm əsasında aparılmasını nəzərdə tutur. Azərbaycan üçün isə bu təklif qeyri-məqbuldur”.

Editor

Related Posts