Today Şənbə, 19th Aprel 2025
Birinci 24

Birinci 24

Xatirə muzeyində Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Xatirə muzeyində Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Xatirə muzeyində 27 sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra muzeyin direktoru Aytən Qasımova və Naxçıvan Müəllimlər İnstitutunun kafedra müdiri Aslan İbrahimov bildiriblər ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən qəhrəman şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-i ölkəmizdə Anım Günü kimi qeyd olunur.

Bildirilib ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi intensiv atəşə tutdu. Ali baş Komandanımızın əmri ilə ordumuz düşmən təxribatının qarşısını almaq məqsədilə əks-hücum əməliyyatlarına başladı. Müzəffər və rəşadətli ordumuz 44 günlük Vətən müharibəsində uğurlu əməliyyatlar keçirərək düşməni darmadağın etdi, 30 ilə yaxın işğal altında qalan torpaqlarımız azad olundu.

Vurğulanıb ki, torpaqlarımızın azadlığı uğrunda Naxçıvandan olan igid oğullar da qəhrəmancasına mübarizə aparıb, vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirərək ərazi bütövlüyümüzün təmin olunmasında şücaət göstəriblər.

Tədbirdə şəhid baş leytenant Raqib Hüseynovun anası Rəna Hüseynova və şəhid baş leytenant Sahil Məmmədovun anası Sahilə Məmmədova çıxış edərək övladlarının şücaətindən fəxarətlə bəhs edib, onlarla bağlı xatirələrini paylaşıblar. Qeyd ediblər ki, belə görüşlər şəhidlərimizin ruhuna ehtiram, ailələrinə mənəvi dəstək göstərmək və gənclərin qəhrəmanlarımızı daha yaxından tanıması, vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Sonra Vətən müharibəsi iştirakçıları baş leytenant Hüseyn Həsənov və baş leytenant Abbasəli Tarverdiyev sıralarında mətanətlə xidmət apardıqları müasir Azərbaycan Ordusunun qüdrətindən, Vətən torpaqlarının azadlığa qovuşmasında rolu olan şəhidlərimizin və qazilərimizin rəşadətindən bəhs ediblər.

Sonda muzeylə tanışlıq olub.

Məlumat verilib ki, vətənpərvərlik və vətənə sevgi hisslərinin təbliğ edildiyi ünvanlardan biri olan bu muzey ermənilər tərəfindən törədilən soyqırımı qurbanlarının, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş naxçıvanlıların xatirəsini əbədiləşdirmək məqsədilə 2000-ci ildə yaradılıb. Muzeydə soyqırımı faktları, şəhidlərin fotoşəkilləri, ermənilərə qarşı döyüş fəaliyyətlərini əhatə edən materiallar, eyni zamanda Milli və Sovet İttifaqı qəhrəmanlarının fotoşəkilləri, şəxsi əşyaları və onlara aid olan digər materiallardan ibarət eksponatlar mühafizə və nümayiş etdirilir. Həmçinin muzeydə 44 günlük Vətən müharibəsinə həsr olunmuş Zəfər Guşəsi də yaradılıb.

admin

Related Posts