Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda 27 Sentyabr – Anım Günü qeyd olunub

Torpaq uğrunda, Vətən yolunda şəhid olan, onun keşiyini çəkib sərhəd daşına dönən oğullar heç vaxt unudulmur, əbədi yaşayırlar. II Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalanlar bu gün hər birimizin and yerinə çevriliblər.

II Qarabağ müharibəsinin başladığı tarix, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə ölkə­mizdə təsis olunan 27 Sentyabr – Anım Günündə muxtar respublikada da ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərimiz böyük ehtiramla yad olunub. Həmin gün muxtar respublikanın nazirlik, komitə, idarə, müəssisə və təşkilatlarının nümayəndələri, demək olar ki, bütün sakinlər şəhid məzarlarını ziyarət ediblər. Məzarların önünə gül dəstələri qoyulub, dualar oxunub, ərazi bütövlüyümüz uğrunda canından keçən igidlərimiz minnətdarlıqla yad edilib.

Sentyabrın 27-də saat 1200-da muxtar respublikanın bütün ərazisində Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, nəqliyyatın hərəkəti ­dayandırılıb.

Müzəffər Ordumuzu, mübariz xalqımızı, qüdrətli ölkəmizi, dövlətimizi Böyük Zəfərə aparan 27 sentyabr günündən artıq 2 il ötür. Xalqımız tarixi ədaləti bərpa edən mübariz oğulların şücaətini yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən hər il 27 sentyabr “Anım Günü” kimi qeyd olunur.

Vətən müharibəsi başlayan kimi Naxçıvanın qəhrəman övladları da torpaqlarımızın işğaldan azad olunması üçün müqəddəs savaşa atılıblar, şəhidlər veriblər. Ölkə başçısı 44 günlük Vətən müharibəsində Naxçıvandan olan qəhrəman oğulların igidliklərini yüksək qiymətləndirərək deyib: “Naxçıvanlılar İkinci Qarabağ müharibəsində digər bütün bölgələrdən olan vətəndaşlar kimi fəal iştirak ediblər… Başqa bütün bölgələrdən olan hərbçilərlə bərabər, naxçıvanlılar da böyük qəhrəmanlıq göstəriblər və torpaqlarımızın azad edilməsi işində fədakarlıq göstəriblər, şəhidlər veriblər”. Tarixi zəfərdən sonra 2021-ci il mayın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev muxtar respublikaya səfəri zamanı Naxçıvan şəhər qəbiristanlığında Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edərək onlara ehtiramını bildirib.

Ölkəmizdə olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da Vətən müharibəsi şəhidlərinin ailə­lərinə, qazilərə hərtərəfli qayğı sosial siyasətin əsas istiqamətinə çevrilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində bu kateqoriyadan olan şəxslərin mənzil və avtomobillərlə təminatı diqqət mərkəzində saxlanılıb, sağlamlığını itirmiş insanlara müvafiq dərəcələrin təyin olunması istiqamətində zəruri addımlar atılıb. İkinci Qarabağ müharibəsindən sonra 43 sosial qayğıya ehtiyacı olan ailə mənzillərlə təmin olunub, 44 şəxsə minik avtomobili təqdim edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 dekabr tarixli Fərmanı əsasında yaradılmış “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu” tərəfindən silsilə tədbirlər həyata keçirilir. Ali Məclis Sədrinin 2021-ci il 2 iyul tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasında şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri” yaradılıb.

Sentyabrın 27-də Anım Günü ilə əlaqədar Naxçıvan Şəhər İcra Hakimiyyətinin, tabeli müəssisə və təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri Naxçıvan şəhərindəki Şəhidlər xiyabanına və şəhər qəbiristanlığına yürüş edib, şəhidlərimizin ruhuna “Qurani-Kərim”dən ayələr oxunub, dualar edilib, məzarları önünə gül dəstələri düzülüb, Vətən oğullarının əziz xatirəsi yad olunub. Azərbaycanın dövlət müstəqilliyi, ərazi bütövlüyü uğrunda qurban gedənlərin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

admin

Related Posts