ABŞ və Avropa İttifaqı (Aİ) regionda gərginliyin sona çatmasından sonra Qəzza zolağına BMT qüvvələrinin yerləşdirilməsi imkanını nəzərdən keçirir.
Bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ və Aİ rəsmiləri BMT-nin Atəşkəsə Nəzarət Təşkilatının (UNTSO) rolunu genişləndirməyi düşünürlər.
Agentlik mənbələrinin bildirdiyinə görə, UNTSO-nun səlahiyyətləri dünyanın digər sülhməramlı missiyalarının, məsələn, Haiti və Somalidə BMT qüvvələrinin yerləşdirilməsi təcrübəsi əsasında genişləndirilə bilər.
Digər tərəfdən, “Bloomberg” yazır ki, İsrail rəsmiləri BMT qüvvələrinin regionda təsirli olacağına şübhə ilə yanaşırlar. Onlar bildirirlər ki, HƏMAS və ya hər hansı digər anti-İsrail qüvvələrinin bərpa olunmamasını təmin etmək üçün İsrail qüvvələri Qəzza zolağına öz istəyi ilə girib-çıxmalı olacaq.