Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ruhani Siyasət Bağırova hökm oxundu

Ruhani Siyasət Bağırova hökm oxundu

Dekabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti ruhaniyə hökm oxunub. Hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ilahiyatçı, Quran ustadı Hacı Siyasət Bağırov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Siyasət Bağırov martın 30-da saxlanılıb və barəsində  Azərbaycan CM-nin 234.4.3 maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmə dövründə hakim maddəni 234.1-1-ə  (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) tövsif etmişdi.

Siyasət Bağırov 2023-cü ilin gəlişi ilə ölkədə həbs olunan yüzlərlə inanclı içində yer alan 50-dən artıq ruhanidən biridir. Onlardan bəzilərinin hökmü oxunaraq saxta ittihamlarla həbsxanalara köçürülsələr də, bəziləri hələ də istintaq altındadırlar.

 “Məlumat” İnformasiya Agentliyi Siyasət Bağırovun məhkəmədə söylədiyi son çıxışını social media üzərindən dərc edib.

“Biz dindarlar öz vətənimizdə qəribik. Vətənin çətin günlərində dindarlar hər zaman öndə olublar. 44 günlük müharibədə də dindarlar həm ön cəbhədə döyüşdü, şəhid oldu, həm arxa cəbhədə şəhidlərimizin yuyularaq qüsullanıb dəfn edilməsində can başla iştirak etdilər.

O şahid gəlib orda nəyəsə and içdi. Nə idi o and içdiyi? O şahid yalan danışdığına görə Allaha necə cavab verəcək?

Başqa ölkələrdə xaricdə dini təhsil alanlar geri dönüb öz ölkəsində narkomaniyaya, sərxoşluğa və cəmiyyətdəki digər çatışmazlıqlara qarşı mübarizə aparır, Azərbaycanda isə xaricdə dini təhsil alana qarşı mübarizə aparırlar.

6 ay “Tubzonda” qaldım. Mart ayından həbsdəyəm. Nə günahım var ki, məni narkotiklə şərləyib, siçovullarla, tarakanlarla dolu otaqda saxlayırlar?

Allah var, səmavi kitablar var. Allahın istəmədiyi bir hadisə başımıza gəlməz. Allah bütün bunları ona görə edir ki, ibrət götürək. Çünki günahlar çoxalanda Allah həmin qövmə bəla göndərir. Baxın, Türkiyədə baş verən güclü zəlzələ, Azərbaycandakı bu haqsız həbslər, hamısı ibrətdi. Anlayanlara…

 Mən uşaqlıqdan namaz qılmışam, ibadət etmişəm. Sovet dövründə atam-anam məni İslama dəvət edib. Anam məni “sklata” (anbara,- red.) çevrilən məscidə aparardı.

Biz gözümüzü açandan İmam Hüseyni (ə) sevmişik. İmam Hüseyn (ə) nə İranın deyil, nə Ərəbistanın.

Mən öz ölkəmdə azad yaşamaq istəyirəm. Dinimi, dəyərlərimi yaşamağa mənə mane olurlar. Neyləyim, 54 yaşımda durub hara gedim?! 5 nəvəm var, mən indi nəvələrimlə oynamalıyam. Bu gün mənim nəvəm mənə qarşı edilən haqsızlıqları görür və bütün bu baş verənlər onun qəlbində ölkəmizə qarşı hansı fikirləri yaradacaq?! Eləcə də atası, babası bu haqsızlığa məruz qalan digər azyaşlıların təfəkküründə vətən düşüncəsi hansı şəkildə formalaşacaq?!

Sözüm haqsızlıq edən hakimlərə və dövlət ittihamçılarınadır; siz Qiyamət günü Allaha necə cavab verəcəksiniz?

Azərbaycan hökumətinin İranla arası dəyən kimi ölkəmizdəki dindarlara qarşı təzyiqlər başlayır. İndi Azərbaycanla İranın arasında mehribanlaşma var, amma bu mehribanlaşmanın dindarlara təsiri yoxdur.

Bilirsiz, məni Ramazan ayında tutdular. Bu nə hikkədir? Guya Ramazan ayının bitməsini gözləmək olmazdı? Niyə görə oruclu dindarı tutub narkotiklə şərlədilər?

Mənə rəis dedi ki, bu narkotiki götürməsən həyat yoldaşının çantasından çıxacaq. Əgər bu narkotiki boynuna almasan, gedib çöldən 4-5 cinsibaz çağıracam, soyundurub səninlə şəklini çəkəcəm, biabır olacaqsan. Mən də boynuma aldım.

Axı bura mənim vətənimdir, amma mən öz ölkəmdə azad deyiləm.”

Editor

Related Posts