Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ruhani Fəramiz Abbasov dünyasını dəyişib

Ruhani Fəramiz Abbasov dünyasını dəyişib

Ömrünü islam dini və əhli-beyt məktəbinin məariflərinin tətbiqi və yayılmasına sərf edən və bu yolda çətin mübarizə aparan tanınmış ruhani höccətül-islam Fəramiz Abbasov dünyasını dəyişib.

Masallının tanınan və sevilən ruhanilərindən olan Seyid Fəramiz Abbasov Bakı Ağır Cinayətlər Məhkəməsinin 2011-ci il 7 oktyabr tarixli hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, hicaba qoyulan qadağaya qarşı çıxdığından “hicab məhbusu” kimi tanınırdı.

2011-ci il yanvar ayının 7-si axşam saatlarında Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov və Partiyanın təşkilati məsələlər üzrə sədr müavini Vaqif Abdullayev saxlanıldı. Bu hadisədən sonra hicaba qarşı qadağaların əleyhinə olan dindarların həbsi davam etdirildi və Seyyid Fəramiz Abbasov da bu həbslərə daxil idi.

7 oktyabr 2011-ci ildə uzun məhkəmə çəkişməsindən sonra Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədov, onun qayını Firdovsi Məmmədrzayev, əmisi oğlu Dəyanət Səmədov, partiyanın sədr müavini Vaqif Abdullayev və Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, ruhanilər Seyyid Fəramiz Abbasov və Zülfüqar Mikayılzadəyə hökm oxunub.

Həmin məhkəmə iclasında  Fəramiz Abbasova 11 il azadlıqdan məhrumetmə cəzası verildi.

Qeyd edək ki, Adıçəkilən şəxslər beynəlxalq insan haqları qurumları tərəfindən siyasi məhbus elan ediliblər. Vaqif Abdullayev həbsdən 1 il sonra cəzaçəkmə müəssisəsində dünyasını dəyişdi.

İslamçıları müdafiə edənlər hesab edir ki, bu həbslər siyasi xarakterlidir və əsasən 2011-ci il yanvarın 2-də partiyanın Baş Məclisində Mövsüm Səmədovun çıxışı ilə bağlıdır. 2007-ci ildə partiya sədri seçilən Mövsüm Səmədov 2011-ci il yanvarın 2-də Azərbaycan İslam Partiyası Baş Məclisinin iclasında çıxış edərək məktəblərdə hicaba qadağa qoyulmasını kəskin pisləyib və hakimiyyətin ünvanına sərt ittihamlar səsləndirmişdi.

2020-ci il Aprelin 6-da İlham Əliyevin koronavirus infeksiyasının yayılması ilə əlaqədar yaşı 65-dən yuxarı olan məhkumların azadlığa burazılmasına dair sərəncamı ilə hicab müdafiəçisi olduğuna görə həyatının 9 ilini həbsdə keçirən, beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı Fəramiz Abbasov da azadlığa buraxılmışdır. Ancaq həbs həyatının onun sağlamlığına buraxdığı ağır mənfi təsirlər azadlıqdan sonra da onu tərk etmədi və bu mübariz ruhanı həyatının sonunadək ona qəbul etdirilmiş xəstəliklərlə də mübarizə aparmalı oldu.

Editor

Related Posts