Büdcədə neft-qaz sektorunun payı azalır

Büdcədə neft-qaz sektorunun payı azalır

Məlum olduğu kimi, Milli Məclisdə 2024-cü ilin dövlət və icmal büdcələrinə dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsi müzakirə olunur.

Birinci24.com xəbər verir ki, təqdim olunan məlumatlara əsasən, dövlət büdcəsinin gəlirləri üzrə əlavə artımın 27,8%-nin neft gəlirləri, 72,2%-nin isə qeyri-neft gəlirləri hesabına formalaşacağı nəzərdə tutulub.

SOCAR tərəfindən dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulmuş dividendlər (408 milyon manat) də daxil olmaqla neft-qaz sektoru üzrə daxilolmalar təsdiq edilən büdcə (17 milyard 164 milyon manat) ilə müqayisədə artaraq 17 milyard 769 milyon manat nəzərdə tutulub.

Qeyri neft-qaz sektoru üzrə gəlirlər isə təsdiq olunan büdcəyə münasibətdə artırılaraq 18 milyard 584 milyon manat proqnozlaşdırılıb ki, bu da büdcə gəlirlərinin 51,1%-nə bərabərdir.

Dövlət büdcəsinə yenidən baxılma zamanı büdcə gəlirlərinin sektorlar üzrə payında mövqelər dəyişib və qeyri neft-qaz gəlirləri üstün mövqe tutub. 2024-cü ilin təsdiq edilən dövlət büdcəsinin gəlirlərində neft sektorunun payı 50,2% olsa da, yenidən baxılan büdcə layihəsində qeyri-neft gəlirləri üzrə nəzərdə tutulan artımın daha çox olması hesabına neft sektorunun payının azalaraq cəmi gəlirlərin 48,9%-ni təşkil edəcəyi nəzərdə tutulur.

Qeyd edək ki, neft-qaz sektorunda hasilat proqnozları nəzərə alınmaqla neftin qiymətinin hər 10 dollar artımı dövlət büdcəsinin neft gəlirlərinə təxminən 420 milyon manat artırıcı təsir edir.

Editor

Related Posts