Hesablama Palatasında sədr Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclası keçirilib.
Birinci24 informasiya agentliyi xəbər verir ki, kollegiya iclasında “Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən dövlət vəsaitinin və əmlakının istifadəsinin hüquqi aktlara uyğunluğunun auditinin nəticələrinə dair Auditor hesabatı” və “Naxçıvan Muxtar Respublikası Ali Məclisi və tabeli qurumu tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının istifadəsinin auditinin nəticələrinə dair Auditor hesabatı” müzakirə edilərək təsdiqlənib.
İclasda Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxs tərəfindən dövlət vəsaitinin istifadəsinin və idarə olunmasının auditinə, İşsizlikdən sığorta fondunun büdcəsinin gəlirlərinin və xərclərinin icrasının auditinə, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən (seçmə qaydada) dövlət vəsaitinin və digər dövlət əmlakının, istifadəsinin və idarə edilməsinin auditinə dair kənar dövlət maliyyə nəzarəti tədbirlərinin proqramlarının təsdiq edilməsi barədə qərarlar qəbul edilib.
Eyni zamanda, kollegiya iclasında Hesablama Palatasında keyfiyyətin idarəedilməsi siyasətinin yeni İSSAİ 140-a uyğunlaşdırılması (SoAQM layihəsi çərçivəsində) qərara alınıb.
İclas zamanı Çexiya Respublikasının Praqa şəhərində keçirilən “İqlim Skaneri üzrə EUROSAİ regional təlimi” mövzusunda iştirakla bağlı Hesabat müzakirə edilib. Qiymətləndirmə alətinin əsas aspektləri barədə məlumat verən məruzəçi bildirib ki, alət üzrə aparılacaq qiymətləndirmə nəticələri bütün ölkələr üzrə ümumiləşdirilərək Bakıda keçiriləcək COP-29 tədbirində açıqlanacaq.
Sonda Hesablama Palatasının 2024-cü ilin İş Planında əks olunmuş kənar dövlət maliyyə nəzarəti tədbirlərinin icra vəziyyəti müzakirə edilib, sədr tərəfindən İş Planına təkliflərin təqdim edilməsi üçün auditorlara tapşırıqlar verilib.