Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“O, bizi, inancımızı təhqir edirdi, hansı siyasi motivdən söhbət gedir?”

“O, bizi, inancımızı təhqir edirdi, hansı siyasi motivdən söhbət gedir?”

2005-ci ildən Milli Məclisin deputatı olan Fazil Mustafaya qarşı sui-qəsddə təqsirləndirilən şəxslər məhkəmədə son sözlərini deyiblər. Onlar bildirib ki, Fazil Mustafanı İrandan gələn sifariş və 30 min dollar pul qarşılığında vurmaları barədə ittiham həqiqətə uyğun deyil.

Birinci24.com xəbər verir ki, avqustun 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə keçirilən məhkəmə prosesində əvvəl Rəşad Əhmədovun vəkili Cabir Mehrəliyev çıxış edib. Vəkil bildirib ki, ciddi sübut-dəlil olmadan adamlara dövlətə xəyanət, terrorçuluq kimi ağır ittihamlar verilib. Bu ittihamlar əsasında da prokuror təqsirləndirilən şəxslərə ömürlük, 20 il azadlıqdan məhrumetmə cəzası istəyir:

“İnsanların özlərinin, ailələrinin həyatını məhv etmək belə asan olmamalıdır. Bu işə görə nə qədər adamı cəlb eləyiblər. Əmin olanda ki, bu işlə əlaqəsi yoxdur, narkotik ittihamıyla həbsə göndəriblər”.

Vəkil bildirib ki, Rəşad Əhmədovun saxlanmasını rəsmiləşdirmək üçün əvvəl Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində (“bandotdel”) onun cibinə narkotik qoyublar. Bu ittihamla bir müddət saxlayandan sonra işgəncə altında ifadələrə imza atdırılaraq, Fazil Mustafaya qarşı sui-qəsdlə bağlı cinayət işinə cəlb ediblər. Vəkil əlavə edib ki, Rəşad Əhmədovun İrandan 30 min dollar pul gətirməsi, onun dövlətə xəyanət etməsilə bağlı mötəbər sübut yoxdur.

Daha sonra təqsirləndirilən şəxslər son sözlərini deyiblər.

Azər Səricanov bildirib ki, Fazil Mustafanın siyasi motivlə vurulması barədə ittiham absurddur:“Şəriətimə, dinimə, əqidəmə görə eləmişəm. O, bizi, inancımızı təhqir edirdi. Hansı siyasi motivdən söhbət gedir? Şərəfimə, namusuma and olsun, onu öldürmək niyyəti olsaydı, öldürərdik. Sadəcə, başa salmaq istədik ki, insanların dəyərlərilə oynamaq olmaz. İcra başçısı məscidə ayaqqabı ilə girir, Allahı, imamları təhqir edir. Fazil Qəzənfəroğlu deyir ki, Aşura nəyə lazımdır? Məhərrəm ayında niyə toy olmasın?”

Rəşad Əhmədov bildirib ki, özünü yalnız qanunsuz silah saxlamaqda təqsirli bilir, digər ittihamları qəbul eləmir. O deyib ki, İrandan 30 min dollar pul gətirməkdə ittiham olunur, lakin bununla bağlı heç bir sübut yoxdur:

“Telefonumda 3-4 şəklə görə dövlətə xəyanət ittihamı veriblər mənə. Mənim kimi minlərlə insan bu gün dini inancına görə həbsdədir. Ali təhsilli adamam, himayəmdə azyaşlı uşaqlarım var, atam Qarabağ müharibəsinin iştirakçısı olub”.

Səbuhi Şirinov da son sözündə kifayət qədər sübut olmadığı halda, ağır maddələrlə ittiham verilməsindən şikayətlənib. Onun sözlərinə görə, həbsinin ilk günlərində ona dövlət hesabına təyin olunan vəkil, ancaq müstəntiqin istədiyi sənədlərə qol çəkməklə məşğul olub, onu müdafiə etməyib: “Təəssüf ki, belə vəkillər var. Məni ailəmlə hədələyib, sənədlərə imza atdırıblar. Yazıblar guya siyasi fəaliyyətinə görə onu vurmuşam. Mən heç bilməmişəm onun siyasi fəaliyyəti nədir”.

Elşad Əagərov da son sözündə bu cinayətin İranın sifarişi və maliyyəsilə törədilməsinə dair ittihamı təkzib edib. O bildirib ki, İran əleyhinə danışan başqa deputatlar da olduğu halda, yalnız Fazil Mustafanın cəzalanması onun İrana görə yox, başqa səbəbdən vurulduğunu sübut edir:

“Biz ya onun təhqirlərinə susacaqdıq, ya da onu cəzalandıracaqdıq. İki yol var idi. Heysiyyətimizlə oynamışdı. Bizim onu öldürmək niyyətimiz olsaydı, avtomatda qalan 20 güllə ilə öldürərdik”.

Emin Əliyarov isə son söz üçün məhkəmədən vaxt istəyib. Ona avqustun 9-na qədər vaxt verilib. Həmin gün son sözdən sonra hökm oxunacaq.

Prokuror Orxan Kəngərli ötən məhkəmə iclasında təqsirləndirilən şəxslərdən Azər Səricanovun ömürlük, Səbuhi Şirinov, Rəşad Əhmədov, Elşad Əsgərovun 20 il, Emin Əliyarovun isə 5 il azadlıqdan məhrum edilməsini istəyib.

Fazil Mustafaya qarşı silahlı hücum martın 28-də saat 21:51-də onun yaşadığı evin qarşısında – Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında baş verib. O, bud və çiyin nahiyəsindən xəsarət alıb.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 214-1 (terroru maliyyələşdirmə), 228 (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, gəzdirmə), 274 (dövlətə xəyanət), 277 (dövlət xadimi, ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq, fəaliyyətinə görə qisas almaq məqsədilə həyatına sui-qəsd etmək) maddələrilə ittiham irəli sürülüb.

İttihama əsasən, deputata qarşı sui-qəsd planı İranda müzakirə olunub. Daha sonra bu planın icrası üçün Bakıya 30 min dollar pul göndərilib. Həmin vəsaiti təqsirləndirilən şəxslərdən Rəşad Əhmədov gətirib Azər Səricanova verib. Hadisədən sonra bu puldan da Səbuhi Şirinova verilib.

Təqsirləndirilən şəxslər ifadələrində bildiriblər ki, Fazil Mustafanı dini mövzuda səsləndirdiyi fikirə görə cəzalandırmaq qərarına gəliblər. Lakin onu öldürmək istəməyiblər. Bu səbəbdən də atəş onun həyati əhəmiyyətli orqanlarına yox, çiyin və bud nahiyəsinə açılıb.

Editor

Related Posts