“Tehranın HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətlinə görə İsrailə cavab verməkdən başqa çarəsi yoxdur, çünki BMT Təhlükəsizlik Şurası yəhudi dövlətinin aqressiv hərəkətlərinə qarşı çıxış etməyib”.
Birinci24.com xəbər verir ki, bunu İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kani bildirib.
“Hazırda İsrail rejiminin təcavüzünə qarşı Təhlükəsizlik Şurası tərəfindən hər hansı müvafiq tədbir görülmədiyi bir şəraitdə İran İslam Respublikasının bu rejimin təcavüzünə qarşı qanuni müdafiə kimi ayrılmaz hüququndan istifadə etməkdən başqa çarəsi yoxdur”, – Kani deyib.
O əlavə edib ki, Tehranın cavabı bu rejimin İran İslam Respublikasının suverenliyinə, vətəndaşlarına və ərazisinə növbəti hücumlarının qarşısını almaq üçün lazımdır və lazımi vaxtda və lazımi formada həyata keçiriləcək:
“ABŞ-nin razılığı və Amerika kəşfiyyatının köməyi olmadan mümkün olmayan bu dəhşətli cinayətin törədilməsində İsrail rejiminin əsas müttəfiqi olan ABŞ-nin məsuliyyəti diqqətdən kənarda qalmamalıdır”.