Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Putinin səfəri və Əliyevin “yeni imkan”ları: “Azərbaycan Rusiyadan qorxur”

Putinin səfəri və Əliyevin “yeni imkan”ları: “Azərbaycan Rusiyadan qorxur”

Azərbaycan Prezidenti İlham Əliyev Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin Moskva ilə Bakı arasında sıx qarşılıqlı fəaliyyətdən asılı olduğunu deyib.

Bu barədə İlham Əliyev avqustun 19-da rusiyalı həmkarı Vladimir Putinlə görüşündə danışıb.

Ardınca Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanla bağlı sərt açıqlamalar verib.

O, Baş nazir Nikol Paşinyanı sülh prosesini manipulyasiya etməkdə suçlayıb.

Bu mənada Vladimir Putinin 2 günlük səfərinin nəyə hesablandığı və Azərbaycanın niyə bütün Qafqazda Rusiyanı sülhün qarantı kimi görməsi suallar doğurur.

“Ankara-Moskva münasibətlərində ciddi problemlər var…”

Siyasi şərhçi Rauf Mirqədirov Putinin səfərinin praktik nəticələrinin olmadığı qənaətindədir.

Mirqədirov deyir ki, Putinin məqsədi Əliyevlə Ərdoğan vasitəsilə yox, birbaşa danışıqlar aparmaq və problemləri birbaşa müzakirə etmək idi:

“Putin Rusiyanın Cənubi Qafqazla bağlı problemlərini Ərdoğanla müzakirə edirdi. Hətta 2023-cü ilin sentyabrında Qarabağda 1 günlük əməliyyatdan 10 gün əvvəl Putin Soçidə Ərdoğanla görüşmüşdü. Faktiki olaraq Türkiyə Prezidenti əldə olunan razılaşmaların gerçəkləşməsində həm vasitəçi, həm də qarant idi. Amma Türkiyədə parlament və bələdiyyə seçkilərinə görə Rusiya və Türkiyə başçılarının görüşləri təxirə salınırdı. Bu onun göstəricisidir ki, pozitiv bəyanatlara baxmayaraq, Ankara-Moskva münasibətlərində ciddi problemlər var. Onlar vaxtilə əldə etdikləri razılaşmaları həyata keçirə bilmirlər”.

“Üçtərəfli bəyanat Rusiyanın moderatorluğu deməkdir”

Onun fikrincə, Rusiya və Azərbaycanın bir-birinin ərazi bütövlüyü tanıması bəyanatı da problematikdir və prezidentlərin birgə bəyanatında problemli məqamlar yer alıb:

Sual yaranır: Azərbaycan Rusiyanın ərazi bütövlüyünü hansı çərçivədə tanıyır? Əgər Ukraynanın ərazi bütövlüyünü beynəlxalq səviyyədə tanınmış sərhədlərlə tanıyırsa, bu halda Rusiyanın Konstitusiyasında göstərilən sərhədləri tanımır. Çünki Rusiyanın ərazi bütövlüyü Krımı, Donetski, Luqanskı da əhatə edir. Bu, Azərbaycanı bir qədər mürəkkəb situasiyaya salır. Yaxud birgə bəyanatda 9 noyabr bəyanatına istinad var, yəni Rusiya Ermənistan-Azərbaycan münasibətlərindəki prosesi həmin məcraya yönəltmək istəyir. Məlum Üçtərəfli bəyanat da Rusiyanın moderatorluğu deməkdir və bununla özünün manevr imkanlarını saxlamaq istəyir”.

Rauf Mirqədirov

Fikir verdinizsə, Lavrov üçtərəfli bəyanatları kompleks adlandırır. Halbuki bu, Azərbaycanın maraqlarına cavab vermir, çünki Zəngəzur dəhlizinin açılması Laçın  dəhlizi ilə əlaqəliydi və birinci Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd qoşunlarına verilməliydi. Amma bu gün Laçın dəhlizi yoxdur. Deməli, Lavrovun dediyi kompleksi qaytarırıqsa, o zaman sülh prosesini Rusiyanın nəzarətinə qaytarmalısan. Bununla da Moskvanın Ermənistana və Azərbaycana nəzarəti artır və Rusiya Orta Dəhlizdə strateji marağının olduğunu aydın səsləndirir. Belə olan halda Vaşinqtonda xarici işlər nazirlərinin görüşləri, yaxud Avropa Birliyinin təşəbbüsü ilə olan təmasları düşünün, onlar necə olacaq?..“ – deyə siyasi şərhçi qeyd edib.

“Zəngəzur dəhlizinin sülh sazişindən çıxarılması düzgün idi…”

“Bəs İlham Əliyev “yeni imkanlar” deyəndə nəyi nəzərdə tuturdu?” sualına gəlincə, Mirqədirov hesab edir ki, bu açıqlamalar konyuktur xarakterlidir:

Görürsünüz ki, Türkiyə ilə Azərbaycan arasında müəyyən problemlər var, Ankara Cənubi Qafqazda sülh prosesinin irəliləməsinə çalışır. Ərdoğanın son bəyanatları və hər iki ölkə sərhədlərinin açılması ilə bağlı görüşlər dediklərimi təsdiqləyir. Azərbaycan isə Rusiyadan qorxduğu üçün tələsmək istəmir. Bəli, Ermənistanın Konstitusiyasını dəyişdirmək tələbi çox düzgün və vacibdir. Lakin onu da başa düşək ki, Paşinyan ölkədə referendum keçirməklə ölkədə siyasi qarşıdurma yaradar. Bu baxımdan sülh sazişinin imzalanması yaxın gələcəkdə baş verə bilməz. Nəhayət, Zəngəzur dəhlizinin sülh sazişindən çıxarılması düzgün idi, çünki kommunikasiyaların açılması çox mürəkkəb məsələdir və sülh sazişinin predmeti deyil”.

“Yeni situasiya ondan ibarətdir ki, sülh sazişinin imzalanması qeyri-mümkün olduğuna görə həmin istiqamətlər üzrə danışıqlar ayrıca gedəcək və ayrı-ayrı məsələlər sülh sazişinin imzalanmasından asılı olmayaraq həll edilə bilər. Bu isə Putini narahat edir. Ona görə bu cür səfərlərlə Bakı-Moskva arasında birbaşa dialoqu bərpa etmək istəyir. Birbaşa dialoqda da Azərbaycan hökumətinin öz maraqları var. Bütün hallarda bu səfərin praktik baxımdan nəticəsindən danışmaq tezdir, gələcəkdə nə olacaq, bu artıq Ukrayna müharibəsinin nəticələri ilə bağlıdır. Fikir verin, Azərbaycan Qərblə tam məsafə saxlamağa çalışsa da, bağları da tam qırmır”, – deyə Mirqədirov vurğulayıb.

“Bu sualı İlham Əliyevə yönəltmək lazımdır…”

Müsavat Partiyasının başqanı İsa Qəmbər deyir ki, Putinin son dövrlərdə dünya miqyasında təcrid olunmuş vəziyyətə düşməsi hamıya aydındır:

“Hazırda Rusiya dövlət başçısı təcriddən çıxmağa çalışır və harada onu qəbul etməyə hazırdırlarsa, həmin ölkələrə səfərlər etməyə cəhd edir. Təəssüf ki, Azərbaycan da həmin ölkələrdən birinə çevrilib. Müsavat Partiyası hesab edir ki, öz siyasətinə görə haqlı olaraq təcrid olunan Putinin Azərbaycana səfəri dövlətimizin köklü maraqlarına ziddir”.

İsa Qəmbər, foto: Meydan Tv
İsa Qəmbər

Bununla belə, İsa Qəmbər bildirib ki, Putinin səfəri haqqında rəsmi məlumatlar səfərin əsas məqsədlərini əhatə etmir:

Hələ səfərin gerçək məqsədləri barədə tam açıqlama verilməyib, informasiya qıtlığı var. Amma yaxın vaxtlarda səfərin əsas məqsədləri görünməyə başlayacaq”.

Müsavat başqanı “Əliyev yeni imkanlar deyəndə nəyi nəzərdə tutur?“ sualına qısa cavab verib:

“Sualı onun özünə yönəltsəniz, daha məqsədəuyğun olar”.

“Paşinyan yola Rusiyanın nəzarət etməsini istəmir, ona görə imtina edir”

Siyasi şərhçi Zərdüşt Əlizadə Putinin 2 günlük səfərinin bir hissəsinin iki dövlətin cari məsələlərinin həllinə yönəldiyi qənaətindədir:

Bura dəmiryolu, qaz məsələləri daxildir. Rusiya 7-8 milyard kubmetr qaz satmağa hazırdır ki, Azərbaycan da daxili qazını Avropaya satsın. Bununla Azərbaycan Rusiya qazının alıcılarından birinə çevrilə bilər”.

Zərdüşt Əlizadə bildirib ki, səfərin ikinci əsas qayəsi Azərbaycan-Ermənistan münasibətlərində Rusiyanın rolu idi:

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

Azərbaycan Ermənistanın Rusiyadan 80, Qərbdən isə 20 faiz asılı olduğunu bilir. Ermənistanda Rusiyanın hərbi bazası var, bu ölkənin İran və Türkiyə ilə sərhədlərini şimal ölkənin sərhədçiləri qoruyur. Ermənistan əhalinin ən çox hissəsi Rusiyadan dolanır və iki ölkənin illik ticarət dövriyyəsi 15-16 milyard dollar civarındadır. Nəhayət, Ermənistan Avrasiya İqtisadi Birliyinin üzvüdür. Belə olan halda Azərbaycan Qərbin Rusiyanı regiondan çıxarıb Ermənistanı forpost etmək istəyindən xəbərdardır. Rəsmi Bakıya isə bölgədə güclü Qərb lazım deyil ki, yenidən münasibətləri qurdalasın. Ona görə də Azərbaycan Rusiya ilə münasibətlərini isti saxlayır. Vaxtilə Ermənistan Rusiyadan istifadə edib ərazilərimizi işğal edib, indi də Azərbaycan Rusiyayla münasibətləri yaxşı saxlayıb istəklərini gerçəkləşdirir. Buna siyasət deyirlər”.

“Vaşinqton ikinci bazarı bağlasa, Çinin iqtisadiyyatı çökəcək”

O, İlham Əliyevin “yeni imkanlar”ın açıqlamasını olanı inkişaf etdirmək kimi qəbul edir:

“Heç kimə sirr deyil ki, Pekin-Vaşinqton münasibətləri pisləşsə, ABŞ Çini çökdürmək üçün dəniz yollarını bağlayacaq. ABŞ-nin dünyada 800-ə yaxın hərbi bazası var, Çinin isə yoxdur. Çinin iki güclü bazarı var: biri ABŞ-da, ikincisi Avropada. Vaşinqton ikinci bazarı bağlasa, Çinin iqtisadiyyatı çökəcək. Ona görə də Çin həmin təhdidi aradan qaldırmaq üçün özünə quru yol açmaq istəyir. Rusiyanın Avropa ilə münasibətləri yaxşı olanda Brestdən başlayan “Trans-Sibir“ yolundan istifadə edirdi. Rusiya da bu yolu asanlaşdırmaq üçün magistral yolu yeniləyirdi, oradan dəmiryolu da vardı. Rusiya axmaqlıq edib Ukraynaya savaş açandan sonra Çinin Avropaya quru yolu da bağlandı. Yəni geniş həcmli daşınma yoxdur. Belə olan halda Çin istəyir ki, Orta Asiyadan Xəzərə, oradan da Ələt və Bakı-Tbilisi-Qars yolu ilə Avropaya yük daşısın. Bu yol hələ ildə 1 milyon ton yük daşımağa qadirdir. Amma Azərbaycan çoxlu xərclər qoyub yolun daşınma həcmini 5 milyon tona çatdırır, bu da azdır. Çin isə 50 milyon daşınma istəyir”.

“İlham Əliyevin son 2 ildə Orta Asiya ölkələrinə səfərləri də bununla bağlıdır. Yəni bu yolun üstündə olan dövlətlər Çin, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Gürcüstan və Azərbaycan və Türkiyə birləşib yoldakı yükləri idarə etmək üçün vahid operator yaradırlar. Nəticədə hansı dövlətin yolu uzundursa, onun gəliri çox olur. Hələlik Türkiyə, Azərbaycan və Gürcüstan belə bir dəmiryolunu yaradıb. İndi Ermənistan imtina edir, çünki indiki mərhələdə razılaşsa, 2020-ci ildə imzalanmış üçtərfli sənədə görə, gərək yola Rusiya nəzarət etsin. Paşinyan da bunu istəmir. Ona görə də Yerevan yenə də 30-40 il layihələrdən kənardan qalacaq, çünki İrandan keçəcək“, – Zərdüşt Əlizadə belə deyir.

Editor

Related Posts