Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Azərbaycanda Formula 1 yarışlarının iqtisadi təsirləri: miflər və reallıqlar – 2-ci yazı

Azərbaycanda Formula 1 yarışlarının iqtisadi təsirləri: miflər və reallıqlar – 2-ci yazı

Müəllif: Qubad İbadoğlu, İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti

Hökümətyönlü media və ekspertlər iddia edirlər ki, Azərbaycan “Formula-1”-ə ev sahibliyi etməklə iqtisadi gücünü, inkişafını, qonaqpərvərliyini, multikultural dəyərlərini, dünyaya nümayiş etdirir. Onlar hesab edirlər ki, bu  yarışın Azərbaycanda keçirilməsinin Azərbaycanın gücü, dünyada nüfuzu, yüksək iqtisadi potensialı ilə birbaşa əlaqəsi var və  “Formula-1”   ölkənin turizm potensialının bütün dünyada təbliğ edilməsində müstəsna rol oynayır.  25 dekabr 2019-cu ildə ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edən president İlham Əliyevin nitqində  bilirirdi[1] ki, “Formula 1 yarışına gəldikdə, deyə bilərəm ki, bu yarışın ölkəmiz üçün çox böyük faydası var. Birincisi, Formula 1 yarışını keçirən şəhərlər inkişaf etmiş ölkələrin ya paytaxt şəhərləri, ya da ki, böyük şəhərləridir. Onların arasında Bakı şəhərinin mövcudluğu bizim üçün böyük hadisədir.”

3-cü mif: Bakıda “Formula-1” yarışlarının keçirilməsi vətəndaşlarımızda xoş əhval yaradır.

Rəsmi Bakı  “Formula 1”in dövlət üçün əhəmiyyətli olduğunu bildirir və və yarışla bağlı  beynəlxalq öhdəliklərin vaxtında və tam yerinə yetirir.[2] Formula 1-in Bakı şəhərində keçirilməsi Azərbaycanda Formula 1 yarışlarının təşkili və idarəçiliyi üçün 1-ci kateqoriyalı lisenziyanın  Bakı Şəhər Halqası[3] (BŞH) əməliyyat şirkətinə məxsus olması ilə əlaqələndirilir. Belə ki,  1-ci dərəcəli lisenziyaya sahib olan BŞH Azərbaycandakı yarışları yalız Bakıda keçirə bilər. Formula 1 küçə yarışının keçirilməsi mövcud məkanların (əsas yollar və yeraltı stansiyalar və s.) və digər dəstəkləyici infrastrukturun əhəmiyyətli dərəcədə yenidən qurulmasını tələb edir. Açıqlanan məlumatlara görə, 2016-cı ildə Bakıda ilk Formula 1 Qran Prisinin keçirilməsinə hazırlıq çərçivəsində Bakı şəhərində a 4,5 min kvadratmetr ərazini əhatə edən əsaslı yol təmiri layihəsi həyata keçirilib. Keçmiş gənclər və idman naziri Azad Rəhimovun sözlərinə görə, bütün rüsumlar və infrastruktur xərcləri daxil olmaqla, 2016-cı  ildə  Bakı Qran Prisinin dəyəri təxminən 100 milyon dollar təşkil edib.

Reallıq budur ki, yarışın keçirildiyi  paytaxt Bakının mərkəzində quraşdırılan avadanlıqların və yaradılmış infrastukturun yaratdığı çətinliklər (şəhərin mərkəzi küçələrində quraşdırılam dəmir barmaqlıqlar, piyadalarla yolun hərəkət hissəsini ayıran beton piltələr) Bakı şəhərinin sakinləri və qonaqları arasında haqlı olaraq ciddi narahatlıqlar yaradır. Belə ki,  Bakının mərkəzində yerləşən  küçələrdə nəqliyyatın hərəkətin məhdudlaşdırılır[4], bu ərazidə yerləşən təhsil, səhiyyə və digər dövlət müəssisələrində, eləcə də biznes qurumlarında işlər dayandırılır. Bütün bunlar şəhər əhalisi və paytaxtın qonaqları,  xüsusilə də Bakı sakinlərinin  əksəriyyəti arasında narazılıqlar yaradır. Səkkiz ildir ki, paytaxt Bakının sakinləri bu yarışın yaratdığı məhdudiyyətlərlə əlaqəli narahatlıqlara dözür.

4-cü mif: Formula 1 yarışları Azərbaycana turist cəlbini, xarici qonaqların Bakı şəhərinə marağını artırır.

25 dekabr 2019-cu ildə ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edən president İlham Əliyevin nitqində onu da bilirirdi[5] ki, “Formula 1 yarışı ölkəmizə böyük iqtisadi dividendlər gətirir, necə ki, bütün başqa şəhərlərə. Əgər kimsə deyirsə, bu, bizə ziyan vurur, o, ya bilmir, ya da ki, qəsdən işləri təhrif etmək istəyir. Əgər, bu, bizə ziyan vurursa, onda yaxşı, bizimlə bərabər bu yarışı keçirən 20-yə yaxın şəhərə də ziyan vurur, onlar da ziyana işləyirlər? Əlbəttə ki, yox. Formula 1 yarışının multiplikativ effekti çox böyükdür. Xaricdən gələn minlərlə qonaq burada pul xərcləyir. Bunun iqtisadi cəhətdən çox böyük səmərəsi var. Birinci Formula 1-dən sonra Azərbaycana kütləvi turist axını başlamışdır. Mən bu tarixləri dəqiq xatırlayıram. Çünki hər ay, yaxud da ki, hər rüb mənə turistlərin gəlişi ilə bağlı məlumat verilib. Beləliklə, birinci yarış keçiriləndən sonra turistlərin sayı 24 faiz artmışdır. Ondan sonrakı il daha 22 faiz, ondan sonrakı il isə daha 5 faiz. Nəhayət, bu il, artıq on bir ayda 11 faiz artmışdır. Tarixdə ilk dəfədir ki, Azərbaycana 3 milyondan çox turist səfər etmişdir.” Gerçəkdən 2019-cu il Azərbaycanın tarixində ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sayının 3 milyon nəfəri ötməsi ilə yadda qalıb,  o vaxtdan ötən 4 il ərzində bu nəticə yenilənməyib. Belə ki, ötən -2023-cü ildə Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin həmin göstəricidən ən azı 1 milyon nəfər az olub. Təbii ki, ölkəyə gələn turistlərin sayına COVİD-19 pandemiyası əhəmiyyətli dərəcədə mənfi təsir göstərib. Lakin, 2023-cü ilin mayın 6-da Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 infeksiyasının pandemiya statusunu ləğv edildiyini elan etsə[6] də Azərbaycan höküməti 2020-ci ilin mart ayından bağladığı karantin rejiminə görə qonşu dövlətlərlə quru sərhədlərini hələ də bağlı saxlayır. Heç şübhəsiz ki, Azərbaycanın qonşu dövlətlərlə quru sərhədlərinin bağlı saxlanılmasının dəmiryolu və avtomobil nəqliyyatından istifadə edən turistlərin ölkəyə girişini məhdudlaşdırır və bu da Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sayına azaldıcı təsir göstərir.

Reallıq budur ki,  rəsmi statistik məlumatlar Formula 1 və digər beynəlxalq yarışların Azərbaycana turist cəlbinin, xarici qonaqların Bakı şəhərinə marağınını artdığını göstərmir. Bu sahədə son 6 ildəki vəziyyəti xarakterizə 1 saylı cədvələ nəzər salaq.

Cədvəl 1. 2018-2023-cü ildə Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər və onların tərkibi

 201820192020202120222023
Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sayı, min nəfər2 849,63 170,4795,7791,81 602,32 085,8
o cümlədən: turizm məqsədilə2 605,32 863,5519,4461,71 058,11 402,6
ondan: istirahət, əyləncə məqsədilə1 042,41 164,0164,9132,4398,5938,3
işgüzar məqsədlə787,4850,5177,5196,7400,5156,6
Mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə yerləşdirilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sayı, min nəfər1 234,41 3167  267,4271 563907 9531 081 425

Mənbə: Dövlət Statistika Komitəsi, Azərbaycanda turizm 2024 hesabatı [7]

Cədvəl məlumatlarından göründüyü kimi, Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sayı 2023-cü ildə pandemiyadan əvvəlki 2018-ci ilə nisbətən 26,81 faiz, 2019-cu illə müqayisədə 34,22 faiz azalıb.  Yeri gəlmişkən onu da qeyd edək ki, turizmin pik ilində – 2019-cu ildə  Azərbaycana gələn əcnəbilər arasında  ilk 5 ölkə – Türkiyə, Rusiya, Gürcüstan, İran və Ukrayna ümumilikdə gələnlərin 92%-ni təşkil edib[8]. Bu siyahıda olan ölkələr Azərbaycanlıların   miqrasiya edib xaricdə məskunlaşdığı ölkələrdir, yəni onların böyük əksəriyyəti  ailəsini və qohumlarını ziyarət etmək üçün Azərbaycana gəlib gedənlər qonşu ölkə vətəndaşlarıdır.

Bununla yanaşı  Azərbaycana turizm məqsədilə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sayı 2023-cü ildə müqayisə olunan 2018 və 2019-cu illərə nisbətən müvafiq olaraq 46,17 faiz və 51,02 faiz azalıb.  Bu dövrdə Azərbaycana işgüzar məqsədlə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sayında azalma daha kəskin xarakter alaraq 2023-cü ildə 2018-ci illə müqayisədə 5 dəfədən çox, 2019-cu ilə müqayisədə isə 5,5 dəfəyədək azalıb.  Göründüyü kimi 2018 və 2019-cu illərlə müqayisədə Azərbaycana gələn  turistlərin sayında azalma kəskin  müşahidə  olunub ki, bu da xarici qonaqların Bakı şəhərinə marağının  artdığını deyil, azalmasını göstərir.

5-ci  mif: Formula 1 yarışları xidmət sektorunun  gəlirlərini artırır, yerli biznesin inkişafını stimullaşdırır.

Formula 1 yarışları ilə əlaqədar olaraq xidmət göstərən əsas biznes obyektləri xidmət sektorundadır. Belə ki, Formula 1 yarışlarına xaricdən gələnlərin çoxu  turagent və turoperatorların xidmət paketlərindən istifadə edərək ölkəyə gələn və əsasən mehmanxanalarda gecələyənlərdir.  Dövlət Statistika Komitəsinin 2018-2023-cü illərdə bu sektorların fəaliyyətini  xarakterizə edən göstəriciləri gözləntilərinin özünü doğrultmadığını deməyə əsas verir. Bu sahədə son 6 ilin dinamikasını  2 saylı cədvəldən izləmək olar.

Cədvəl 2. 2028-2023-cü illərdə Azərbaycanda xidmət sektorunun göstəriciləri

 201820192020202120222023
Turagent və turoperatorların sayı374432300150240300
Satılmış turizm zərflərinin ümumi sayı49 99263 8855 3429 81116 80327 007
Azərbaycan ərazisində səyahət etmək üçün əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə satılmış turizm zərflərinin sayı6 13911 4697711953 7794 741
Qəbul edilmiş turistlərin sayı, nəfər12 77730 9502 3041 8489 49311 232
İşçilərin sayı, nəfər2 0742 2051 4649621 2681 698
Turagent və turoperatorların əldə etdiyi gəlirlər, min manatla56 439,463 363,816 147,322 614,853 350,378 772,7
Məhsul (xidmət) istehsalına çəkilən xərclər, min manatla46 085,150 400,021 899,719 641,042 585,557 019,1

 Mənbə: Dövlət Statistika Komitəsi, Azərbaycanda turizm 2024 hesabatı [9]

Cədvəl məlumatlarından göründüyü kimi, 2023-cü ildə pandemiyadan əvvəlki 2018   və 2019-cu illərlə müqayisədə turagent və turoperatorların əldə etdiyi gəlirlər və xərclər istisna olmaqla xidmət sektorunu xarakterizə edən bütün göstəricilər üzrə azalma qeydə alınıb.  Belə ki,  2023-cü ildə  turagent və turoperatorların sayı 2018 və 2019-ci illərlə  müqayisədə  müvafiq olaraq 74 və  134 vahid azalıb. 2023-cü ildə ə Azərbaycan ərazisində səyahət etmək üçün əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə satılmış turizm zərflərinin sayı  müqayisə olunan 2018 və 2019-cu illərə nisbətən  22,88 faiz və 2,42 dəfə azalıb.  2019-cu ilə nisbətən 2023-cü ildə  turagent və turoperatorlar tərəfindən qəbul edilmiş turistlərin sayı 2,75 dəfə azalma qeydə alınıb. Bu azalmalar  müqayisə olunan dövrdə turagent və turoperatorların işçilərinin sayının da ixtisarına gətirib çıxarıb. Ölkədə inflyasiya səviyyəsinin yüksək olması səbəbindən xirmətlərin və məsrəflərin bahalaşması turagent və turoperatorların əldə etdiyi gəlirlərlə  yanaşı onların xərclərinin də artımını şərtləndirib.

Reallıq budur ki,  statistic göstəricilər Formula 1 yarışlarının  xidmət sektorunda fəaliyyət göstərən  yerli biznesin inkişafını stimullaşdıra bilmədiyini xarakterizə edir.

Yekun olaraq onu qeyd etmək olar ki, müstəqillik illərində Azərbaycanda turistlərin sayında pik göstərici pandemiyadan öncə karantin rejiminin tətbiq olunmadığı və qonşu dövlətlərlə quru sərhərlərin açıq olduğu 2019-cu ildə qeydə alınıb. Həmin il turizm və xidmət sektorunun fəaliyyətini xarakterizə edən göstəricilərdə Formula 1 yarışının iqtisadi təsirlərini  qiymətləndirmək üçün yetərincə statistic məlumatlar olmadığından bu qənaəti də bölüşə bilmirik. Lakin onu deyə bilərik ki, Formula 1 yarışları titul sponsorlarını cəlb etməyə imkanı verir ki, bu da əldə edilən gəlirlərin artırılması üçün standart bir təcrübədir. Lakin Bakıda keçirilən yarışın həmişə titul sponsoru olmayıb: 2019-cu ildə SOCAR, 2024-cü ildə isə Qatar Airways sponsor qismində çıxış etmişdir. Bu cür sponsorların iştirakı əlavə gəlir gətirə və tədbirin nüfuzunu artırsa da, tərəfdaşların cəlb olunmasında sabitlik məsələsi sual doğurur. 

Formula 1 yarışlarının iqtisadi təsirləri  həmçinin media və reklam   fəaliyyəti ilə məşğul olan şirkətlərədir. Onlar arasında  Azercellin, Bakcellin və AzTV-nın adlarını qeyd etsək də həmin şirkətlərin bu mənbədən qazancları və xərclərinə dair məlumatlar açıqlanmır. Təbii ki, ölkədə azad  reklam bazarının və müstəqil mətbuatın olmaması da bu sahədə fəaliyyətin inhisarlaşdırılmasına  gətirib çıxarır.


[1] https://president.az/az/articles/view/35483

[2] https://racingnews365.com/how-much-formula-1-circuits-are-paying-to-host-2023-grands-prix

[3] https://www.bakucitycircuit.com/en/information

[4]https://www.bakucitycircuit.com/az/news/statement-by-bcc-on%20road%20restrictions%20throughout%20the%20race%20week

[5] https://president.az/az/articles/view/35483

[6] https://news.un.org/en/story/2023/05/1136367

[7]https://www.stat.gov.az/source/tourism/

[8] https://tourism.gov.az/uploads/documents/statistic/+annual_tourism_statistics_2020_final.pdf

[9]https://www.stat.gov.az/source/tourism/

Editor

Related Posts