Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

2025-cilin büdcə proqnozları: müdafiə xərcləri azalıb, təhsil, səhiyyə xərcləri artsa da…

2025-cilin büdcə proqnozları: müdafiə xərcləri azalıb, təhsil, səhiyyə xərcləri artsa da…

Bu illə gələn ilin dövlət büdcəsindəki fərq –  0,6% 

Azərbaycan hökuməti 2025-ci il də daxil olmaqla qarşıdakı 4 il (2025-2028-ci illər üzrə) üzrə dövlət büdcəsinə və iqtisadi artıma dair proqnoz göstəriciləri açıqlayıb.

Açıqlanan məlumatlar içərisində xüsusilə diqqəti cəlb edən 2025-ci ilin büdcə məlumatlarıdır. Neftin dünya bazarındakı qiyməti 70 dollar götürülməklə hesablanan büdcənin gəlirləri 2024-cü ilə nisbətən çox cüzi artır – cəmi 0,6 faiz və ya 228 milyon manat. Yəni bu ilin dövlət büdcəsinin gəlirləri 36,388 milyard manatdırsa, gələn il üçün 36,616 milyard manat müəyyən edilib. 

Vergi Xidmətinin xəttilə toplanması nəzərdə tutulan büdcə gəlirlərində isə 1,5 faiz yaxud 230 milyon manat artım gözlənildiyi açıqlanıb. 

Vergi orqanlarının 2025-ci ildə toplamalı olduğu büdcə gəlirlərinin məbləği 15,5 milyard müəyyənləşdirilib. 2024-cü ildə bu rəqəm 15,270 milyard manat idi.

Büdcəyə ƏDV üzrə daxiloma 8 milyard manat olacaq 

Vergi növləri üzrə daxilolma proqnozlarına gəldikdə, mənfəət vergisində 419 milyon manat azalma, fiziki şəxslərin gəlir vergisində 179 milyon manat, ƏDV üzrə 222 milyon manat, aksizlər üzrə isə 288 milyon manat artım proqnozlaşdırılır. Vergi daxilolmalarında əsas artım istehlakçıların yükünün artması hesabına baş  verəcək. Söhbət əsasən ƏDV və aksiz kimi bilavasitə məhsul və xidmətlərin qiymətinə tətbiq olunan, müştərilərdən alınan vergi növlərindən gedir. Mənfəət vergisi üzrə daxilolmalarda azalma nəzəra alınmazsa, 759 milyon manat ümumi vergi artımlarının 70%-ə yaxını və ya 510 milyon manatı məhz ƏDV və aksizlər hesabına təmin olunacaq. 

Vergi və gömrük orqanlarının 22,1 milyard manatlıq büdcə öhdəliyinin 46%-i və ya 10,2 milyard manatı bu iki vergi növü hesabına formalaşacaq. Mütləq rəqəmlə ƏDV üzrə daxilolma 8,326 milyard manat, aksizlər üzrə 1,841 milyard manat nəzərdə tutulur.

Büdcənin 35%-i Neft Fondundan transfert olunacaq 

Neft Fondundan dövlət büdcəsinə transfertlərin həcmi dəyişməz qalıb – 12,781 milyard manat. Bu, proqnozlaşdırılan dövlət büdcəsi gəlirlərinin 35%-nə bərabərdir. Bütövlükdə gələn il dövlət büdcəsi gəlirlərinin 46,6 faizi və ya 17,073 milyard manatı neft-qaz sektorunun hesabına yaranacaq. Yəni, 3,830 milyard manat neft-qaz şirkətlərinin vergiləri, 462 milyon manat isə SOCAR-ın dividendləri kimi büdcəyə ödəmələr ediləcək.  

Neft-qaz şirkətlərinin vergi ödəmələrində 785 milyon manat azalma, SOCAR-ın dividendlərində 54 milyon manat artım proqnozlaşdırılır.

Gömrük Xidmətinin büdcə öhdəlikləri 

Gömrük Xidmətinin büdcə öhdəlikləri 200 milyon manat artırılaraq 6,6 milyard manata çatdırılır.  Gömrük vasitəsilə ödənişlərin büdcədə payı 17,5 faizdən 18 faizə çatacaq. Azərbaycan dünyada gömrük ödənişlərinin büdcədə çəkisi yüksək olan ölkələr sırasındadır. Yeri gəlmişkən, region ölkələrindən Gürcüstan və Ermənistanda bu göstərici Azərbaycanla müqayisədə 3-3,5 dəfə aşağıdır.


Müdafiə xərcləri azalır, təhsil, səhiyyə, sosial müdafiə xərcləri artır

Dövlət büdcəsinin xərclərində 2024-cü illə müqayisədə 74,7 milyon manat azalma proqnozlaşdırılır. Xərclərdə əsas azalma müdafiə, artım isə idarəetmə (ümumdövlət), təhsil, səhiyyə və sosial müdafiə istiqamətlərində proqnozlaşdırılır.

  Müdafiə xərclərinin 6,658 milyard manat olması nəzərdə tutulur, bu da cari illə müqayisədə 468 milyon manat və ya 6,6 faiz azlma deməkdir. 

Artıma gəlincə, təhsil xərcləri 4,946 milyard (395,5 milyon manat və ya 8,8 faiz artım), sosial müdafiə xərcləri  4,998 milyard manat (606,6 milyon manat və ya 13,8 faiz artım), səhiyyə xərcləri isə 1997,2 milyon manat (130,8 milyon manat və ya 7 faiz artım) müəyyənləşdirilib.

Sonradan xərclər dəyişə də bilər?

Amma xərclərin dinamikası ilə bağlı 2 mühüm məqamı qeyd etmək vacidbdir. Əvvəla, Azərbaycan hökumətinin son 20 ildə formalaşmış büdcə tərtibi və proqnolaşıdırılması təcrübəsi çox etibarsızdır, neft-qazın fakitki qiymətindən asılı olaraq təsdiqlənən büdcə ilin ortasında fərqli strukturda yenilənə bilir. Məsələn, 2024-cü ilin dəyişdirilən büdcəsində müdafiə xərcləri 6,421 mlrd. manat nəzərdə tutulsa da, yenilənən büdcədə bu rəqəm artırılaraq 7,1 milyard manata çatdırıldı. Yaxud  işğaldan azad edilmiş ərazlərin bərpası üçün invsesitiya xərcləri 1 milyard manatdan çox artırılaraq 4,8 milyard manatı ötdü. Amma bu artımların əksinə olaraq sosial müdafiə xərcləri ilkin təsdqilənən variantla müqayisədə 150 milyon manat (3,2%) azaldılaraq 4,391  milyard manat səviyyəsində təsdiqləndi. Göründüyü kimi, əslində sosial müdafiə xərclərinin bu ilki artımının bir hissəsi ötən il üçün təxirə salınmış vəsaitlərdir.

Xərclərin artımı ilə bağlı ikinci mühüm məqam isə budur ki, müdafiə xərcləri 2020-ci ildən bəri ən sürətlə artan istiqamət olub və 2024-cü ildə özünün ən pik nöqtəsinə çatıb. 2020-2024-cü illərdə müdafiə xərclərinin artımı 90 faiz təşkil edib və 2024-cü ildə bu bölmənin büdcədə payı 20%-ə yaxnılaşıb (2020-ci ildə təxminən 14% olmuşdu). Bu göstəriciyə görə müdafiə bölməsi yalnız investisiya xərclərindən geri qalır. 

Lakin pandemiyanın əhalinin sağlamlığı və sosial müdafiəsi ilə bağlı ciddi problemlər yaratdığı son 4 ildə nominal ifadədə səhiyyə xərcləri cəmi 10%, sosial müdafiə xərcləri 40% artıb. Hətta hökumətin çox da etibar edilməyən inflyasiya və rəsmi təsdiqlənən minimum yaşayış xərclərinə görə 4 illiik qiymət artımının səviyyəsi (kumilyativ göstərici) 40 faizdən az deyil. Bu şəraitdə hökumət üçün sosial və  qeyri-sosial xərclərin artımı arasında müəyyən balans yaratması zərurətə çevrilib.  

Hökumətin proqnozları etibarlıdımı?

Hökumətin büdcə və makroiqtisadi proqnozlarının nə dərəcədə etibarlı olub-olmadığını bir amil aşkar göstərir: proqnozlar əsasən neft-qazın beynəlxalq birja qiymətlərilə bağlı gözləntilərə əsaslanır. Məsələn, açıqlanan sənədlərdə qeyd edilir ki, qarşıdakı 4 ildə manatın məzənnəsi sabit qalacaq və inflyasiya ilə bağlı 4 illik proqnozlarda da istinad edilən başlıca amillərdən biri kimi məhz məzənnə sabitliyi əsas götürülür. Halbuki hazırkı geosiyasi gərginlik, alternativ enerjiyə keçiddə ağlasığmaz sürət şəraitində beynəlxalq birjalarda enerji qiymətlərilə bağlı 4 ildəki dinamikanı proqnozlaşdırmaq çox mürəkkəbdir. Belə şəraitdə ən doğru olan fərqli qiymət ssenariləri üçün fərqli inflyasiya, iqtisadi artım və məzənnə proqnozları açıqlamaqdır. Təəssüf ki, Azərbaycan hökuməti bu peşəkar və biznes dünyasında daha etibarlı qarşılanacaq yanaşmadan istifadə etmir. 

Editor

Related Posts