Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Şahtaxtı dəmir yolu xəttinin tarixinə bir nəzər

Tarix XX əsrin əvvəllərini göstərdiyində Çar Rusiyası siyasi və iqtisadi maraqlarını əsas tutaraq nəzarət etdiyi ərazilərdə dəmir yollarının salınmasına marağını daha da artırdı. 1902-ci ildə Aleksandropol Uluxanlı-İrəvan dəmir yolu xəttinin tikintisi başa çatdırıldıqdan sonra növbəti mərhələdə bu dəmir yolu xəttinin Naxçıvan ərazisi boyunca çəkilməsinə də başlanılır. Nəticədə, 1903-cü ildə Şərur, 1905-ci ildə Naxçıvan stansiyaları istismara buraxılır, uzunluğu 189 vers olan və ozamankı Zaqafqaziya dəmir yolunun tərkibində olan Uluxanlı-Culfa xəttinin çəkilişi isə 1908-ci ilin yanvarında bitir. Uluxanlı-Culfa dəmir yolunun əsas stansiyalarından olan Şahtaxtı kəndində dəmir yolu xəttinin çəkilişi isə 1904-cü ildə başa çatdırılır.

Şahtaxtı qədim nəqliyyat qovşağı kimi Şərqdən Qərbə, Şimaldan Cənuba uzanan əsas ticarət yolları üzərində yerləşib. Tarixi qaynaqlar göstərir ki, Şahtaxtı kəndi ərazisində Araz çayı üzərində salınan ilk körpü XIII əsrə, yəni Şahtaxtının şəhərtipli yaşayış məntəqəsi kimi qeyd edildiyi dövrə aid olub. Belə ki, Şahtaxtında “İtti poşt” adlanan əraziyə yaxın yerdə 1218-ci ildə tikilmiş körpünün qalıqları qalmaqdadır. Daha sonralar müəyyən səbəblərdən dağılmış bu körpünün əvəzində XIX əsrin sonları XX əsrin əvvəllərində gəmi və bərələrdən istifadə edilib. Hətta bu gün də kənd camaatı arasında “Abbasqulu bərəsi”, Şeyx Hacı Vəli ağa Şahtaxtılıya aid bərələr haqda xatirələr yaşayır. Hətta görkəmli söz ustadlarımızdan Aşıq Ələsgər XIX əsrə aid bir şeirində “Addıyın Şahtaxtıdan Təbrizə, Tehrana deyil” deyərək Şahtaxtının məşhur bir nəqliyyat marşrutu kimi hələ o dövrdə Cənubi Qafqazda tanındığını bir növ təsdiq edib. XX əsrin əvvəllərində isə Şahtaxtı kəndi böyük bir coğrafiyanı əhatə edən Çar Rusiyasının əsas dəmir yolu nəqliyyatının keçid yerlərindən birinə çevrilir. Kənddəki dəmir yolu stansiyası o qədər geniş olub ki, buranı hətta “Bala İstanbul” adlandırıblar. Şahtaxtı stansiyasında sərnişin və yük qatarlarının yola salınması, paravoz və vaqonların dönməsi üçün yer, vaqonları çəkmək üçün tərəzi, paravoz təmiri deposu, paravozların qazanlarının doldurulması üçün yerlər, perronlar yerləşib. Sonralar Maku istiqamətinə qədər çəkilən, daha çox hərbi məqsədlərlə istifadə edilən Şahtaxtı-Maku dəmir yolu xətti fəaliyyət göstərib. Bu məqsədlə Araz çayının Şahtaxtıdan keçən hissəsində 1916-cı ildə dəmir körpü də salınıb. Arxiv sənədləri Çar Rusiyasının Şahtaxtıdan keçməklə Təbriz, Urmiya, Xoy, Bəyazid, Mosul və İraqın digər ərazilərinə qədər uzanan dəmir yolu xəttinin çəkilməsində böyük marağının olduğunu göstərir. Lakin sonrakı illərdə Birinci Dünya müharibəsi və nəticədə Çar Rusiyasının dağılması bu ümdə arzunun gerçəkləşməsinin qarşısını alır. Şahtaxtı dəmir yolu xəttinin idxalatdakı rolu Çar Rusiyasının süqutu və Sovet imperiyasının qurulması ərəfəsində də əhəmiyyətini azaltmayıb, əksinə 70 illik sovetlər dönəmində Şahtaxtı dəmir yolu daşımalarında və hətta İranla sovetlərin ticarət əlaqələrinin genişlənməsində müstəsna rol oynayıb. Belə ki, keçmiş ittifaq dövründə kənd cənub ölkələrindən SSRİ məkanına gətirilən iribuynuzlu mal-qaranın idxal mərkəzi rolunu oynamağa başlayıb, bu məqsədlə Araz çayı sahilində mal-qara idxalı mərkəzi (“skot import”) salınıb, idarə və buzxanalar yaradılıb. Çar Rusiyası dövründə (“inqilabdan əvvəl”) “vneştorq” (xarici ticarət) məntəqəsi kimi fəaliyyət göstərən liman Sovetlər birliyi dönəmində mal-qara idxalı mərkəzi kimi intensiv şəkildə istifadə olunub. Həmin dövrə aid mənbələrdə qeyd edilir ki, “skot import” (iribuynuzlu mal-qara idxalı mərkəzi) Sovetlər birliyinin ət məhsullarına olan tələbatının bir hissəsini qarşılamaq məqsədilə yaradılıb. İmport vasitəsilə Arazın digər sahilindən iribuynuzlu mal-qara Şahtaxtıya gətirilib. Əvvəllər bu mal-qara Araz yaxınlığında yaradılan kəsim məntəqələrində kəsilib və əldə edilən ətlər “xolodoboynuyu” adlanan (buzla təchiz olunmuş) vaqonlara yığılaraq SSRİ-nin müxtəlif bölgələrinə aparılıb. Həmin bu ərazidə idarə və işçilər üçün ikimərtəbəli bina da tikilib. 30-cu illərdən sonra isə kənd mərkəzində laboratoriya tipli baytarlıq məntəqəsi də yaradılır və gətirilən iribuynuzlu mal-qara burada yoxlanılır və bir ay boyunca karantin dövrü keçirdi. Ümumiyyətlə, əllinci illərin əvvəllərinə qədər fəaliyyət göstərmiş mal-qara idxalı mərkəzi – “skot import” ittifaqın ət məhsullarına olan tələbatının ödənilməsində mühüm rol oynayıb.

Şahtaxtı dəmir yolu müstəqillik illərində dövlətin xüsusi diqqət və qayğısı ilə mövcudluğunu qoruyub, dəmir yolu xətləri, Şahtaxtı dəmir yolu vağzalının binası əsaslı şəkildə təmir-bərpa edilib, buradan sərnişin və yükdaşımada istifadə edilib. Bütün bunlar həm də müstəqillik illərində dəmir yolu xətlərinin artıq zərərlə işləyən infrastruktura çevrilməsi fonunda gerçəkləşdirilib. Belə ki, bir çox keçmiş ittifaq ölkələrində dəmir yolu infrastrukturu dağıdılarkən muxtar respublikamızda dövlət dəmir yollarının qorunub saxlanılmasına və inkişafına nail olunub. Və artıq bu gün muxtar respublika dəmir yolu şəbəkələrinin inkişafı qarşısında yeni bir mərhələnin başlanması astanasındayıq. Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə muxtar respublikanın dəmir yolları da Naxçıvanın inkişafında müstəsna rol oynayacaq və əvvəlki ehtişamlı günlərinə qayıdacaq. Şərqdən Qərbə uzanacaq iri ticarət yolları Naxçıvan ərazisində dəmir yolu xətləri ilə də dəstəklənəcək, eyni zamanda muxtar respublikamızda istehsal olunan məhsulların dünya bazarına çıxarılmasına öz töhfəsini verəcək.

admin

Related Posts