Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Kadırov 3 deputatı qan davasıyla hədələyib

Kadırov 3 deputatı qan davasıyla hədələyib

Federasiya Şurasının Dağıstandan olan üzvü, milyarder Süleyman Kərimov, Dövlət Dumasının deputatları – inquşetiyalı Bexan Baraxoyev və dağıstanlı Rizvan Kurbanov  Çeçenistan rəhbərinin qətlini sifariş etmədiklərini sübut edə bilməsələr, Ramzan Kadırov onlara qan davası elan edəcək.

Kadırov bunu oktyabrın 9-da – Çeçenistanın güc strukturlarının nümayəndələrilə keçirdiyi iclasda deyib.

Bu mövzuda çeçencə danışan Kadırov əlavə edib ki, “Şahidlər var – [qətli] sifariş etdikləri insanlardan soruşublar ki, siz sifarişi neçəyə qəbul edə bilərsiniz”.

Beləliklə, o, sentyabrın 18-də Rusiyanın ən böyük “Wildberries” internet mağazasının Moskva ofisində baş vermiş atışmaya ilk dəfə münasibət bildirmiş olub. Kadırov bu mövzunu “xalqları məişət zəmində bir-birinə qarşı qoymaq” cəhdi adlandırıb; deyib ki, atışmada iştirak edən “kadırovçularla” bağlı iradları şəxsən onun özünə bildirsinlər.

Çeçenistan rəhbərinin sözlərinə görə, öldürülən iki inquşetiyalı mühafizəçidən birinin qohumları sosial şəbəkələrdə ona qan davası elan ediblər. Kadırov onlardan ənənəyə uyğun davranmalarını tələb edib; bildirib ki, bu insanlara “nə edəcəyini ancaq bundan sonra düşünəcək”.

“Wildberries”-in “Russ” şirkətlər qrupuyla birləşməsində maraqlı şəxslər arasında Süleyman Kərimov və Bekxan Baraxoyevin də adları çəkilib.  Birləşmə müqaviləsini şəxsən prezident Vladimir Putin təsdiqləyib.  Deputat Rizvan Qurbanovun bu hadisəylə hansı əlaqəsi olduğu bilinmir.

“Wildberries”-in 99 faizinə sahib olan Tatyana Bakalçukun əri Vladislav Bakalçuk şirkətin reyder işğalına məruz qaldığını bildirib. Kadırov “Wildberries” ətrafındakı korporativ münaqişədə Bakalçuku dəstəkləyib.  O, “arvadı ailəsinə”, biznesi isə Bakalçuka qaytaracağına söz verib.

Rusiyanın ən böyük onlayn mağazasının ofisində atışma sentyabrın 18-də –  şirkətin həmtəsisçisi Vladislav Bakalçuk Çeçenistanın keçmiş prokuroru olan vəkilinin və mühafizəçilərin müşayiətilə ora girməyə cəhd edən zaman baş verib. İnquşetiyadan olan iki mühafizəçi öldürülüb. İnsidentlə bağlı 30 nəfər həbs edilib.  Vladislav Bakalçuk hadisədən sonra saxlanılsa da, tezliklə sərbəst buraxılıb.

Həbs edilənlər arasında bir neçə çeçen, o cümlədən “Axmat-1” çevik polis bölməsinin komandir müavini Umar Çiçayev də var.

Editor

Related Posts