Bugünlərdə vəzifələrindən çıxarılan korpus komandirlərinin – general-mayorlar Mais Bərxudarov ilə Münasib Babayevin adı Müdafiə Nazirliyindəki 143 milyon manatlıq yeyintiyə dair məhkəmə işində keçir.
Sözügedən cinayət işi ilə bağlı şəxslər illərlə həmin generallara pul verməyə məcbur qaldıqlarını bildirərək onların məhkəməyə çağrılıb dindirilməsini tələb edirlər.
Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin keçmiş rəisi, general-mayor Nizami Məmmədov ilə daha üç nəfərin – Hərbi Hava Qüvvələri və Quru Qoşunları maliyyə idarələrinin keçmiş rəisləri Cəlal Kazımov və Bayram Bayramovun, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinə rəhbərlik etmiş Vüsal Əlizadənin məhkəməsində bu barədə vəsatət qaldırılıb. Təqsirləndirilən polkovnik B.Bayramov keçmiş korpus komandirləri M.Bərxudarov və M.Babayevə külli miqdarda vəsait verildiyini deyib, hər ikisinin məhkəmədə dindirilməsini, sualları cavablandırmasını istəyib. B.Bayramovun sözlərinə görə, həmin vaxt II korpusun komandiri olan, general Bərxudarov üçün Beyləqanda “Real” adlı ərzaq dükanına və “Zirvə” adlı hədiyyə-dəftərxana ləvazimatları mağazasına hər ay 2 min manat ödəniliib, bu 24 ay davam edib və toplam 48 min manat pul xərclənib. Polkovnik deyir ki, mağazalardan alınan malları Bərxudarovun yavəri Ülfət Abbasquliyev, ya da sürücüsü, yaxud mühasibi götürüb aparırdı.
General-mayor M.Babayevə hər ay 3 min manat verdiyini vurğulayan Bayramov bunun 26 ay davam etdiyini və toplam 78 min manat ödəndiyini də deyib: “Bundan başqa, Hadrut qəsəbəsindəki evinə alınan qızdırıcı üçün 8 min manat ödəmişəm”.
Təqsirləndirilən polkovnik əlavə edib ki, general Babayev Füzuli rayonunun işğaldan qurtarılması münasibətilə 10 qoyun qurban kəsdirib: “Qoyunlar 2 min manata alınmışdı və M.Babayev də onların pulunu ödəyəcəyinə söz vermişdi. Amma eləmədi. Məndən 10 min də bir aldı. Onu da qaytarmadı”.
B.Bayramov 2020-ci ilin dekabrından 2021-ci ilin avqustunadək M.Babayevin Hadrutdakı evinin xərclərinə 6 min manat verildiyini, alış-verişlə ya generalın sürücüsünün ya da aşpazın məşğul olduğunu bildirib: “Pulları mühasibə verirdim. Hələ mən ad gününə, bayramlara görə verilənləri saymıram”.
Polkovnik məhkəmədə adlarını çəkdiyi mühasib, sürücü, aşpaz da daxil, bütün şahidlərin çağrılıb dindirilməsini istəyib. Digər təqsirləndirilən şəxslər də onun vəsatətini dəstəkləyiblər. Prokuror onun generallar və digər şahidlərin dindirilməsi ilə bağlı vəsatətinə münasibət bildirməkdən ötrü məhkəmədən vaxt istəyib.
143 milyonluq cinayət işi üzrə məhkəmə araşdırmaları oktyabrın 25-də davam edəcək.