Hələlik hökumət icarə qaydalarını açıqlayır
“Torpaq icarəsi haqqında” Qanuna dəyişiklik layihəsi parlamentə təqdim edilib. Layihə işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların güzəştli şərtlərlə icarəyə verilməsi üçün hüquqi çərçivələr müəyyən edir – hökumət torpaqların birillik və çoxillik əkinlər üçün kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icrarəyə verilməsi ilə bağlı qaydalar hazırlamalıdır.
Qaydalar həmin ərazilərdə torpaqların investisiya müsabiqələri vasitəsilə sahibkarlıq subyektlərinə icarəyə verilməsi üçün də mexanizmlər müəyyənləşdirməlidir.
Bəs torpaq islahatı üçün mexanizmlərdən nə xəbər var?
Hələ 2021-ci ilin yanvarında – hökumətin müşavirəsində Baş nazir işğaldan azad edilmiş ərazilərdə torpaq islahatı üçün yeni mexanizm və meyarlar hazırlanacağını demişdi. Amma artıq 4 ilə yaxın zaman keçsə də, bu məsələ ilə bağlı hər hansı aydın mövqe yoxdur. Təbii ki, əhalini məskunlaşdırmadan islahat prosesinə başalanılmayacaq. Lakin insanların əsas gözləntisi mexanizmin və torpaq islahatı modelinin necə olacağı ilə bağlıdır. Bu ərazilərə, xüsusən də kənd yerlərinə köçəcək insanların öz gələcək həyatını proqnozlaşdırması üçün islahat barədə aydın mesajlar olmalıdır. Çünki son 4 ildə (işğal bitən kimi) iri aqroholdinq və şirkətlər azad edilmiş ərazilərdə böyük torpaq sahələrini icarə əsasında istifadə etməyə başlayıblar. Bu cür faktlar cəmiyyətdə belə bir fikir formalaşdırıb ki, insanlar köçənə qədər icarəyə götürülmüş torpaqlar həmin sahibkarların sərəncamında qalacaq. Hökumətin işğaldan azad edilmiş ərazilərdə torpaq islahatına maraq göstərməməsi ilə bağlı da cəmiyyətdə müəyyən söz-söhbətlər dolaşır.
Şübhəsiz ki, bu cür rəylərin yaranmasının səbəbi bir tərəfdən islahat mexanizminin yaradılmasındakı ləngimə, digər tərəfdənsə icarə münasibətlərinin formalaşmasındakı qeyri-şəffaflıqdır. Sözügedən ərazilərdə torpaqların icarəyə verilməsində şəffaf hərrac və müsabiqə mexanizmi tətbiq olunmur. Eyni zamanda, icarə prosesində heç də bütün iddiaçılar üçün bərabər imkanlar yaradılmayıb. Burda həlledici meyar siyasi hakimiyyətə yaxınlıq və biznesin məmur himayəsində olmasıdır. Torpaqların hansı subyektlərə, hansı şərtlərlə verildiyi barədə məlumatlar cəmiyyət üçün qapalıdır.
Torpaq islahatı ilə bağlı mümkün mexanizmlər
Rəsmi dövlət strukturlarının işğaldan azad edilmiş ərazilərdə mümkün torpaq islahatı zamanı hansı modelə üstünlük verəcəyi qeyri-müəyyən olsa da, Kənd Təsərrüfatı Nazirliyinə bağlı Aqrar Tədqiqatlar Mərkəzinin mütəxəssisləri hələ 4 il əvvəl fərqli alternativlər barədə yazmışdılar. Onlar 1999-2000-ci illərdə bütün ölkəni əhatə etmiş (işğal altındakı ərazilər istisna olmaqla) islahatı ilk variant kimi göstərirlər. Məlum olduğu kimi, həmin islahat zamanı 1996-cı ilin avqust ayınadək anadan olmuş və islahat başlayanadək torpağın aid olduğu keçmiş kolxoz və sovxozların ərazisində yaşamış bütün vətəndaşlara torpaq payı ayrıldı. Payın ölçüsü ərazidə xüsusi mülkiyyətə ayrılan torpaq sahəsinin həcmindən və torpaq mülkiyyəti almaq hüququ olan şəxslərin sayına görə ölkə üzrə fərqli oldu. Məsələn, cənub regionun bəzi rayonlarında adambaşına orta hesabla 0,05-0,1 hektar torpaq payı düşdüyü halda, şimal bölgəsində həmin göstəririci 0,5-1 hektar intervalında dəyişdi.
Tədqiqat Mərkəzinin mütəxəssisləri sadəliyinə və artıq təcrübədən keçdiyinə görə həmin islahat modelini daha əlverişli saysalar da, mühüm bir çatışmazlığını da qeyd edirlər: bu üsul torpaqların daha kiçik hissələrə bölünməsinə və torpaqlardan səmərəli istifadəyə maneələr yaranmasına səbəb olur. Mütəxəssislər bunu nəzərə alaraq bir neçə ev təsərrüfatının kooperativdə birləşməsini, icma əsaslı ailə-kəndli təsərrüfatlarının yaradılmasını da mümkün variantlar kimi təklif edirlər.
Amma burda həlledici məsələ torpaq payı alacaq şəxslərin müəyyənləşdirilməsi üçün meyarların formalaşdırılmasıdır. Aydındır ki, birinci meyar mülkiyyət almağa iddialı şəxslərin kənd ərazilərində qeydiyyatda olmasıdır. Amma qeydiyyat hansı dövrü əhatə etməlidir? Yuxarıda qeyd etdiyimiz kimi, 25 il əvvəlki islahat zamanı əsas şərt şəxsin 1 avqust 1996-cı ilədək həmin ərazidə doğulması və orada qeydiyyatda olması idi. İslahat 1999-2000-ci illərdə aparıldığı üçün həmin tarixdən 2000-ci ilədək doğulanların heç biri torpaq mülkiyyətçisi ola bilmədi. İndiki vəziyyətdə yanaşma necə olacaq? İslahat başlayan ana qədər doğulan və torpağın aid olduğu kəndlərdə qeydiyyatda olan bütün şəxslər torpaq mülkiyyətçisi olmaq hüququ qazanacaqmı? Yaxud son 5 ildə qeydiyyatda olmaq tələbi qoyulacaq? Bu tip suallara mütləq aydınlıq gətirmək lazım gələcək.
Başqa bir sual budur ki, kənd təsərrüfatına yararlı torpaqların hansı hissəsi xüsusi mülkiyyətə veriləcək. Məsələn, birinci mərhələdə dövlət əhalinin mülkiyyətinə kənd təsərrüfatına yararlı torpaq fondunun çox az hissəsini – cəmi 32 faizini və ya 1,455 milyon hektar torpaq verdi. O zaman torpaq payı almağa hüququ olan şəxslərin sayı təxminən 3 milyon nəfər olduğu üçün adambaşına təxminən 0,5 hektar düşdü.
Əslində, torpaqların kənd əhalisinin sayına əsasən bölüşdürülməsi yenə də əsas model kimi götürülə bilər. Amma indiki şərtlərdə və qazanılmış təcrübədən çıxış edərək bəzi yeni mexanizmlərlə torpaqların daha kiçik hissələrə bölünməsinin qarşısı alına bilər. Bunun üçün islahat aparılan ərazidə qeydiyyatda olan, amma fərqli sahədə fəaliyyət göstərən şəxslərə (həkimlərə, müəllimlərə, məmurlara, hərbçilərə və s.), eləcə də öz gələcəyini aqrar sahədə görməyən insanlara ədalətli bazar dəyəri əsasında kompensasiya ödəyərək onların payını digər həmkəndliləri arasında bölmək mümkündür. Amma bu proses mütləq könüllü, kompensasiya isə ədalətli olmalıdır.
İşğaldan azad edilmiş ərazilərdə islahata cəlb edilə biləcək torpağın potensial həcmi nə qədərdir?
Hazırda rəsmi informasiya mənbələrində işğaldan azad edilmiş ərazilərdəki, o cümlədən hər bir rayon üzrə kənd təsərrüfatı təyinatlı torpaqların həcmi və strukturu barədə dəqiq məlumatlar yoxdur. Halbuki belə məlumatlar həmişə, hətta 2020-ci ildə baş tutan və işğalın sona çatdırılması ilə nəticələnən 44 günlük müharibədən əvvəlki illərdə açıqlanmamış statistik hesabatlarda olub.
Qeyri-rəsmi vasitələrlə əldə etdiyimiz həmin məlumatlar aşağıdakı kimidir:
1. İşğaldan azad edilmiş bütün ərazilər üzrə kənd təsərrüfatına yararlı torpaqların həcmi 615 min hektardır. Bunun 228 min hektarı Şərqi Zəngəzur regionunu əhatə edən 5 rayonun (o cümlədən, 56,9 min hektarı Laçının, 42,7 min hektarı Kəlbəcərin, 33,5 min hektarı Zəngilanın, 33,6 min hektarı Qubadlının, 61,4 min hektarı Cəbrayılın), 387 min hektarı isə Qarabağ regionunun (o cümlədən, 120 min hektarı Füzulinin, 85 min hektarı Ağdamın, 69 min hektarı Xocavəndin, 53 min hektarı Ağdərənin, 41,4 min hektarı Xocalının, 18,4 min hektarı isə Şuşanın) payına düşür;
2. Bu ərazilərdəki kənd təsərrüfatına yararlı torpaqların (ümumilikdə 615 min hektar) təxminən üçdə biri və ya 219 min hektarı əkinə yararlı torpaqlardır. Torpaq fondunun yerdə qalan hissəsini isə örüş-bicənək torpaqları (350 min hektar) və həyətyanı sahələr təşkil edir.
Yuxarıda qeyd etdiyimiz kmi, ölkə ərazisinin az qala 80 faizini əhatə edən birinci torpaq islahatında kənd təsərrüfatına yararlı torpaqların 32 faizi xüsusi mülkiyyətə verildi. Əgər bu normativ işğaldan azad edilmiş ərazilərə də tətbiq edilsə, deməli, 230-250 min hektar torpaq vətəndaşlar arasında pay torpaqları kimi bölünə bilər.
Amma yenə də qərar hökumətin olacaq – bəlkə, məskunlaşmaya marağı daha da artırmaq, torpaqlardan daha səmərəli istifadəyə nail olmaq üçün bütün fondun 50 faizindən az olmayan hissəsi özəlləşdirməyə açılacaq?
Nə qədər insan torpaq payı ala bilər?
Əgər torpaq payı almaq üçün əsas meyar kənd ərazilərində qeydiyyat olacaqsa, 530 min nəfər mülkiyyətçi ola biləcək. Hazırda hər 2 region üzrə əhalinin toplam sayı (Xankəndi şəhəri və Ağdərə rayonu istisna olmaqla) təxminən 670 min nəfərdir. Onların 530 min nəfəri (rayon mərkəzləri və hər 2 regiondakı iri şəhərlər istisna olmaqla) kənd və qəsəbələrdə yaşayır.
Təxminən 250 min hektar kənd təsərrüfatına yaralı torpaq özəllşdirməyə cəlb edilərsə, bu, orta hesabla adambaşına 0,5 hektar torpaq payı deməkdir. Qeyd etdiyimiz kimi, hökumət daha çox torpaq sahəsini xüsusi mülkiyyətə vermək istəsə, həmin göstərici 0,7 hektara qədər yüksələ bilər.
Yeri gəlimişkən, kənd təsərrüfatına yararlı torpaq fondundan əlavə, hər 2 regionun toplam meşə fondu təxminən 250 min hektar təşkil edir. Ən böyük meşə ərazisi Ağdərə (75 000 hektar), Xocalı (38 min hektar), Laçın (33,5 min hektar) və Kəlbəcər (33 min hektar) rayonlarının payına düşür.