Gürcüstanda 2 nəfər seçki saxtakarlığına görə həbs edildi

Gürcüstanda 2 nəfər seçki saxtakarlığına görə həbs edildi

Oktyabrın 26-da keçirilmiş parlament seçkiləri zamanı Marneuli rayonunun Sadaxlı kəndindəki 69 saylı seçki məntəqəsində baş vermiş insidentlə bağlı iki nəfər saxlanılıb. Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat verib.

Birinci24.com xəbər verir ki, məntəqədə səsvermə köhnə sistem üzrə təşkil edilib. Bülletenlər xüsusi oxuma aparatına deyil, qutuya qoyulub. Dairə Seçki Komissiyası prosesi dayandırıb və səsvermənin nəticələrini etibarsız elan edib.

Kvemo Kartli polisi 34 və 40 yaşlı iki nəfəri saxlayıb. Onların adları açıqlanmır. İstintaq müəyyən edib ki, qanun pozuntusunda təqsirləndirilən şəxslər seçki qutusuna topa bülletenlər atıblar. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin “Səsvermənin gizliliyinin pozulması, səslərin düzgün hesablanmaması və ya seçkilərin nəticələrinin düzgün yekunlaşdırılmaması” maddəsi ilə aparılır. Bu maddə üzrə 2 ilə qədər həbs cəzası nəzərdə tutulur.

Hakim “Gürcü Arzusu” Partiyasının lideri Mamuka Mdinaradze daha əvvəl bəyan etmişdi ki, qutuya topa bülletenlər atan şəxs yerli məclisin (raysakrebulo) onların partiyasından olan deputatıdır və o, Vahid Milli Hərəkat Partiyasının göstərişilə  ilə hərəkət edib.

Bu seçkilərdə ilk dəfə elektron texnologiyalardan – səslərin yoxlanılması və sayılması cihazlarından istifadə edilib. Şəxsiyyəti təsdiq edən sənəd yoxlama aparatına, bülletenlərsə səssayma aparatına yerləşdirilib. 3111 seçki məntəqəsindən 2263-də bu qurğulardan istifadə olunub. Ənənəvi üsulla səsvermə yalnız yüksək dağlıq rayonlarda və xaricdəki seçki məntəqələrində aparılıb.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkilərdə hakim Gürcü Arzusu Partiyası səslərin 53,93 faizini toplayaraq qalib gəlib. 5%-lik baryeri keçən dörd müxalif qüvvə, onları dəstəkləyən QHT-lər və Gürcüstan prezidenti Salome Zurabişvili qanun pozuntularına yol verildiyini iddia edərək seçkinin nəticələrini  tanımaqdan imtina ediblər.

Editor

Related Posts