Amerika Birləşmiş Ştatlarının 47-ci prezidenti məlum oldu. 45-ci prezident Donald Tramp ikinci dəfə bu vəzifəyə seçildi. Respublikaçılar Konqresin yuxarı palatası Senatda da çoxluğa nail oldular. Nümayəndələr Palatasında vəziyyət hələ tam aydın olmasa da, respublikaçıların burada hazırda sahib olduqları çoxluğu qoruyacaqları gözlənilir. Beləliklə, 2024-cü il 5 noyabr seçkiləri respublikaçılar üçün əsl triumf oldu. “Qırmızı dalğa” bütün Vaşinqtonu ağuşuna aldı. Bu o deməkdir ki, Donald Tramp hər hansı əngələ rast gəlmədən öz proqramını rahat şəkildə həyata keçirə biləcək.
Demokratların ağır məğlubiyyəti, şübhəsiz ki, ilk növbədə ölkədaxili amillərlə əlaqədardır. Pandemiya sonrası iqtisadi canlanma yaratmaq üçün dövriyyəyə buraxılan külli miqdarda qarşılıqsız pullar ölkədə inflyasiya yaratdı. Əhalinin rifah səviyyəsi artmadı. Sərhəd təhlükəsizliyilə bağlı vəziyyət – qanunsuz miqrantların Meksikadan ölkəyə axını xalqın əksəriyyətini narahat edən əsas problemlərdən biridir. Kamala Harris kampaniya boyunca insanların bu narahatlıqlarını aradan qaldıracağına, Baydendən fərqli idarəçilik ortaya qoyacağına vətəndaşları inandırmağa, özünü hazırkı prezidentin neqativ mirasından ayırmağa çalışsa da, buna nail ola bilmədi.
Bütün sorğular göstərirdi ki, Cozef Baydenin prezidentliyini əhalinin ən yaxşı halda 35-38%-i bəyənir, xalqın üçdə ikisi ölkənin düzgün istiqamətdə getmədiyini düşünür. Əgər mövcud prezidentin bəyənilmə səviyyəsi 40%-dən aşağıdırsa və əhalinin üçdə ikisi ölkənin gedişatının yanlış olduğunu düşünürsə, hazırkı hakim komandanın 2-ci adamının prezident seçilməsi ehtimalı yüksək ola bilməz. Çünki bu problemlərə görə o da cavabdehlik daşıyır. Demokratlar ümid edirdi ki, Harris qadınların, gənclərin, qaradərili və ispandilli əhalinin çox böyük dəstəyi və ölkə daxilindəki antitrampizm dalğasında prezident seçiləcək. Lakin demokratlar bu əhali kateqoriyalarından gözlədikləri səviyyədə dəstək ala bilmədilər və məlum oldu ki, ABŞ daxilindəki antitrampizmi çox da şişirtmək lazım deyilmiş. Seçicilər hər yerdə realistdirlər; strateji yox, praqmatik düşünürlər.
Şübhəsiz ki, bütün dünya kimi, bizləri də Tramp dövründə ABŞ-ın yürüdəcəyi xarici siyasət daha çox maraqlandırır. Bu sahədə nə dərəcədə radikal dəyişikliklər olacaq, onu söyləmək çətindir, amma Vaşinqtondan bir çox istiqamət üzrə fərqli yanaşmalar görəcəyimiz dəqiqdir. Cənubi Qafqazda, böyük etimal, hazırkı siyasət bu və ya digər şəkildə davam etdiriləcək. Tramp seçki kampaniyası dövründə iki dəfə ermənilərə isti mesaj ünvanladı. Birincisində “120 min xristian erməninin dəhşətli təqiblərə məruz qalaraq Artsaxdan zorakılıqla qovulduğunu” deyərək Kamala Harrisi bunun qarşısını almamaqda qınadı və bəyan etdi ki, seçilərsə, “etnik təmizlik” hallarını dayandıracaq, Ermənistan və Azərbaycan arasında sülhü bərpa edəcək. ABŞ-dakı erməni dini lider Birinci Aramla telefon danışığında isə “Artsax” ermənilərinə dəstəyini və bölgədə sülhə bağlılığını ifadə edərək ABŞ-dakı erməni icmasını “güclü, ağıllı və dinamik icma” kimi qiymətləndirdi. Bu mesajlar onu deməyə əsas verir ki, hazırkı administrasiya kimi, Trampın da bizim bölgədə prioriteti tezliklə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması olacaq. Trampın şəxsi keyfiyyətlərini və qeyri-standart siyasətçi olmasını nəzərə alsaq, onun öz tərəf-müqabillərilə dialoqda daha qətiyyətli, bəzən isə sərt mövqe tutacağını təxmin etmək mümkündür. Bu halda tərəflərin müxtəlif səbəb və ya bəhanələrlə sülh müqaviləsindən yayınması çətin ola bilər.
Sirr deyil ki, Bayden son vaxtlar beynəlxalq əlaqələrdə ciddiyə alınan bir fiqur deyildi. Onun yaşlılıq və xəstəlik (demensiya əlamətləri) səbəbi ilə sərgilədiyi qeyri-adekvat davranışlar ABŞ-ın nüfuzuna ciddi xələl gətirirdi. Azərbaycan rəhbərliyi də seçkilərdə demokratların məğlub olacağını gözlədiyi üçün ABŞ tərəfinin istər sülh müqaviləsi, istərsə də insan haqları ilə bağlı bütün çağırışlarına etinasız yanaşırdı.
Dövlət katibi Blinken prezident Əliyevlə telefon danışıqlarında onu dəfələrlə siyasi məhbusları azad etməyə çağırdı, lakin bunun hər hansı nəticəsi olmadı. Ümumiyyətlə, ABŞ demokratlarının insan haqları və demokratiya məsələlərinə daha çox diqqət yetirdiyi, respublikaçılarınsa tam əks mövqedə olduğuna dair formalaşmış təsəvvürlər həqiqətə o qədər də uyğun deyil, bunu yaşayaraq gördük. Azərbaycanda müstəqil vətəndaş cəmiyyətinin, müxalif medianın və ümumən müxalifətin sıradan çıxarılması prosesi ABŞ-da demokratların hakimiyyətdə olduğu dövrdə daha geniş vüsət alıb. 2013-cü ildə Azərbaycanda vətəndaş cəmiyyəti məhv ediləndə ABŞ-ın prezidenti Barak Obama idi. Son həbslər isə Bayden dövründə baş verdi. Demokratlar insan haqları və demokratiya mövzularından danışmağı sevir, amma bunlar daha çox ritorika səviyyəsində qalır. Praktikada və real siyasətdə bu sözlərin gerçəkləşməsi nadir hallarda baş verir.
Bayden administrasiyasının xarici siyasətinin ümumən uğursuz olduğunu qeyd etmək lazımdır. 2021-сi ilin avqustunda Əfqanıstandan biabırçı şəkildə çıxması ABŞ-ın nüfuzuna ciddi zərbə vurdu və Putini Ukraynaya hücuma cəsarətləndirdi. Putin elə həmin il Ukraynaya hücum hazırlıqlarına başlayaraq ilin sonunda ABŞ və NATO-ya qarşı ultumativ tələblər irəli sürdü. ABŞ bu tələbləri qəbul etmədi, amma Ukraynaya hücumun qarşısını almaq üçün də heç nə etmədi, yaxud edə bilmədi. Sonradan Ukraynaya hərbi dəstək verməyə başlasa da, “eskalasiyanı yüksəltməmək” strategiyası səbəbi ilə heç vaxt Ukraynaya ehtiyac duyduğu qədər silah-sursat ayırmadı. Limitlərlə edilən yardımlar yetərsiz oldu və nəticədə Rusiya Xarkov və Xerson məğlubiyyətlərindən sonra cəbhədə təşəbbüsü yenidən ələ keçirdi. Baydenin Ukrayna müharibəsilə bağlı strategiyası sonda ona gətirib çıxartdı ki, Şimali Koreya rejimi müharibəyə qoşuldu və Rusiyaya dəstək üçün hərbi birləşmələr göndərdi. Bu, Bayden administrasiyasının Ukrayna siyasətinin iflası deməkdir.
Tramp Ukraynada müharibəni çox qısa müddətdə dayandıracağını vəd edir. Bu istiqamətdə ilk addımlarını hələ vəzifəsinin icrasına başlamadan atacağı gözlənilir. (Andiçmə mərasimi 2025-ci il yanvarın 20-də keçiriləcək.) Artıq Ukrayna prezidenti Zelenski ilə danışdığı bildirilir.
Trampın hakimiyyəti dövründə ABŞ-ın İsrailə dəstəyi daha da güclənəcək və bu müddətdə İranın nüvə proqramı ilə bağlı məsələnin hərbi yolla həlli ehtimalı yüksək görünür.
İlk prezidentliyi dövründə olduğu kimi, Trampın əsas diqqəti, şübhəsiz ki, Asiya (Hind) – Sakit okean regionuna yönələcək. Çinə qarşı yeni ticarət savaşının başlaması, bu ölkədən idxal edilən mallara yüksək gömrük rüsumlarının tətbiqi mümkündür. Bu halda qlobal iqtisadiyyatda ciddi sarsılmalar və dalğalanmalar olacaq.
Respublikaçıların ABŞ-ın neft-qaz sənayesinə çox ciddi dəstək verəcəyi şübhəsizdir. Demokratların prioriteti yaşıl enerji olduğu halda, Bayden dövründə ABŞ-ın neft hasilatı artdı və hazırda gündəlik 13,3-13,4 milyon barel təşkil edir. Respublikaçılar ənənəvi enerjinin öz əhəmiyyətini qoruduğuna inanırlar və bu sahəyə diqqətin azalmasını yolverilməz sayırlar. Qarşıdakı dövrdə ABŞ həm neft, həm də qaz hasilatını artıracaq və bu da öz növbəsində dünya bazarında neftin qiymətinin aşağı düşməsinə səbəb olacaq. Aşağı neft qiymətləri isə Azərbaycan iqtisadiyyatı üçün ciddi probemlər yaradacaq.