Gürcüstanın paytaxtı Tbilisidə etirazçılar gecəni çadırlarda keçirərək əsas yolayrıcını bağlayıblar. Kampaniyanın 24 saat davam edəcəyi bildirilib.
Onlar noyabrın 17-də axşam saatlarında Tbilisi Dövlət Universitetinin yaxınlığında 30-a yaxın çadır qurublar. Aksiya iştirakçılarına ədyal, kilim, isti çay paylanıb, məkanda biotualetlər quraşdırılıb. Gecə sakit keçib: aksiya dağıdılmayıb, etirazçılar filmlərə baxıblar, rəqs ediblər. Hakimiyyət nümayəndələri və polis hələlik heç bir açıqlama verməyiblər.
Oktyabrda keçirilən parlament seçkilərində birlikdə 21%-dən çox səs toplamış iki müxalifət partiyası – Dəyişiklik Uğrunda Koalisiya və Vahid Milli Hərəkat Partiyası dünən “Səsini geri al” kampaniyası başlatdıqlarını elan ediblər. Onlar seçkilərdə saxtakarlıq olduğunu bildirirlər, yeni seçkilər keçirilməsini tələb edirlər. Müxalifət liderlərinin sözlərinə görə, indiki aksiyalar başlanğıcdır, şəhərdə yeni müqavimət mərkəzləri yaradılmağa davam edəcək.
Rəsmi məlumatlara görə seçkilərdə qalib gəlmiş “Gürcü arzusu”nun sədri İrakli Kobaxidze noyabrın 17-də bildirib ki, “kənardan idarə olunan qüvvələrin müqavimətinə baxmayaraq” noyabrın 25-də parlamentin ilk iclası keçiriləcək. Kobaxidze həmçinin qeyd edib ki, gec-tez bütün müxalifətçilər seçkilərdəki məğlubiyyətlərini qəbul edib parlamentdə fəaliyyətə başlayacaqlar.