Dövlət Departamenti ABŞ hakimiyyəti hakim “Gürcü arzusu” partiyasının Avropaya inteqrasiya ilə bağlı danışıqlardan imtina etməsi fonunda Gürcüstanla strateji tərəfdaşlığı dayandırır. Bu barədə ABŞ Dövlət Departamentinin məlumatında bildirilir.
““Gürcü arzusu”nun Gürcüstanın Aİ-yə üzvlük prosesini dayandırmaq qərarı gürcü xalqının Avropa İttifaqı və NATO-ya tam inteqrasiyaya nail olmaq üçün konstitusiya vədinə ziddir. Gürcüstanın Aİ-yə üzvlüyünü dayandırmaqla “Gürcü Arzusu” Avropa ilə daha sıx əlaqələrin mümkünlüyündən imtina edib və Gürcüstanı Kreml qarşısında daha həssas edib, – məlumatda deyilir.
“Gürcü Arzusu”nun müxtəlif antidemokratik hərəkətləri ümumi dəyərlərə və demokratiyaya, qanunun aliliyinə, həmçinin korrupsiyaya qarşı mübarizəyə əsaslanan ABŞ-Gürcüstan strateji tərəfdaşlığının əsas prinsiplərini pozub. Nəticədə ABŞ bu mexanizmi dayandırdı.
Dövlət Departamenti həmçinin polisin hakimiyyət orqanlarının hərəkətlərinə etiraz edən gürcülərə qarşı “həddindən artıq güc tətbiqini” pisləyib.
“Biz bütün tərəfləri etirazların dinc xarakter daşımasını təmin etməyə çağırırıq”, – amerikalı diplomatlar qeyd ediblər.
Gürcüstanda baş nazir İrakli Kobaxidzenin noyabrın 28-də ölkənin 2028-ci ilin sonuna qədər Avropa İttifaqına üzvlüklə bağlı danışıqlardan imtina etdiyini bəyan etməsindən sonra artıq dördüncü gündür ki, etirazlar keçirilir. Nümayişçilər hər axşam Tbilisinin mərkəzindəki parlament binası yaxınlığında toplaşırlar. Ölkənin digər şəhərlərində də etiraz aksiyaları keçirirlər. Polis etirazçıları su şırnaqları və gözyaşardıcı qazla dağıdıb, onlar da polisə pirotexniki vasitələr atmaqla cavab verirlər. Daxili İşlər Nazirliyinin məlumatına görə, aksiyaların ilk iki gecəsi ərzində 150-dən çox insan saxlanılıb.
Etirazçılara Gürcüstan prezidenti Salome Zurabişvili dəstək verib. O, тoyabrın 30-da ölkədə “yeganə müstəqil, qanuni qurum” olaraq qaldığını və səlahiyyət müddətinin başa çatmasına baxmayaraq vəzifəsindən istefa verməyəcəyini bəyan edib. Gürcüstan Xarici İşlər Nazirliyinin yüzdən çox əməkdaşı da Avropaya inteqrasiyanın rədd edilməsinin əleyhinə çıxış edib və bir neçə Gürcüstan səfiri istefa verib.
Gürcüstanın baş naziri İrakli Kobaxidze etirazları “ölkənin konstitusiya quruluşuna hücum” adlandırıb və onları təşkil etməkdə avropalı siyasətçiləri və “beşinci kolon”u ittiham edib. “Radikallar və onların əcnəbi ağaları hər dəfə vəziyyəti gərginləşdirmək və Gürcüstanı Ukraynaya çevirmək üçün yeni səbəblər uydurmağa çalışırlar… Gürcüstanda Maydan ssenarisi işləməyəcək”, – deyə o bildirib.