Müsəlman Birliyi Hərəkatının (MBH) fəalı Bəxtiyar Babaşov 17 saylı cəzaçəkmə müəssisəsində fiziki zorakılığa məruz qalıb.
Birinci24.com xəbər verir ki, bu barədə onun həyat yoldaşı, jurnalist və hüquq müdafiəçisi Arzu Abdulla məlumat verib. Bildirib ki, noyabrın 30-da cəzaçəkmə müəssisənin qarşısında etiraz aksiyası keçirərək ərinə və digər məhbuslara qarşı zorakılığın dayandırılmasını tələb edib.
“Bəhanələri bu olub ki, Bəxtiyarın əynindəki gödəkçə uzundu, papağı “dimdiklidi”. Qısa gödəkçəsini yumağa aparmışdım. Rejim rəisi Samid Qafarov onun üstünə cumub, sinəsindən tutub divara çırpıb, yumruqla vurub. Bu nə deməkdir? Kefim istəyir, səni döyə bilərəm? Ona kim bu ixtiyarı verir?”– Arzu Abdulla belə deyib.
Onun sözlərinə görə, cəzaçəkmə müəssisəsinə təzə köçürülən məhbusları karantində saxladıqları müddətdə onlara gətirilən ərzağı və başqa məhsulları bir sıra hallarda müəssisədəki mağazaya verib satdırırlar.
Arzu Abdulla Penitensiar Xidmətə həyat yoldaşına qarşı zorakılıqdan şikayət edib. Qurumdan ona deyilib ki, Samid Qafarov Bəxtiyar Babaşova zor tətbiq etməyib. Penitensiar Xidmətdən məsələ ilə bağlı şərh almaq mümkün olmayıb. M
üsəlman Birliyi Hərəkatının üzvü Bəxtiyar Babaşev 2023-cü ilin martında narkotik alveri ittihamıyla həbs edilib, oktyabr ayında məhkəmə qərarıyla 4 il müddətinə azadlıqdan məhrum edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.