Belarus prezidenti Aleksandr Lukaşenko 29 siyasi məhbusu əfv edib. Azadlıq Radiosu xəbər verir ki, əfv edilənlərin 11-i qadın, 18-i kişidir, onların yarıdan çoxunun xroniki xəstəliyi və əlilliyi var.
“Azadlığa buraxılanların hamısı törətdiyi əməllərdən peşman olaraq əfvlə bağlı dövlət başçısına müraciət edib”, – prezident administrasiyasının açıqlamasında deyilir.
O da bildirilir ki, Daxili İşlər Nazirliyi “qanunları bir daha pozmamaları üçün” azadlığa buraxılanlara göz qoyacaq.
Lukaşenko son bir neçə ayda yeddi əfv sərəncamı imzalayıb, nəticədə 178 nəfər azadlığa çıxsa da, ölkədə hələ 1300-dək siyasətçi, jurnalist, hüquq müdafiəçisi və vətəndaş cəmiyyəti fəalı həbsdədir. Onlara vəkil tutmaq yasaqlanıb, saxlanma şəraitləri də ağırdır.
Bir yandan da yanvarda keçiriləcək prezident seçkiləri öncəsi həbslərin davam etdiyi vurğulanır. “Vyasna” insan haqları təşkilatından Pavel Sapelka AP-yə deyib ki, Lukaşenko əfv olunanlardan iki dəfə çox insanı həbs etdirir.
2020-ci ildəki prezident seçkisinin nəticələrinə etiraz edənlərə qarşı genişmiqyaslı repressiyalarda, azı, 13 min belaruslu ölkəni tərk etməyə məcbur qalıb.