Xəbər verdiyimiz kimi Amerika Birləşmiş Ştatlarında bir neçə gündür davam edən güclü yanğınlar hələ də səngimir.
Sosial mediada yanğınlarla bağlı paylaşılan görüntülərin şərh hissəsində bir çox azərbaycanlı vətəndaşlar bu hadisəni “Allahın xristianlar üçün” cəzası adlandırırlar.
Cəmiyyətdə belə bir fikrin formalaşmasına səbəb nədir? Belə düşüncələrə düşmək dini baxımdan necə qarşılanır?
İlahiyyatçı Əkrəm Həsənov bildirib ki, təbiət hadisələrini yalnız cəza kimi izah etmək, dini biliklərin yetərsizliyindən və mövzulara səthi yanaşmadan irəli gəlir. İslam dini insanlara hadisələri daha dərindən və ədalətli şəkildə dəyərləndirməyi tövsiyə edir.

“Amerikada baş verən meşə yanğınlarına sevinib təhqir edənləri başa düşmək çətindir. Bir çox müsəlman icmaları Amerikada baş verən meşə yanğınlarına kiminsə intiqamı alınır kimi sevinib paylaşım edirlər. Əslində bu mövzu, insanların duyğusal reaksiyalarını, dünyagörüşlərini və mövzulara yanaşma tərzlərini dərk etməyin nə qədər çətin olduğunu göstərir. Los-Angelesdəki meşə yanğınlarına görə bəzi müsəlmanların bu cür qəzəb dolu paylaşım etməsi iki əsas səbəbdən qaynaqlana bilər. Birincisi, dünyanın bir çox yerində müsəlman icmaları üzərinə böyük təzyiqlər, islamofobiya və haqsızlıqlar olur. Bəzi insanlar bu cür hadisələrə reaksiya olaraq baş verən fəlakətləri “Allahın cəzası” və ya “ədalətin təzahürü” kimi görüb paylaşım edə bilərlər. Bu yanaşma dini bir qəzəb və ya duyğusal bir reaksiya ola bilər. Təəssüf ki, bəzən bəzi insanlar fərdi davranışlarını və mövqelərini universal dəyərlərə uyğun tənzimləmək əvəzinə, hisslərini nəzarətsiz şəkildə paylaşırlar. Bu, onların məsuliyyətsiz və qeyri-konstruktiv davranışlarına səbəb olur. Əslində isə biz belə düşünməliyik ki, meşə yanğınları və təbii fəlakətlər sadəcə fərqli din və ya millətlərə mənsub insanları deyil, bütün insanlığa təsir edir. Bu cür fəlakətlərdə günahsız insanlar əziyyət çəkir, təbiət məhv olur və bütün bəşəriyyət üçün ağrılı bir vəziyyət yaranır”.
İlahiyyatçı xüsusilə qeyd edib ki, Quran və hədislərdə insanların kədərinə sevinc göstərmək qınanır.
“Peyğəmbərimiz (s.a.v) “Müsəlman, başqasının dərdinə şərik olan şəxsdir. Kim birinə kömək edərsə, Allah da ona kömək edər” buyurub. Fəlakətlərdə insanların yanında olmaq İslamın əsaslarından biridir.
Meşələr Allahın yaratdığı böyük nemətlərdir. Onları məhv edən hər bir səbəb insanlıq üçün böyük itki və ətraf mühitə qarşı bir cinayətdir. Ümumiyyətlə, bəzi müsəlmanlar niyə anlamırlar ki, başqalarının acısına sevinc göstərmək nə insanlıq, nə də dini baxımdan doğru deyil. Məqsədimiz insanlar arasında sülh, həmrəylik və anlayışı təşviq etmək olmalıdır. Əlbəttə, bunu bütün müsəlmanlara aid etmirik. Amma insanlığa qarşı bu qədər qəddar olmaq müsəlmana yaraşmaz!”.
Əkrəm Həsənov deyib ki, Quran və hədislərdə belə təbii fəlakətlərin yalnız bir qrup insanın cəzalandırılması kimi şərh olunmadığı açıqdır.
“Məsələn, zəlzələ, qasırğa və ya yanğın kimi fəlakətlər insanlara həm sınaq, həm də dünyada əməllərinin nəticələrinə diqqət yetirmək üçün bir xatırlatma ola bilər. Lakin belə hadisələri konkret bir icmanın günahı ilə əlaqələndirmək, insanların ilahi hikməti tam anlamağa çalışmadan hökm verməsidir. Quran “Allahın işində hikmət vardır, lakin onu çoxları dərk etmir” (Yunis, 10:5) deyərək insanları düşünməyə və təmkinli olmağa çağırır.
Yanğınlar nəticəsində təkcə insanlar deyil, yüzlərlə heyvan, bitki örtüyü və təbiət resursları da məhv olur. Bu, İslamın “Yer üzündə fəsad törətməyin” (Bəqərə, 2:205) prinsipinə ziddir. Təbiətə zərər vurulması, canlıların həyatına təhlükə yaratmaq dinimizin diqqət mərkəzindədir. İnsanların bu cür hadisələrə cəza gözü ilə baxması, həm məsuliyyətdən qaçmağa, həm də zərərçəkənlərə biganə yanaşmağa səbəb ola bilər. Halbuki İslam həmrəylik və yardımlaşma dinidir. Zərər çəkmiş insanlara və təbiətə yardım etmək, ziyanı minimuma endirmək hər bir müsəlmanın vəzifəsidir.
Belə fikirlərin cəmiyyətdə formalaşması, bir tərəfdən dini biliklərin zəifliyi, digər tərəfdən isə sosial medianın qeyri-peşəkar mənbə kimi istifadə olunması ilə bağlıdır. Dinin əsas prinsipləri doğru təbliğ olunmadıqda, insanlar bu cür yanlışa daha çox meyl edirlər. İslamın təməl prinsiplərindən biri, heç bir hadisə barədə qətiyyətli hökm verməməkdir. Peyğəmbərimiz (s.ə.s) də belə məsələlərdə səbirli və təmkinli olmağı tövsiyə edib”.
Son olaraq qeyd etmək lazımdır ki, təbiət hadisələrinə “cəza” kimi baxmaq əvəzinə, onların səbəblərini öyrənmək, zərərçəkənlərə yardım etmək və gələcəkdə bu cür fəlakətlərin qarşısını almaq üçün tədbirlər görmək dini və insani bir borcdur. Bu yanaşma həm mənəvi, həm də əxlaqi baxımdan doğru olan yoldur.