Qırğızıstan prezidenti Sadır Japarov qadınlara ictimai yerlərdə niqab taxmağı qadağan edən qanun imzalayıb.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə onun rəsmi saytında məlumat verilib.
Artıq Qırğızıstanda “vətəndaşların şəxsiyyətini müəyyənləşdirməyə imkan verməyən” paltarlar geyinmək qadağandır. Bu qadağa iş fəaliyyətilə bağlı geyimlərə və ya üzün tibbi səbəblərdən örtülməsi hallarına şamil edilməyəcək.
“Qırğızıstan Respublikasının bəzi qanunvericilik aktlarına dini sahədə dəyişikliklər edilməsi haqqında” Qanunda isə başağıdakı qadağalar əksini tapıb:
– öz dinini başqa dinə mənsub şəxslərə, dini cəhətdən neytral şəxslərə və ateistlərə qəbul etdirmək;
– bir sıra müəssisələrdə, o cümlədən qocalar evində dini ayinlər keçirmək;
– cəzaçəkmə müəssisələrində və hərbi hissələrdə, təhsil müəssisələrində, ictimai yerlərdə və qapı-qapı gəzərək dini ədəbiyyatı və digər materialları yaymaq.
Bu müddəalardan hər hansı birinin pozulmasına görə 20 min som (230 dollar) məbləğində cərimə nəzərdə tutulur.
Bu qanun, həmçinin “Dini etiqad azadlığı və dini birliklər haqqında” Qanun 26 dekabr 2024-cü ildə qəbul edilib. Adıçəkilən ikinci qanunda qeyd edilir ki, xaricdə dini təhsil almaq istəyənlər bunu Qırğızıstanın Dini İşlər üzrə Dövlət Komissiyası və dini qurumun mərkəzi idarəetmə orqanıyla razılaşdırmalıdırlar.