Müxalifətdəki Xristian Demokrat İttifaqının lideri, gələn ay keçiriləcək seçkilərdən sonra Almaniyaya rəhbərlik etmək şansı yüksək olan Fridrix Merz ölkə sərhədlərini bütün qanunsuz miqrantlar üçün bağlayacağını deyib. Bu, siyasi sığınacaq tələb etmək üçün ciddi əsasları olanlara da şamil ediləcək.
Bir gün əvvəl Bavariyanın Aşaffenburq şəhərindəki parkda 28 yaşlı etnik əfqan məktəbəqədər yaşlı uşaqlara bıçaqla hücum edib. Biri uşaq olmaqla, iki nəfər həlak olub; biri kiçik qız olmaqla, 3 nəfər yaralanıb. Merz bunları həmin insidentdən sonra deyib.
Hücum edən şəxs saxlanılıb. Məlum olub ki, o, Almaniya hökumətindən sığınacaq istəyib, amma rədd cavabı alıb və dekabr ayında ölkəni tərk etməliymiş.
Bu, Almaniyadan sığınacaq almaq istəyənlərin ilk belə cinayəti deyil. Təkcə ötən il may, iyun və dekabr aylarında ölkənin müxtəlif şəhərlərində ölümlə nəticələnən hadisələr baş verib. Milad bazarına hücum zamanı 5 nəfər ölmüş, 200-dən çox insan yaralanmışdı.
Sonuncu hadisə – azyaşlı uşaqlara hücum Almaniya siyasətçilərini daha qətiyyətli addımlar atmağa sövq edib.
Almaniyanın istefa verən (və qeyri-populyar) kansleri Olaf Şolz olduqca sərt bəyanatla çıxış edərək cavab tədbiri görəcəyini vəd edib və hücumu terror aktı adlandırıb, baxmayaraq ki, hüquq-mühafizə orqanları hücumda terror motivi olduğunu hələ təsdiqləməyiblər.
Bavariya hakimiyyətinin məlumatına görə, bu şəxsin daha əvvəl törədilmiş üç zorakılıq aktıyla da əlaqəsi ola bilər.
Fevralın 23-nə təyin edilmiş seçkilər ərəfəsində rəy sorğularına görə birinci olan CDU/CSU blokunun lideri Merz öz növbəsində vəziyyəti Almaniya reallığının yeni norması kimi qəbul etməyəcəyini bildirib.
Merz deyib ki, kansler kimi fəaliyyətə başladığı ilk gün Almaniya sərhədlərini daimi nəzarətə götürməklə bağlı Daxili İşlər Nazirliyinə göstəriş verəcək.
“Biz 10 il ərzində nizamsız bir şəkildə sığınacaq verilməsinin və immiqrasiya siyasətimizin nəticələrini görürük. Biz son həddə çatdıq”- deyə, Merz əlavə edib.
Onun partiyadaşı Angela Merkelin rəhbərliyi altında Almaniya 2015-16-cı illərdə – Avropadakı miqrant böhranı zamanı bir milyondan çox qaçqın qəbul edib.
Merz Avropa İttifaqının sığınacaq siyasətinin “açıq-aşkar effektsiz” olduğunu deyib; bildirib ki, artıq Almaniya öz milli qanunvericiliyini birinci yerə qoymaq hüququndan istifadə etməlidir.
O həmçinin qeyd edib ki, deportasiya olunacaq miqrantlar üçün daha çox saxlama yerinə ehtiyac var.
Vəzifəyə gəldiyi ilk gün sərhədləri bağlayacağı barədə dediklərin görə çoxları Merzi andiçmə mərasimindən sonrakı ilk saatlarda qeyri-qanuni mühacirlərin deportasiyası məsələsiylə məşğul olmağa başlayan Donald Trampla müqayisə edir.
Rəy sorğularında ikinci yerə çıxan “Almaniya üçün Alternativ” (AfD) partiyası da immiqrasiya probleminə böyük yer ayırır. Təşkilat bu məsələni az qala seçki proqramının əsas bəndinə çevirib.
AfD lideri Alisa Vaydel (Alice Weidel) gələn həftə parlamentdə ölkə sərhədlərinin bağlanması və qeyri-qanuni mühacirlərin deportasiyasıyla bağlı səsvermə keçirməyi təklif edib.
Aşaffenburqdakı bıçaqlı terrorunun təcili nəticələri olmalıdır” – Vaydel sosial mediadabelə yazıb.
Bəzi analitiklər deyirlər ki, Şolzun təmsil etdiyi mərkəz solun və Merzin təmsil etdiyi mərkəz sağın miqrasiyayla bağlı sərt ritorikaları çoxlarının ekstremist partiya hesab etdiyi AfD-nin mövqeyini gücləndirəcək.