Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin keçmiş rəisi Çingiz Mehdiyevin məhkəməsi davam edir. O, Bakıda keçirilən Formula-1 yarışlarına büdcədən ayrılmış vəsaitdən 400 min manatı mənimsəməkdə ittiham olunur.
Bu iş hakim Leyla Əsgərova-Məmmədovanın icraatındadır.
10 aya yaxındır davam edən məhkəmə istintaqı geridə qalıb, hazırda məhkəmə sənədləri tədqiq edir.
Yanvarın 27-də məhkəmə iclasında Çingiz Mehdiyev Gürcüstandakı banklardan birində qalan pullarla bağlı vəsatət qaldırıb və bu barədə sənədin işə əlavə olunmasını istəyib. Təqsirləndirilən şəxs həmin pulların anasının vəfatından sonra ona miras olaraq qaldığını deyib:
“Azərbaycandan aldığımız vərəsəlik sənədini bank əvvəlcə qəbul etmirdi, ona görə də pullar ilişib orda qalıb. Hazırda vərəsə kimi tanındığım üçün pul mənim hesabıma köçüb. Bu, mənim şəxsi pulumdur, 857 min dollardır, bu pulun Bakı Şəhəri Halqası Əməliyyat Şirkətindən mənimsənilən pullarla əlaqəsi yoxdur”.
Ç.Mehdiyevin vəkili vəsatət qaldırıb ki, məhkəmə Gürcüstan bankına müraciət edərək məbləğin dəqiqləşdirilməsi üçün maliyyə sənədlərinin məhkəməyə göndərilməsini istəsin.
Dövlət ittihamçısı isə “cinayət işi üzrə lazım olan sənədlər məhkəməyə təqdim edilib və iş materiallarına əlavə olunub”, – deyərək vəsatətin təmin olunmamasını istəyib.
Məhkəmə vəsatəti təmin etməyib.
Məhkəmə təqsirləndirilən şəxsin Gürcüstan bankındakı pulla bağlı təqdim etdiyi sənədin işə əlavə olunmasını isə qəbul edib.
Növbəti vəsatətlə vəkil Hesablama Palatasına müraciət olunmasını və şirkətdə aparılan audit yoxlamasının nəticələrinin məhkəməyə göndərilməsini istəyib. Bu vəsatət də təmin edilməyib.
Növbəti məhkəmə iclası fevralın 3-nə təyin edilib.
İbtidai istintaq materiallarına görə, Çingiz Mehdiyev Formula 1 yarışları ərəfəsində marşallar üçün geyim, ləvazimat, yağçəkən parçalar və digər əşyaları sifariş verərkən malların qiymətini süni şəkildə artırıb. Həmçinin dövlət büdcəsindən ayrılmış pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb. Qiymət şişirtməsi nəticəsində əldə edilmiş pullar isə qəsdən mənimsənilib.
Başqa epizoda görə, Çingiz Mehdiyev ona etibar edilmiş külli miqdarda vəsaiti talamaq niyyəti ilə ofşor zonada – Seyşel adalarında anasının adına yaratdığı şirkəti Formula 1 yarışlarının keçirilməsi üçün ixtisaslaşmış təşkilat kimi təqdim edərək müqavilə bağlatdırıb.
İstintaq orqanı Çingiz Mehdiyevin ümumilikdə 397 min 852 manat dövlət vəsaitini mənimsədiyini iddia edir. Bundan əlavə o, əldə etdiyi pulların həqiqi mənbəyini gizlətmək məqsədilə külli miqdarda pul vəsaitlərini xarici banklara köçürərək leqallaşdırmaqda təqsirləndirilir. İstintaq dövründə Ç.Mehdiyevin mənimsədiyi məbləğin 100 min manatını dövlət büdcəsinə geri ödədiyi də qeyd olunur. İstintaq vaxtı Çingiz Mehdiyevin Bakıdakı əmlakları üzərinə həbs qoyulub. Həmin əmlakların ümumi dəyərinin 1 milyon manat civarında olduğu bildirilir.
Məhkəmədə ifadə verən Çingiz Mehdiyev bildirib ki, onu Bakı Şəhər Halqası Əməliyyat şirkətinə həmin vaxtlar şirkətin icraçı direktoru olmuş Arif Rəhimov (mərhum nazir Azad Rəhimovun oğlu – red.) götürüb. İbtidai istintaq zamanı müstəntiq onu da dindirib. O, Çingiz Mehdiyevin əməllərindən xəbərsiz olduğunu bildirib.