Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

DTX rəisinin biznes maraqlarını təmsil edən şəxs milyonluq tenderlər qazanır

DTX rəisinin biznes maraqlarını təmsil edən şəxs milyonluq tenderlər qazanır

Qida Təhlükəsizliyi Agentliyi və İnstitutu ilin ilk ayında “Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi xidmətinin satın alınması” adlı 2 tenderin nəticələrini elan edib. 

Dövlət satınalmalarının vahid internet portalına görə tenderin qalibi “Faktor Qrup-S-1” Qapalı Səhmdar Cəmiyyəti (VÖEN: 1604133621) olub.

Qalib şirkətlə Qida Təhlükəsizliyi Agentliyi arasında 1 milyon 238 min manat və Qida Təhlükəsizliyi İnstitutu arasında 155 min manatlıq məbləğində iki ayrı icarə üçün müqavilə imzalanıb.

Ümumilikdə son 2 il ərzində bir neçə fərqli dövlət qurumları bu şirkətlə 8 tender nəticəsində, 9 milyon manatlıq müqavilə imzalayıb.

QSC haqqında bildiklərimiz odur ki, Bakı şəhərində müxtəlif daşınmaz əmlaklara sahib olan şirkət qeyri-yaşayış sahələri və inzibati bina sahələrinin icarəyə verilməsi xidməti göstərir.

2020-ci ildə dövlət qeydiyyatına alınan şirkət 2 milyon 574 min nizamnamə kapitalına sahibdir. 

Şirkətin hazırki qanuni təmsilçisi isə Elvin Aydın oğlu Quliyevdir. 

Elvin Quliyev “Delta Lojistics” MMC və “LEV” MMC adlı iki şirkətin qanuni təmsilçisi və təsisçisidir. 

Bundan əlavə, şəxs haqqında başqa məlumat əldə edə bilmədik, çünki ictimaiyyətə açıq deyil. 

Şirkətin əsl sahibləri isə…

Lakin kommersiya qurumlarının dövlət reyestri məlumatlarında şirkətin tarixçəsinə nəzər yetirdikdə şirkətin ilk qanuni təmsilçisinin Hüseyn Yaşar oğlu Məmmədov olduğu görünür.

Hüseyn Məmmədov 1 fevral 2023-cü ildən etibarən “Naxçıvan Bank” ASC-nin yeni ən böyük (63,66%) səhmdarıdır. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov vəzifəsindən kənarlaşdırıldıqdan sonra ona və ailə biznesinə məxsus olanlar alınaraq, transformasiya olunub, yəni əl dəyişdirib.

“AbzasMedia” əməkdaşlarının “Naxçıvanın yeni sahibi – Əli Nağıyev” başlıqlı geniş araşdırmasında qeyd olunur ki, Hüseyn Məmmədov Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyevin biznes maraqlarının təmsilçisidir.

Faktlara əsasən o, Əli Nağıyevin övladlarının mülkiyyətində və nəzarətində olan bir neçə şirkətin idarəedicisi olub.

2023-cü ilin dekabr ayında Azərbaycanın yeganə regional bankı “Naxçıvan Bank” ASC-nin kredit portfelinin “Kapital Bank” ASC-yə ötürüldüyü haqda məlumat yayıldı. 

“Kapital Bank” ASC-nin hesabatlarında bankın “Paşa Holdinq” vasitəsilə Prezident İlham Əliyevin qızlarına məxsus olduğu açıq-aydın yazılıb.

Şəxsə aid digər şirkətlər nə qədər tender udub?

Hüseyn Məmmədova aid olan digər şirkət “Faktor Qrup-S” QSC (VÖEN: 1001139421) isə tikinti işləri ilə məşğuldur. 

Satınalma portalına istinadən digər şirkətlə ad bənzərliyi olan bu şirkət, sadəcə, 2019-cu ildə 15 milyon manatlıq 3 fərqli tenderin qalibi elan olunub.

Digər şirkət olan “Light City” QSC (VÖEN: 1604093691) “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin keçirdiyi “Zəngilan şəhəri ərazisinə kabel xəttinin çəkilməsi” adlı iki tenderin qalibi elan olunub.

Qalib şirkətlə  2022-ci ildə 4 milyon 854 min manat, 2023-cü ildə isə 6 milyon 199 min manat, ümumilikdə 11 milyon manat məbləğində iki ayrı müqavilə imzalanıb.

Bu şirkətlər Əli Nağıyev DTX sədri təyin olunandan sonra, yəni son 5 ildə 35 milyon vəsaitdən çox tender müqavilələrini qazanıblar. 

Əli Nağıyevin ailə biznesinin maraqlarını təmsil edən Hüseyn Məmmədov və qardaşı Fuad Məmmədlinin müxtəlif zamanlarda qanuni təmsilçi və təsisçisi olduğu bəzi şirkətlər isə bunlardır:

“CASPİAN AMERİCAN TELECOMMUNİCATİONS LLC” (CATEL) MMC (VÖEN:9900041551)
“AGROLUX-CN” MMC (VÖEN: 1503381061)
“AZAGROFRUITS” MMC (VÖEN: 4502387521)
“FDİ İNTERNATİONAL” QSC (VÖEN: 1000781711)
“KONNEKT” QSC (VÖEN: 1700405131)
“İNCİ ŞADLIQ SARAYI” MMC (VÖEN: 1501481911)
“PRANT-NT” MMC (VÖEN: 1900497111)
“AYNA LTD” MMC (VÖEN: 2001142791)
“LİGHT CİTY-S” QSC (VÖEN: 2007524621)
“FMS LTD” MMC (VÖEN: 2001142811)

Qanunvericiliyə görə, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində göstərilmişdir ki, dövlət qulluqçusu qulluq etdiyi dövrdə qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.

“Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 9-cu maddəsinin 9.3.3-cü maddəsində qeyd olunur ki, vəzifəli şəxsin bilavasitə, başqa və ya uydurma şəxslər vasitəsilə sahibkarlıq fəaliyyəti ilə məşğul olması korrupsiyaya şərait yaradan hüquqpozma sayılır.

Editor

Related Posts