Fevralın 18-də Səudiyyə Ərəbistanında Ukrayna böhranının həllinə həsr olunmuş Amerika və Rusiya nümayəndə heyətlərinin görüşü keçiriləcək.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə “Axios” portalı öz mənbələrinə istinadla məlumat yayıb.
Onun sözlərinə görə, ABŞ və Rusiyanın yüksək səviyyəli nümayəndələri iki ölkənin prezidentləri Donald Tramp və Vladimir Putin arasında danışıqlara hazırlıq məsələlərini də müzakirə edəcəklər.
Qeyd edək ki, bundan əvvəl ABŞ liderinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff fevralın 16-da axşam saatlarında ABŞ nümayəndə heyətinin tərkibində Rusiya ilə danışıqlar üçün Səudiyyə Ərəbistanına gedəcəyini və Ukrayna münaqişəsinin həllində ciddi irəliləyiş gözlədiyini bildirmişdi.
“Bloomberg agentliyi” isə öz növbəsində Səudiyyə Ərəbistanında keçiriləcək görüşdə Stiven Vitkoffla yanaşı Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Valsın da iştirak edəcəyini qeyd etmişdi.
Xatırladaq ki, fevralın 12-də ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir arasında telefon danışığı olub. Onlar Ukraynada döyüşlərin dayandırılması məsələsini müzakirə ediblər. Həmçinin, tərəflər təmasları davam etdirmək və şəxsi görüş təşkil etmək barədə razılığa gəliblər.