ABŞ Prezidenti Donald Trampın administrasiyası aprelin 20-dək Ukraynada atəşkəsə nail olmaq istəyir.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Bildirilib ki, Avropa rəsmiləri Ukraynaya müdafiə və dəstək xərclərini artırmağa çalışır. Bu planlar fevralın 23-də Almaniyada keçiriləcək parlament seçkilərindən sonra açıqlanacaq.
Bununla belə, Tramp administrasiyası bu il aprelin 20-nə təsadüf edən Pasxa bayramına qədər Ukraynada atəşkəs əldə etmək istədiyini açıq şəkildə bildirib.
Qeyd edilib ki, bəzi Avropa rəsmiləri ABŞ və Rusiya rəsmiləri ilə bu həftə Səudiyyə Ərəbistanında başlayacaq danışıqların tempinin iddialı, lakin potensial olaraq qeyri-real olduğunu deyirlər. Agentliyin mənbələrindən biri hesab edir ki, 2025-ci ilin sonuna qədər qərar qəbul etmək daha real görünür.