Təl-Əviv ətrafında yerləşən Bat Yam şəhərində avtobuslarda bir neçə partlayış və yanğın baş verib.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə İsrail polisinin mətbuat xidməti məlumat yayıb.
Mətbuat xidmətinin məlumatına görə, insidentlərdə heç kim xəsarət almayıb.
“Bat Yam şəhərində avtobuslarda bir neçə partlayış baş verməsi barədə məlumat daxil olub. Polis şübhəli şəxsləri və şübhəli əşyaları axtarır. Ölən və yaralananlar barədə məlumat yoxdur”, – deyə polisin mətbuat xidmətindən bildirilib.
“Ynet” portalının məlumatına görə, partlayışlarda terror aktı ehtimalı istisna edilmir.
İsraildə bütün avtobusların sürücülərinə hərəkəti dayandırmaq və avtobuslarda şübhəli əşyaların olub olmadığını yoxlamaq əmri verilib. Bundan əlavə, Bat Yamda tramvay xidməti tamamilə dayandırılıb.
Digər tərəfdən, oxşar partlayışlar Holon şəhərində də baş verib. Ümumilikdə avtobuslara 5 bomba yerləşdirilib. Bu barədə İsrail polisinin sözçüsü Arie Doron N12 telekanalına məlumat verib. Onun sözlərinə görə, beş bombadan üçü partladılıb. Daha ikisi polis tərəfindən aşkar edilərək zərərsizləşdirilib. Qurğulardan birində ibrani və ərəbcə mətnlə “Tülkərmin qisası” yazılmış qeyd əlavə edilib.
Digər tərəfdən, İsrailin Baş naziri Benyamin Netanyahu Təl-Əvivin ətrafında avtobuslarda baş verən partlayışlarla əlaqədar müdafiə naziri İsrael Kats, Baş Qərargah rəisi Herzi Halevi, Baş Təhlükəsizlik Xidmətinin rəhbəri və baş polis müfəttişinin iştirakı ilə təcili iclas keçirib.
Bu barədə İsrailin Nazirlər Kabinetinin rəhbərinin ofisi məlumat yayıb.
“Hökumət başçısı İsrail ordusuna Yəhudeya və Samariyada terror ocaqlarına qarşı genişmiqyaslı əməliyyat keçirməyi tapşırıb, həmçinin İsrail polisi və Şin Betə (İsrail Baş Təhlükəsizlik Xidmətidir – red.) gələcək hücumların qarşısını almaq üçün İsrail şəhərlərində qabaqlayıcı tədbirləri gücləndirməyi tapşırıb”, – Netanyahunun ofisi bildirib.
Həmçinin, HƏMAS İsraildə avtobus partlayışları ilə bağlı bəyanat yayaraq, bu partlayışlara görə məsuliyyəti öz üzərinə götürüb. Təşkilat bəyanatında bu hücumları “intiqam” adlandırıb.
“İşğalçı torpağımızda olduğu müddətdə şəhidlərin qisası qaçılmazdır. Bu, qələbə uğrunda mübarizədir”, – bəyanatda bildirilir.