İranın strateji məsələlər üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif istefa verib.
Birinci24 informasiya agentliyi xəbər verir ki, vitse-prezident bu barədə “X” sosial hesabında yazıb.
O, bildirib ki, ölkənin məhkəmə sisteminin rəhbəri Qulamhüseyn Möhseni-Ejeinin tövsiyəsindən sonra bu addımı atıb.
“Dünən çox hörmətli ədliyyə orqanının rəhbəri məni görüşə dəvət etdi. O, ölkədəki mövcud vəziyyəti qeyd edərək, hökumətə daha çox təzyiq göstərməmək üçün mənə universitetə [müəllimliyə] qayıtmağı tövsiyə etdi. Mən [Prezident Məsud] Pezeşkianı dəstəkləməkdən qürur duyuram və ona və xalqın bütün xidmətçilərinə ən yaxşısını arzulayıram. Son 6 ayda mənə qarşı təhqir, böhtan və təhdidlərlə üzləşmişəm, lakin ölkəmə xidmət etməkdə israrlıyam” , – M.Zərif bildirib.
Keçmiş xarici işlər naziri Zərifin islahatçı Prezident Məsud Pezeşkian hökumətinə təyinatı aylardır gərginlik mənbəyi idi. Tənqidçiləri iddia ediblər ki, Zərifin ABŞ-də doğulmuş oğulları İran və ABŞ vətəndaşlığına malikdir, buna görə də Zərif hökumətdə belə yüksək vəzifə tuta bilməz.
İrandakı sərt xətt tərəfdarları həmçinin Zərifin həddən artıq çox xarici əlaqələrə sahib olduğunu iddia edir və ona qarşı şübhə ilə yanaşırlar.
Zərif 2024-cü ilin avqustunda, vəzifəyə gəldikdən cəmi iki həftə sonra da istefa verməyə cəhd etmişdi. O, bu qərarını Prezident Pezeşkianla olan fikir ayrılıqları ilə izah etmişdi.
Həmin vaxt Prezident onun ərizəsini qəbul etməmişdi və onu qalmağa razı salmışdı.