Suriya təhlükəsizlik qüvvələri ilə Bəşər Əsədə bağlı silahlılar arasında toqquşmalar baş verib.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə AFP Böyük Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupuna istinadən məlumat yayıb.
Bildirilib ki, döyüşlər zamanı 70-dən çox insan ölüb, onlarla insan yaralanıb və əsir götürülüb.
“Əməliyyat zamanı təhlükəsizlik qüvvələri Əsədin ailəsinə bağlı Hərbi Hava Qüvvələri Kəşfiyyat İdarəsinin keçmiş rəhbərini həbs edib”, – deyə məlumatda əks olunub.
Suriyanın dövlət xəbər agentliyi SANA-nın məlumatına görə, Əsədin silahlı qruplaşmalarına bağlı birləşmələr Latakiyadakı Beyt-Ana yaxınlığında Müdafiə Nazirliyinin əməkdaşları və maşınlarını hədəf alıb. Nəticədə bir əsgər ölüb, yaralananlar var. Bundan başqa, Suriya ordusu Bəşər Əsədi dəstəkləyən silahlı birləşmələrlə mübarizə aparmaq üçün Latakiya və Tartus şəhərlərinə daxil olub.
Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi isə sözügedən hücumu pislədiyini bildirib.
Qeyd edək ki, Əsəd rejiminin devrilməsindən sonra hərbi hakimiyyət keçmiş rejimə sadiq olanların silahlarını təhvil vermələri üçün barışıq mərkəzləri açıb. Lakin bəzi fraksiyalar buna əməl etməkdən imtina edib. Nəticədə bir çox əyalətdə qarşıdurmalar yaranıb.
Xatırladaq ki, Bəşər Əsəd ötən ilin dekabrın 8-də Rusiyaya qaçıb, nəticədə 1963-cü ildən hakimiyyətdə olan Baas Partiyasının rejiminə son qoyulub. Əsədi devirmək üçün anti-rejim qüvvələrinə rəhbərlik edən Əhməd əl-Şaraa yanvarın 29-da keçid dövrü üçün prezident elan edilib.