Tbilisidə gündəlik etiraz aksiyalarının təşkilatçıları davamlı etirazların 100-cü günü münasibəti ilə martın 7-də bir neçə yürüş keçirib.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə TASS-ın müxbiri məlumat yayıb.
Bunların ən böyüyü Tbilisi Dövlət Universitetinin binasından təxminən iki kilometr aralıda yerləşən parlament binasına qədər baş tutub. Polis onların hərəkətinə mane olmayıb.
Həmçinin, ölkənin bir neçə şəhərində, o cümlədən Batumi, Zuqdidi, Kutaisi və Qoridə eyni vaxtda etiraz aksiyaları keçirilib. Tbilisidə etirazçıların tələbləri dəyişməz olaraq qalır – yeni parlament seçkilərinin keçirilməsi və aksiyalar zamanı saxlanılan vətəndaşların azadlığa buraxılması.
Xatırladaq ki, ötən il noyabrın 28-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze hakimiyyət orqanlarının Avropa İttifaqına üzvlüklə bağlı danışıqların başlaması prosesini dayandırdığını bəyan edib. O, bunu Gürcüstanın Avropaya inteqrasiyası mövzusunun bəzi avropalı siyasətçilər üçün şantaj mövzusuna çevrilməsi ilə izah edib. Gürcüstan hakimiyyətinin qərarı kütləvi etirazlara səbəb olub. İlk iki həftə ən gərgin olub, təhlükəsizlik qüvvələri etirazçıları dağıtmaq üçün xüsusi vasitələrdən istifadə edib. Daha sonra etirazlar dinc xarakter daşıyıb. Onlar hər gün Gürcüstan parlamentinin yaxınlığında keçirilir.