İsrail, ABŞ və Azərbaycan arasında üçtərəfli strateji müttəfiqlik yaratmaq üçün danışıqlar aparılır.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu bəyanatı dünən İsrail parlamentində (Knesset) baş nazir Benyamin Netanyahunun adından onun kabinet üzvü və milli missiyalar naziri Orit Ştrak verib.
Məlumata görə, Knessetdə “İsrail və Azərbaycan arasında strateji müttəfiqliyin möhkəmləndirilməsi” mövzusunda müzakirələr zamanı deputat Simon Moşiaşvili hökumətin Bakı ilə əlaqələrin daha da inkişaf etdirilməsi üçün hansı addımlar atdığını soruşub.
Parlament müzakirələrinin təşəbbüskarı olan Moşiaşvilinin sözlərinə görə, Azərbaycan uzun müddətdir ki, İsrailin regional təhlükəsizlik arxitekturasının mühüm elementi olmasına baxmayaraq, o, Amerika sanksiyalarından əziyyət çəkməkdə davam edir.
İsrailli deputat Azərbaycanda yəhudi icmasının unikal statusunu da vurğulayaraq, onu nümunəvi, fəal, firavan və xüsusilə birləşmiş və dünyada yeganə müsəlman ölkəsində tam dövlət dəstəyi ilə mövcud olan icma adlandırıb: “Bu, yeganə müsəlman ölkəsidir ki, İsrail Dövlətinin tanınması təkcə hakim elita ilə məhdudlaşmır, həm də geniş əhali arasında dərin kök salıb”.
Baş nazir Benyamin Netanyahunun adından deputatın çıxışını cavablandıran nazir Orit Ştrak deyib: “Azərbaycan İsrailin Qafqazda mühüm strateji müttəfiqidir və bizim əlaqələrimiz təhlükəsizlik, ticarət, enerji və texnologiya sahələrində əməkdaşlığı əhatə edir”.
O, İsrail və Azərbaycan arasındakı münasibətlərin qarşılıqlı maraqlara və çoxillik dostluğa əsaslanan unikal tərəfdaşlıq üzərində qurulduğunu izah edib.
Nazirin sözlərinə görə, İsrail Azərbaycan və ABŞ ilə əməkdaşlığı gücləndirməkdə davam edəcək və onu pozmağa yönəlmiş istənilən cəhdə qəti şəkildə qarşı çıxacaq.
Ştrak onu da qeyd edib ki, ölkələr arasında dialoq qarşılıqlı səfərlərdə, o cümlədən İsrail prezidentinin Azərbaycana səfəri və Azərbaycanın milli təhlükəsizlik müşavirinin İsrailə səfərində özünü göstərir: “”Bu münasibətlər İsrailin regionda müttəfiqlikləri gücləndirməyə və digər müsəlman ölkələri ilə körpülər qurmağa yönəlmiş daha geniş regional siyasətinə uyğundur”.
Öz növbəsində, İsrailin Baş Nazirinin Ofisi bəyan edib ki, ölkə İsrail, Azərbaycan və ABŞ arasında güclü üçtərəfli tərəfdaşlıq qurmaq üçün davamlı danışıqlar aparır. Bu danışıqlar həm də Azərbaycana qarşı tətbiq edilən sanksiyaların ləğvinə aiddir.