Bu gün 8 mart – Beynəlxalq Qadınlar Günüdür

Bu gün 8 mart – Beynəlxalq Qadınlar Günüdür

Beynəlxalq İşçi Qadınlar Günü olaraq tanınan 8 mart tarixi qadınların iqtisadi, ictimai və siyasi mübarizəsini, habelə ümumi olaraq qadınlara qarşı nəzakət, sevgi və məhəbbət tərənnümünü ənənəvi hala gətirmiş bayramdır.

Birinci24 informasiya agentliyi xəbər verir ki, 8 mart postsovet respublikalarında, habelə Anqola, Burkina-Faso, Qvineya-Bisau, Kamboca, Çin, Konqo, Laos, Makedoniya Respublikası, Monqolustan, Nepal, Şimali Koreya və Uqandada qeyri-iş günü sayılır. BMT də 8 martı Beynəlxalq Qadınlar Günü kimi tanıyıb.

Bu gün Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların Kopenhagendə keçirilən II beynəlxalq konfransında təsis olunub.

Mahiyyət etibarilə bu gün qadınların ictimai-siyasi, iqtisadi bərabərlik, öz hüquqları uğrunda mübarizədə həmrəylik günü kimi yaradılıb. Dünyanın bir çox ölkəsində 8 Mart məhz çalışan, əməkçi qadınların günü kimi qeyd olunur.

İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada, 1913-cü ildə isə Rusiyada bu gün qeyd edilməyə başlanılıb. 1975-ci ildə BMT tərəfindən 8 Mart Beynəlxalq Qadınlar Günü kimi elan edilib.

Qadınlar bayramı Azərbaycanda da geniş qeyd edilir. Azərbaycanda bu bayram 1917-ci ildən mütəmadi qeyd edilməyə başlanılıb.

1965-ci ildən keçmiş SSRİ-də 8 Mart – Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub.

1995-ci ildən ölkəmiz qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub.

1998-ci ildə Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tamhüquqlu üzvüdür.

Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 Mart – Beynəlxalq Qadınlar Günü ölkədə qeyri-iş günüdür.

Editor

Related Posts