Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri yol hərəkətinin təşkili mövzusunda təcrübə keçirlər

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində Naxçıvan Dövlət Texniki Kollecinin “Yol hərəkətinin təşkili” ixtisası üzrə tələbələri üçün təcrübə məşğələləri və maarifləndirici görüşlər keçirilib.

Görüşdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin şöbə rəisi, mayor Rahin Əmirov bildirib ki, Ali Məclis Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” imzaladığı Sərəncam elmin nəzəriyyə və təcrübə ilə inteqrasiyasına, təhsilə fərqli yanaşma mexanizminin formalaşmasına və ən əsası dövlət kadr siyasətinin inkişafına hesablanıb.

Qeyd olunub ki, ötən dövrdə sərəncamın icrası istiqamətində Dövlət Yol Polisi İdarəsinin təcrübəli əməkdaşları cəlb olunmaqla tələbələrlə bir neçə dəfə görüş keçirilib. Həmin görüşlər zamanı Dövlət Yol Polisinin ümumi fəaliyyəti, təyinatı, strukturu və maddi-texniki bazası barədə tələblərə məlumat verilib, yol hərəkətinin təşkili, prospekt və küçələrdə, yollarda təhlükəsiz hərəkət qaydaları, eləcə də yol hərəkəti iştirakçılarının hüquq və vəzifələri izah edilib.

Görüşdə 2022-ci il fevralın 7-də Naxçıvan Muxtar respublikası daxili işlər orqanlarının fəaliyyəti və qarşıda duran vəzifələr barədə keçirilən müşavirədə qarşıya qoyulan tapşırıqlar diqqətə çatdırılıb. Vurğulanıb ki, tapşırığa uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən dəvət olunmuş yüksək təcrübəli əməkdaşlar tərəfindən keçiriləcək seminar-məşğələlər yol-patrul xidməti inspektorları ilə yanaşı, tələbələrin də ixtisas bacarıqlarının artırılmasına öz töhfəsini verəcəkdir.

Naxçıvan Dövlət Texniki Kollecinin direktor müavini Tural Məmmədov tədbirin təşkilinə görə minnətdarlığını bildirib, belə görüşlərin tələbələrin bilik və bacarıqlarının artırılmasına müsbət təsir göstərdiyini qeyd edib.

Tədbirdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-patrul xidməti şöbəsinin rəisi, polis polkovniki Sadin Əsgərov “Yol-patrul xidmətinin təşkili və aparılması qaydaları”, həmin idarənin Yol-patrul xidməti şöbəsinin baş dövlət avtomobil müfəttişi, polis polkovnik-leytenantı Ceyhun Əliyev “Yol-patrul xidməti inspektorunun vəzifələri və hərəkətləri” mövzusunda iştirakçılara geniş məlumat veriblər.

admin

Related Posts