Polisin martın 18-də Yasamal rayonu ərazisində küçə ticarəti ilə məşğul olan bir qrup qaziyə qarşı zorakılıq tətbiq etdiyi bildirilir.
“Gənc Qazilər” İctimai Birliyinin sədri Hacı Vəliyev deyib ki, Yasamal Rayon Polis İdarəsinin rəis müavini polkovnik Anar Məmmədovun göstərişi ilə qazilərin Abbas Mirzə Şərifzadə 156 ünvanında yerləşən satış yerləri dağıdılıb, özləri isə polis bölməsinə aparılıb.
“Bugünlərdə təxminən 15 nəfər qazi iki metr uzunluğu, bir metr enində yer işlətməyə başlamışdılar. Anar Məmmədovun tapşırığı ilə dünən onların satış yerləri dağıdıldı. “Gənc Qazilər” İctimai Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, Nəriman İsmayılı da 29-cu polis bölməsinə apardılar. Sonra onların hamısını sərbəst buraxdılar”, – Hacı Vəliyev bildirib.

Azərbaycanda 2014-cü ildən küçə ticarəti qadağandır.
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları” müəyyən məhdudiyyətlər qoymaqla yanaşı, küçə ticarətinin aparılmasını istisna etmir.
Həmin qaydalara əsasən, səyyar formada və ya daimi ticarət yerindən kənarda – evdə, iş, təhsil yerində, nəqliyyatda, küçə və s. yerlərdə dondurma, alkoqolsuz içkilər, istehsalçı tərəfindən qablaşdırılmış çörək-bulka və qənnadı məmulatları istisna olmaqla, ərzaq mallarının, dərman vasitələrinin, qiymətli metal və daşların, onlardan hazırlanan məmulatların, silah-sursatın, audiovizual əsər və fonoqramların, elektron hesablama maşınları üçün proqramların satılmasına yol verilmir.
Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinə əsasən, qanunsuz küçə ticarəti, yəni Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə 80 manat məbləğində cərimə edilir.
Vergi qanunvericiliyinin pozulması hallarına gəldikdə isə, küçə ticarəti ilə məşğul olan şəxsə sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanında vergi uçotuna alınmadığı halda 40 manat məbləğində, əhali ilə nağd pul hesablaşmalarını nəzarət kassa aparatı və ya ciddi hesabat blankları tətbiq etmədən apardığı halda təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 400 manat məbləğində, ikinci dəfə yol verildikdə 800 manat məbləğində, üç və daha çox dəfə yol verildikdə 1200 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Hacı Vəliyev deyir ki, Bakının bəzi metrostansiyalarında hələ də küçə satışı mövcuddur.
“Yasamalda, “İnşaatçılar” metrosu yaxınlığında da küçə ticarəti davam edirdi. Bir neçə qazi həmin ərazidə küçə ticarəti ilə məşğul olub ailəsinə çörəkpulu aparırdı. Sağ olsun, buna Yasamal Rayon Polis İdarəsinin əvvəlki rəisi Cəmil Əmirov icazə vermişdi. 2024-cü ildə COP29 ərəfəsində qazilərin həmin satış məntəqələrini dağıtdılar. Dedilər ki, COP29-dan sonra bərpa ediləcək. Tədbir bitəndən sonra qazilər dəfələrlə müraciət etsələr də, onlara yer vermədilər. Əhalinin sıx olan yerlərində bizdən başqa da küçə ticarəti ilə məşğul olan onlarla mülki insan var. Şəhərin bir neçə metrosu istisna olmaqla digər metrolarda- insanların sıx olan yerlərində polisin icazəsi ilə, aylıq ödəniş qarşılığında küçə ticarətinə icazə verilir”.

“İki il idi ki, qazilər heç bir ödəniş etmədən yer işlədirdilər. Nemət Babayev (Yasamal Rayon Polis İdarəsinin rəisi) və müavini Anar Məmmədov bu idarəyə gələndən sonra burada özbaşınalıq başladı. Bu tapşırığı da onlar veriblər. Bizə üçüncü-dördüncü adamlar vasitəsilə deyirlər ki, gündəlik işlədilən yerdən 30-60 manat arasında gündəlik pul versinlər. Qazilər də buna razı deyillər”, – Hacı Vəliyev deyir.
O bildirir ki, məsələ ilə əlaqədar Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində də olublar:
“Mərkəzdə polisdən şikayətə gəldiyimizi biləndə bizi zorla 17-ci polis bölməsinə aparıblar. Yarım saat orada dindiriləndən sonra sərbəst buraxıblar. Daxili İşlər Nazirliyi, Bakı şəhər Baş Polis İdarəsi və Yasamal Rayon Polis İdarəsi bizi qəbul edib, şikayətimizi dinlədi. Şərifzadə və digər küçələrdə küçə ticarəti tüğyan edir. Lakin nədənsə qazilərə icazə vermirsiniz. Yuxarıdan tapşırıq verilib ki, ölkədə qaziləri “gözümçıxdıya salsınlar”. Təəssüflər olsun ki, qazilər bilərəkdən dilənçi vəziyyətinə salınır. Qazinin əlilliyini kəsirsən, dilənçi vəziyyətinə qoyursan, səksən manat müavinətə möhtac edirsən. Qazilərə, döyüşçülərə, veteranlara verdikləri elə dilənçi puludur. Qaziləri bu vəziyyətdə saxlayırsınız, küçələrdə qoyursunuz. Bəs qazi necə yaşasın, haradan qazansın? Sən ayda on min manat maaş alırsan, üstəlik, rüşvət, korrupsiya ilə məşğulsan. Oturmusan rahat kreslonda qazinin problemini aradan qaldırmırsan. Polisin bu zorakılığına hüquqi müstəvidə cavab verməsini tələb edəcəyik”.
Daxili İşlər Nazirliyi məsələ ilə əlaqədar sorğunu cavablandırmayıb.