Cümhuriyyət Xalq Partiyası (CHP) partiyanın prezidentliyə namizədinin hazırda həbsdə olan Əkrəm İmamoğlu olduğunu açıqlayıb.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə partiya rəsmi bəyanat yayıb.
Bildirilib ki, martın 23-də Əkrəm İmamoğluna dəstək, həmrəylik və namizədin müəyyənləşdirilməsi üçün baş tutan partiyadaxili seçkidə ümumilikdə 14 milyon 850 mindən çox insan iştirak edib.
Qeyd olunub ki, onların 1 milyon 653 min nəfəri partiyanın üzvü olub.
Türkiyədə növbəti prezident seçkiləri 2028-ci ildə keçiriləcək. Bununla belə, müxalifət növbədənkənar seçkilərin keçirilməsini istəyir.
Xatırladaq ki, martın 18-də İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun diplomu ləğv olunub. Bir gün sonra isə o saxlanılıb. Ötən gün – martın 23-də məhkəmə korrupsiya ittihamını əsas gətirərək İmamoğlu barəsində həbs qətimkan tədbiri seçib. Daha sonra o, İstanbulun bələdiyyə sədrliyindən uzaqlaşdırılıb.
Qeyd edək ki, martın 19-dan etibarən Türkiyənin əksər vilayətlərində, xüsusilə İstanbulda gemişmiqyaslı etiraz aksiyaları keçirilir.